Bəstəkarlar və musiqiçilər radio və televiziyalarda təbliğatın düzgün qurulmadığını deyirlər
   
   Ciddi mahnı nədir? Yəqin ki, sualı hərə bir cür cavablandıracaq. Amma maraqlıdır ki, həm peşəkar musiqiçilər, həm də yeri gələndə mahnı bəstələyən müğənnilər dinləyicilərin zövqünə hakim kəsilən musiqilərin keyfiyyətindən asılı olmayaraq, bütün hallarda təbliğatın düzgün qurulmasını vacib sayırlar. Bəs əslində necə olmalıdır? Sualımıza aydınlıq gətirmək üçün bəstəkarlara və tanınmış musiqiçilərə müraciət etdik.
   
   Mövzumuza keçid almazdan əvvəl bəzi məqamları da oxucularımızın nəzərinə çatdırmaq istərdik.
   Hazırda şou-biznes deyilən yeni bir cərəyan musiqi aləmində elə tüğyan edir ki, qaz vurub, qazan doldurmaq arzusunda olanlar populyarlıq naminə yüngül musiqi ilə dinləyicilərin zövqünə hakim kəsilməyə başlayıblar. Ağılagəlməz şoular yaradıb, bəzən də milli mentalitetin varlığından xəbərsiz olanlar “bu, dövrün tələbidir”, - deyib nələrə əl atmırlar. Beləcə, ciddi musiqi janrının unudulmaq, demək olar ki, yox olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda dövlət səviyyəsində həyəcan siqnalı çalındı. Peşəkar musiqiçilər bir araya gəldilər, əl-ələ verib musiqimizin keşiyində durdular. Onlar bu xətti nəinki bərpa etdilər, həm də bu sahənin inkişafına təkan verməyi bacardılar. Azərbaycanda təşəkkül tapan ciddi musiqi janrına dövlət səviyyəsində diqqət və qayğı nəticə etibarilə bu musiqinin inkişafına zəmin yaratdı. Musiqimizin incəliklərini zərgər dəqiqliyi ilə inkişaf etdirməyə başlayan sənət fədailəri bu gün də öz missiyalarının öhdəsindən layiqincə gəlməyə çalışırlar.
   
   Telekanallarla əl-ələ
   
   Bəstəkar Vaqif Gərayzadənin fikrincə, dinləyici auditoriyasını kateqoriyalara bölmək yenilik deyil: «Bütün dövrlərdə bu belə olub. Bildiyiniz kimi, Qara Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Cövdət Hacıyev kimi görkəmli Azərbaycan bəstəkarları öz fundamental əsərləri ilə gənc yaşlarından nəinki sovetlər ölkəsində, hətta xaricdə tanınıblar. Onların operaları, baletləri bu gün də xarici ölkələrdə səhnəyə qoyulur, əsərləri dünyanın tanınmış orkestrlərinin ifasında səsləndirilir. Bəs bu gün necə, belə bəstəkarlar yetişirmi? Bu problemin bir hissəsi qoyduğunuz mövzuya uyğundur. Ciddi musiqinin dinləyici auditoriyası müəyyən bir hissəni təşkil edib. Ancaq yaşanıb və yüksək dəyərləndirilib. Bu dəyəri qorumaq lazımdır. Ciddi musiqi və mahnı janrını müqaisə etmək və ya sıralamaq problemin çözülməsinə imkan verməyəcək. Yaxşısı budur ki, biz ciddi musiqiyə olan marağı gücləndirək. Bunun bir yolu isə təbliğatdır. Bu məsələdə televiziya kanallarının məsuliyyəti daha böyükdür. Çünki insanların musiqi zövqünə məhz telekanallar təsir edir».
   
   Bəstəkarların musiqi təhsilinin olması mütləqdir
   
   Bəstəkar Nailə Mirməmmədlinin sözlərinə görə, tamaşaçı - dinləyicinin zövqünü ilk növbədə radio və televiziya formalaşdırır: «Ciddi mahnı janrı anlayışı yox, ancaq mahnının düzgün anlamı ola bilər. Yüngül musiqi hesab olunan mahnı xalqa ən yaxın janr hesab olunur. Ancaq bu o demək deyil ki, yüngül mahnını necə gəldi yazmaq olar. Xalqımız çox istedadlı xalqdır. İstedadı olan kəs musiqi bəstələyə, şeir yaza və ya bədahətən söz incilərini mirvari kimi sapa düzə bilər. Ancaq təhsili olmayanlar özlərini şair, bəstəkar kimi qələmə verməməlidirlər. Məsələn, əgər mənim 19 illik (iki ali məktəb) musiqi təhsilim varsa, başqa bir peşə sahibində mənim etdiyim alınmayacaq. Belə mahnıların ömrü ötəri populyarlıq qazansa da, çox uzun olmur. Ona görə də musiqi təhsilinin olması mütləqdir. Çünki artıq bəstəkarlıqda Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Zakir Bağırov üslubu var. Hətta bir-birinə çox bənzəyən bəstələrin müəllifləri Rauf Hacıyevlə Tofiq Quliyevin yaradıcılığını dərindən bilmək lazımdır ki, onların üslublarını ayırmağı bacarasan. Yalnız bundan sonra musiqi sahəsində cığır açıb addımlamaq olar. Təəssüf ki, bu gün bəstəkarlıq sözü çox ucuzlaşıb. Bu işlə məşğul olmağı asan bilirlər. Həkimin düzgün olmayan müalicəsi xəstəyə o andaca təsir edir. Ancaq musiqidə səhv addım tədricən özünü büruzə verir. Zövq korlanır, düşüncələr dəyişir. Bütün bunlara baxmayaraq, istər ciddi, istərsə də yüngül mahnıların bəstəsi peşəkarlara həvalə olunmalıdır. Özfəaliyyət - mahnı janrının dəyərini ucuzlaşdırır”.
   Baş verənlər bir bəstəkar kimi Nailə xanımın da yaradıcılığına təsir edir. Bu günün tələblərinin onun yaradıcılığından yan ötməməsinə səbəb isə televiziya və radiolarda “raskrutka” olunan mahnılardır: «Faiq Sücəddinov, Eldar Mansurov və digər peşəkar bəstəkarların musiqisi adi söz yığını olan şeirlər əsasında yazılmır. Bu musiqinin elmi köklərə əsaslanan öz dəsti-xətti var”. Nailə xanım hərənin öz işi ilə məşğul olmasını məsləhət gördü.
   
   Hər dinləyicinin öz zövqü var
   
   Leopold və Mstislav Rastropoviç adına 11 illik musiqi məktəbinin direktoru Rafiq Əzizov son illər ciddi musiqi sahəsinə olan dövlət qayğısından söhbət açdı. O hesab edir ki, musiqinin bütün janrları xalqımız tərəfindən yüksək maraqla qarşılansa da, hər bir dinləyicinin öz zövqü var. Müsahibimiz klassik musiqinin dinləyici auditoriyasını genişləndirmək üçün birinci növbədə yüksək istedadlı komandanı formalaşdırmaq lazım olduğunu deyir: “Simfonik Musiqi Orkestrində vaxtilə ifaçıların say etibarilə az olması ciddi problemlərə gətirib çıxarmışdı. Hətta iş o yerə çatmışdı ki, orkestrdə ifa etmək üçün yüksək qonorarla ölkəmizə başqa dövlətlərdən ifaçılar gətirilirdi. Ancaq dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsində təhlükənin qarşısı alındı. İndi nəinki simfonik orkestrdə, hətta Uşaq-Gənclər Dövlət Simfonik Orkestrində olduqca istedadlı gənclər solistdirlər”.
   R.Əzizov ciddi musiqinin heç də təhlükə qarşısında olmadığını söylədi və hətta Azərbaycanda Avropa tamaşaçılarında maraq yaradan ifaçıların olmasından söhbət açdı. O, bunu ciddi musiqiyə olan marağın və göstərilən diqqətin nəticəsi kimi qiymətləndirdi.
   
   ŞƏMSİYYƏ