Dünən “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Televiziyasının solisti, vokalçı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının gənc və istedadlı aktyorlarından olan Ramil Qasımovun “Hərbi vətənpərvərlik” mahnılarından ibarət diskin təqdimat mərasimi keçirildi. Mərasimdə çıxış edənlər - Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, xalq artistləri Yaşar Nuri, Afaq Bəşirqızı, İlham Namiq Kamal, muğənni Teymur Əmrah və başqaları Ramil Qasımov barədə təəssüratlarını dilə gətirdilər.
Təqdim olunan diskdə “Canım Bakı”, ”Hər Vətən! deyəndə mən”, “Azərbaycan - yurdumuz”, “Sərhədçi”, “Çevik polis alayı”, “Oğlun əsgər gedir” və başqa mahnılar toplanıb. Qeyd edək ki, tamaşaçılar Ramil Qasımovu Ü.Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasından Sərvər və S.Ələsgərov, Ş.Qurbanovun “Milyonçunun dilənçi oğlu” tamaşasından Yetim rolları ilə tanıyırlar.
Ramil Qasımov 2001-ci ildə “Qeyrət vaxtıdır” mahnısına görə ilin vətənpərvər ifaçısı seçilib.