Respublikamızda çox sayda uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Musiqi məktəblərində təhsil alan uşaqların əksəriyyəti üçün bu incəsənətlə təmas vasitəsi, başqa sözlə desək, musiqi ilə tanışlıqdır. Eyni zamanda musiqi sahəsində ilkin addımlar sonradan professional sənətin bünövrəsinə də çevrilə bilir. Uşağın musiqi zövqünün formalaşmasında, yetişməsində sənətə vəsiqə verən musiqi müəllimlərinin üzərinə ciddi məsuliyyət düşür.Çünki uşağın sonradan musiqini özünə peşə seçməsi və professional musiqiçi kimi yetişməsi məhz ilk musiqi müəllimindən, geniş mənada isə musiqi məktəbinin təhsil səviyyəsinin kompleks şəklində məqsədyönlü xarakter daşımasından çox asılıdır.
   
   Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbləri arasında bu gün 6 saylı uşaq incəsənət məktəbi kimi tanınan bir tədris ocağı var. 1962-ci ildə Bakının Biləcəri qəsəbəsində yaranan bu məktəb uzun illər 18 saylı MM kimi fəaliyyət göstərmişdir. Azərbaycan dəmiryolçularının "qərargahı" sayılan Biləcəri qəsəbəsi bir zamanlar yaşıllığa qərq olan küçələri ilə, geniş, gözəl parkı ilə, möhtəşəm mədəniyyət sarayı, rəqs meydanları, idman kompleksləri ilə məşhur idi. Musiqi məktəbinin yaranması da qəsəbənin mədəni həyatında əlamətdar hadisə olmaqla bərabər, məntiqi bir zərurət idi. Elə məqsədyönlü fəaliyyətin nəticəsində əsl musiqi ocağına çevrilən məktəb indi incəsənət məktəbi statusunu fəxrlə daşıyır. Bugünlərdə isə məhz bu incəsənət məktəbinin şagirdləri musiqi məktəbləri tarixində xüsusi olaraq xarakterizə edilən hadisəyə ilkin imza atdılar.Vokal şöbəsinin beş şagirdi açıq hesabat konserti ilə Kamera və Orqan Musiqisi Zalında tamaşaçıların qarşısına çıxdılar. Konserti xalq artisti Teymur Göyçayevin bədii rəhbər və dirijor olduğu Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edirdi. Məhz gənc vokalçıların ifasında səslənən Niyazinin, Q.Qarayevin, C.Cahangirovun, Kapuanın, Dentisin və digər bəstəkarların əsərləri kifayət qədər hazırlıqlı auditoriyanın alqışlarına səbəb oldu. Konsert bitdikdən sonra isə vokalımızın beş yeni imzasına çevriləcək ifaçılarla tanışlıq məqsədilə söhbət etdik. Vokal müəllimələri Solmaz Qasımovanın iştirakı ilə söhbətimizin məqsədi həm də onları sizlərə tanıtdırmaqdır.
   Ülviyyə Yanborisovna 11-ci sinif şagirdidir. Əvvəllər fortopiano sinfində təhsil alıb. Onun səs imkanları, vokal musiqisinə həvəsi diqqəti cəlb edib. İndi iki ildir ki, Ülviyyə vokal sinfində təhsil alır. Musiqiyə həvəsinin yaranmasında kanon ifaçısı olan anasının da rolunun olduğunu söyləyir. Məktəbin bütün konsert və tədbirlərində uğurla çıxış edib. Hələlik vokal üzrə kumiri olacaq kumirin müəyyənləşdirilməsə də ən böyük arzusu və xəyalı M.Kabbalye ilə duet oxumaqdır. Niyazinin, Tofiq Quliyevin əsərlərini, klassik italyan əsərlərini ifa etməyi xoşlayır. İncəsənət məktəbində mənimsədiyi təhsilini Bakı Musiqi Akademiyasında davam etdirmək fikrindədir. Müəlliməsi Solmaz xanım da cəmi iki ildir ki, vokal ifaçılığını seçmiş Ülviyyənin vokal üçün bu qısa müddətdə kifayət qədər uğur əldə etdiyini söyləyir.
   “Çox çalışqan şagirddir. Gələcəyinə ümidlə baxıram. İfa üçün əsərlərin seçimini səsinə görə müəyyənləşdirirəm. Məsləhətlərimizə əməl edir. Ümumiyyətlə, çalışıram ki, şagirdlərim indiki zövqsüz musiqi təbliğatının təsiri altına düşməsinlər. Ülviyyə ciddi sənətin arxasınca getmək istəyir. Amma mən də bütün müəllimlər kimi, şagirdlərimdən yüz faiz razı olduğumu söyləmirəm. Ülviyyə də istisna deyil. O, istedadının tam açılması üçün hələ çox zəhmət çəkməlidir».
   Hesabat konsertində səsi və səhnə mədəniyyəti ilə dinləyicilərin xüsusi alqışlarına layiq görülən Eldar Tahirovun cəmi 10 yaşı var və 4 ildir ki, vokal sinfində təhsil alır. Özü demişkən, ifaçılığa həvəsinin dalınca düşüb incəsənət məktəbinin vokal sinfinə daxil olub. Fidan Hacıyevanın, Pavorottinin ifalarına qulaq asmağı xoşlayır. Deyir, onlar oxuyanda elə bilirəm mən də səhnədəyəm, onlarla birgə ifa edirəm. İtalyan vokal sənətinin vurğunu olduğundan bu ölkəni görməyi arzulayır. Elə ailələrində də Eldarın musiqi dünyasına həssaslıqla yanaşırlar. Operalara baxmaqda, müxtəlif ciddi əsərlərdən ibarət disklərin alınmasında ona yardımçı olurlar. Müəlliməsi isə onun səsinin özünəməxsus olduğunu bildirir.
   “Məsləhət görürəm ki, qulaq asıb sevdiyi ifaçıların təkrarçısına çevrilməsin, sözsüz ki, istedadlıdır, amma onun yaşla bağlı keçməli olduğu mərhələlər var”.
   Eldar, ümumiyyətlə, ara musiqilərini sevmir. Klassik musiqimizə maraq göstərməklə yanaşı, milli musiqilərimizin vurğunudur. Deyir ki, olduğu toyların birində müğənninin şit mahnıları hamını bezdirdiyindən özü oxumalı olub. O mahnıları ki, toylarımızda heç səslənmir və ifası istedad tələb edir. “Kəndimiz”, “Bakı”, “Çırpınırdı Qara dəniz” və sairə...
   Müəlliməsi Solmaz xanım onun daha bir istedad göstəricisindən söhbət açır. Eldar həm də plastilindən gözəl heykəlciklər düzəldir. Bir sözlə, müəlliməsi Eldarın istedadının parlaq olduğunu bildirir. Qalır bu istedadın öz yerini tutması.
   Nigar Mürşüdova isə 8-ci sinif şagirdidir, müəlliməsi Solmaz xanım onun fərdi keyfiyyətlərə malik olduğunu xüsusilə vurğulayır. Elə Nigar özü də vokal kimi ciddi sənətin davamçısı olmaqda qərarlıdır. Əvvəlcə, anasının istəyi ilə fortepiano şöbəsində təhsil alan Nigar sonralar vokala həvəs göstərib. Ü.Hacıbəyovun, E.Mansurovun əsərlərini, Ş.Ələkbərovanın ifasını dinləməyi xoşlayır. Onun arzuları da böyükdür, geniş dinləyiciləri olan auditoriyaların səhnəsində çıxış etməyi çox istəyir. Bunun üçünsə, Solmaz müəllimə demiş, o, hər bir zəhmətə qatlaşmağa hazırdır.
   İranə Hüseynova əvvəlcə incəsənət məktəbinin hazırlıq kursuna gedib. Sonra isə müəllimlərinin məsləhəti ilə vokal sinfini seçib. Deyəsən, nə müəllimlər, nə də İranə özü yanılmayıb. Ən azı ona görə ki, vokal müəlliməsi Solmaz xanım onun sabit xarakterindən və səbirlə musiqinin sirlərini öyrənməyindən ağızdolusu bəhs edir. Fidan Hacıyevanın ifasını dinləməkdən zövq alan İranə indi 9-cu sinifdə təhsil alır. Sabah isə onu bu məktəbdə əxz etdiyi bilikləri reallaşdıracağı səhnə həyatı gözləyir.
   Filarmoniyanın səhnəsindən başlamış bir çox ciddi məkanlarda çıxış etmiş Nurlanə Abdullazadə isə bildirir ki, çıxışdan əvvəl nə qədər həyəcan keçirsə, səhnəyə çıxan kimi hər şey qaydasına düşür. Səhnədə O və Musiqi qalır. R.Behbudovun, Ş.Ələkbərovanın ifalarını xoşlayan Nurlanə əsasən xalq mahnılarımızın vokal ifaçısıdır. Oxuduğu orta məkəbdə ifaçı sənətini seçməsinə, özü demiş, bir az ironiya ilə yanaşırlar. Hər kəs elə bilir ki, o da gözümüzü və qulağımızı yağır etmiş müğənnilər kimi ara mahnılarının ifaçısı olacaq. Bunun belə olmayacağını isə sözsüz ki, onun seçəcəyi musiqi taleyi sübut edəcək. Elə müəllimələri Solmaz xanım da onların gələcəyinə inanır. Biz də bu inama qoşularaq, vokal sənətimizə beş yeni imzanın uğurlu yol almasını, 6 saylı Uşaq İncəsənət Məktəbinə isə yeni istedadlar üzə çıxarmaqda yorulmazlıq arzulayırıq.
   
   S.Yavəroğlu