Lütfiyar İmanovun 80 illik yubileyinə onun sənətinin vurğunları toplaşmışdı
   
   Böyük istedadı, yüksək səhnə mədəniyyəti, tenor səsi ilə seçilən tələbkar insan idi Lütfiyar İmanov. Onu tanıyanlar, sevənlər belə deyirlər. Hər bir konserti, oynadığı rolları və ən nəhayət sənətinə olan sevgisi ilə qazanmışdı bu istəyi...
   
   Aktyor, yoxsa rəssam?
   
    Lap kiçik yaşlarından incəsənət vurğunu idi. Xalq yaradıcılığını həvəslə öyrənirdi. Sabirabadda mədəniyyət evində hazırlanan tamaşalarda iştirak edən qardaşına qoşularaq səhnə əsərlərini heyranlıqla izləyirdi. Təsadüf elə gətirir ki, bir gün ona maraqlı bir rol həvalə edilir və qardaşının tapşırığı ilə səhnəyə çıxıb sözlərini deyir. Hələ 6-7 yaşında olarkən qazandığı uğur onu parlaq bir gələcəyə aparan yolun təməlini qoyur...
   Onun bir məşğuliyyəti də var idi. Evlərindəki köhnə qrammofonda Bülbülün ifasında Koroğlunun aşıq mahnısını və Üzeyir Hacıbəyovun "Sənsiz" romansını dönə-dönə dinləyərdi. Böyük arzularla yaşayan balaca Lütfiyar özfəaliyyət dərnəyindən başlayaraq böyü səhnəyə qədər uzun bir yol keçməli olur.
   Müharibə illəri idi. L.İmanov özfəaliyyət dərnəyinə gedirdi. Bir gün məşq edərkən içəri daxil olan qonaqlardan biri onun ifasını dinlədikdən sonra Lütfiyarın səsini bəyənir. Onun gələcəkdə böyük uğurlar qazanacağını söyləyir. Bu qonaqlar Sabirabada gəlmiş aktyor truppasının rəhbərləri Ələsgər Ələkbərov və Mustafa Mərdanov idi.
   1943-cü ildə Sabirabadda Dövlət Dram Teatrı yarananda Lütfiyarı həmin teatra suflyor götürürlər. Tamaşalar zamanı xorda oxumaqla bərabər, kiçik rollar da oynayırdı. Sənətə olan sevgisi onu böyük səhnələrə səsləyirdi. O, gələcəkdə nə baş verəcəyindən asılı olmayaraq inam və inadla tutduğu yolda addımlayırdı. Qısa zaman kəsiyində gələcəyin böyük sənətkarı mədəniyyət evinə bədii rəhbər təyin edilir. Lütfiyar orda məktəblilərdən ibarət yaratdığı dram dərnəyinə 9-10-cu sinif şagirdlərini cəlb edib tamaşalar hazırlayırdı. O, tamaşaların rejissorluğunu etməklə yanaşı, rəssam kimi tərtibatını da verirdi. Eləcə də baş rolları özü oynayırdı.
   Hərbi xidmətdən qayıdandan sonra işini davam etdirən sənətkar Bakıda keçirilən bədii özfəaliyyət dərnəklərinin baxış-müsabiqəsində iştirak edir. Münsiflər heyətinin sədri bəstəkar Cahangir Cahangirov ona Bakıda qalıb təhsil almağı məsləhət görür. Səhəri gün gənc Lütfiyarı Konservatoriyaya oxumağa göndərmək üçün nazirliyə çağırırlar. O, mükəmməl təhsil almaq üçün əvvəlcə yolunu texnikumdan salmaq qərarına gəlir. Texnikumun direktoru Süleyman Ələsgərov onun səsinə qulaq asır. Lütfiyar texnikuma qəbul olunur. Təhsilini davam etdirməklə yanaşı, məktəbin rəssamlıq işlərini də ona tapşırırlar. Ancaq səsi aktyorluq və rəssamlıq qabiliyyətinə üstün gəlir. Bu səs ona uğurlu gələcək vəd edirdi...
   
   Operada 30-dan çox baş rolun ifaçısı olub
   
   1943-cü il onun həyatından qırmızı bir xətt kimi keçib. Həmin il Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "Beş manatlıq gəlin" tamaşasında ilk rolunu oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradan ifaçı 1957-ci ildə Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1959-cu ildə Moskvada tamaşaya qoyulan «Koroğlu» operasında Koroğlunu oynayır ki, bu da ona əlçatmaz bir şöhrət gətirir. 1968-ci ildə İncəsənət Universitetini bitirən sənətkar operada 30-dan çox baş rolu ifa edib. 1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində - La-Skala teatrında təcrübə keçən ifaçı 1991-95-ci illərdə İstanbul və İzmir şəhərlərində opera teatrlarında vokal dərsləri verib. Bununla yanaşı, opera ifaçısı Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, İtaliyada Vivaldinin xatirəsinə həsr edilmiş konsertdə, Almaniyada "Milleniumum mahnısı" festivalında çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və sairə klassik opera əsərlərində rollar oynasa da, onun yaradıcılığında "Koroğlu" operası xüsusi yer tutur.
   Lütfiyar İmanovun adı opera səhnəmizdə aparıcı partiyaların ifaçısı kimi musiqi salnaməmizə həmişəlik həkk olunub.
   Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən sənətkar musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilib. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verirdi. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnirdi. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən Lütfiyar İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L.İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.
   
   Kərəm obrazını Türkiyə səhnəsində ilk dəfə L.İmanov ifa edib
   
   1990-cı ilin aprel ayında İstanbul Opera və Balet Teatrı Lütfiyar İmanovu Çaykovskinin "Qaratoxmaq qadın" operasında German rolunu oynamağa dəvət edir. O, bu dəvətə qədər dəfələrlə Türkiyədə yaradıcılıq görüşlərində olmuşdu. Mayın 3-də keçirilən solo konsertindən sonra tanınmış türk bəstəkarı Adnan Saygün Lütfiyarı uğurlu çıxışına görə təbrik etdi və özünün "Kərəm" operasında Kərəm rolunu oynamağa dəvət etdi. Bakıya gəlib rəhbərliklə məsləhətləşdikdən sonra Lütfiyar 1990-cı ilin sentyabrında İstanbula yola düşür. Kərəm obrazını Türkiyə səhnəsində ilk dəfə məhz o, ifa edir.
   Lütfiyar İmanov səhnəsiz yaşaya bilmirdi. Həmişə "Səhnəmiz üçün nəinki darıxıram, az qalır ürəyim partlasın, elə bilirəm həbsxanadayam. Mən ömrüm boyu sənətimlə çalışıb yaşamışam. Əgər oxumasam, yaşamaram" - deyirdi.
   Ömrünün son günlərinə qədər sənət eşqi ilə alışan L.İmanovu 80 illik yubileyində yaxınları, doğmaları və sənət dostları yad etdilər.
    Belə ki, bugünlərdə Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti Lütfiyar İmanovun xatirə gecəsi oldu.
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində mərhum sənətkarın ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası səsləndi.
   Musiqişünas Lalə Hüseynova görkəmli sənətkarın həyat və yaradıcılığı barədə məlumat verdi, onun sənətkar məziyyətlərindən söz açdı.
   Tədbirdə Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası çıxışları dinlənildi, incəsənət ustalarının ifasında sənətkarın repertuarına daxil olmuş əsərlər səsləndirildi.
   
    ŞƏMSİYYƏ






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar