Dünyanın ən məşhur bəstəkarlarından biri - Cüzeppe Verdi 1813-cü ildə Italiyanın lombardiya vilayətində, kəndli ailəsində anadan olub. Onun atası üzümdən çaxır çəkir və özünün baqqal dükanında satırdı. Cüzeppe 10 yaşına qədər kənd keşişinin yanında təhsil alıb sonra Busseto şəhərində təhsilini davam etdirib. Onun qeyri- adi musiqi istedadı və musiqi ilə məşğul olmaq həvəsi elə uşaqlıqdan nəzərə çarpırdı. 11 yaşında ikən Cüzeppe kilsədəki orqanda ruhani əsərləri ifa edirdi. Cuzeppenin atası ilə alver edən tacir Baretsi musiqini çox sevən və başa düşən bir insan idi. O, Cüzeppenin fitri istedada malik olduğunu duyurdu. Baretsi onu Milana aparır, ona ən yaxşı musiqi müəllimi tutur və 9 il onun təhsil haqqını ödəyir. Milan konservatoriyasına Verdini qəbul etmirlər və o, Lavinya adlı məşhur musiqiçidən bəstəkarlıq texnikasının əsaslarını mənimsəyir. Lavinyanın sayəsində məşhur «La Skala» teatırında gedən tamaşalara Verdi pulsuz baxırdı. O tamaşalardan bəhrələnən Verdi, opera yazısını və orkestrovkanı mükəmməl öyrənir. O, Bussetoya qayıdır və bir sıra marşlar, uverturalar və dini musiqi yazır. Bussetonun musiqi cəmiyyəti ona 3 illik təqaüd təyin edir. 1836 - cı ildə Verdi öz havadarı Baretsinin qızı Marqareta ilə ailə qurur. Onların bir qızı və bir oğlu olur. Milanın filarmonik cəmiyyəti Verdiyə “Lord Hamilton” operasını yazmağı sifariş verir. Opera 1838 - ci ildə «La Skala» teatırında tamaşaya qoyulur və uğur qazanır. Sonrakı 2 ildə Verdinin şəxsi həyatında fəlakət baş verir, xəstəlik nəticəsində qızı, oğlu və həyat yoldaşı vəfat edir. Bu vaxtı sifariş ilə yazılmış “Bir saatlıq kral” komik opera tamaşaçılar tərəfindən fitə basıldı. Operanın uğursuzluğundan sarsılmış bəstəkar bir daha musiqi bəstələməyəcəyinə and içir. Lakin bəstəkarın istedadına bələd olan “La Skala” teatrının direktoru Merelli bir müddət keçəndən sonra ona “Nabukko”nun librettosunu təqdim edir. 1842-ci ildə “Nabukko” çox böyük müvəffəqiyyət qazanır. Bu opera “ La Skala ”nın səhnəsində il ərzində 65 dəfə ifa olunmuşdu.Teatrın tarixində bu, görünməmiş hadisə idi. Bu müvəffəqiyyətin sirri ondan ibarət idi ki, Verdi operanın Bibliya mövzusunda yazılmasına baxmayaraq, orda öz həmvətənlərinin gizli müqəddəs ümid və diləklərini də ifadə edə bilmişdi. “Nabukko”-dan sonra Verdi “Lombardlılar” operasını yazır. Bu opera gizli şəkildə İtaliya xalqını öz vətənlərinin azadlığı uğrunda döyüşə səsləyirdi. Opera İtaliyanın bir çox şəhərlərində, Avropa ölkələrində, o cümlədən Rusiyada tamaşaya qoyulmuşdu. Viktor Hüqonun romantik dramı əsasında yazılan “Ernani” (1844) operası Verdinin şöhrətini daha da artırdı. 1844-53-cü illərdə öz ifadəsinə görə, Verdi cəza çəkən düstaqlar kimi işləyirdi. Bu müddətdə o, 13 opera yazmışdır. Onlardan ən məşhurları - “Riqoletto” “Trubadur” və “Traviata”dır. Bu operalarda bəstəkarın qəhrəmanları sadə insanlardır-təlxək, qaraçı qız , yüngül əxlaqlı qadın. Bəstəkar onların xasiyyətini, duyğularını göstərməyə çalışır. Bu operalarda İtalyan xalq mahnıları səslənir. Bu operaların müvəffəqiyyəti Verdi üçün yeni imkanlar yaradır. Paris operası üçün bəstəkara üç opera yazmağı sifariş edirlər - “Siciliyada axşam ibadəti”, “Maqbet” və “Don Karlos”, Peterburqun opera teatrı üçün “Taleyin gücü” və s. 1857-ci ildə Verdi Cüzeppina Strepponi ilə ailə qurur. Cüzeppina Verdinin operalarında 10 ildən artıq idi ki, qadın ariyalarını ifa edirdi və bu müddətdə Verdi üçün yaxın dost və sirdaşa çevrilmişdi. 1868-ci ildə Misir höküməti Qahirədə teatrın açılışı ilə əlaqədar Verdiyə opera yazmağı təklif edir. Verdi imtina edir. Danışıqlar iki il davam edir və nəhayət qədim Misir əfsanəsi əsasında misirşünas-alim Məriyyət bəy ssenari yazır. Bu ssenari Verdi tərəfindən bəyənilir və onun yaratdığı “Aida” operası ən gözəl, kamil, yeni boyalarla nişanlanmış əsərə çevrilir. “Aida”operası parlaq dramaturgiya ustalığı, melodik varlıq və orkestrin mahir idarə edilməsi ilə seçilir.
   İtaliyanın məşhur vətənpərvər yazıçısı Alessandro Madzoninin ölümü Verdiyə ağır təsir edir və 1873-1874-cü illərdə “Rekviyem” əsəri yazıçının əziz xatirəsinə həsr olunur. Ömrünün 8 ilini bəstəkar, Şekspirin tragediyası əsasında yazılmış “Otello” operası üzərində işləyir. Operanın premyerası “La Skala” teatrında 1887-ci ildə baş tutdu və milli bayrama çevrildi. Bu, 74 yaşlı bəstəkarın yeni uğuru idi. Verdinin axırıncı operası “Falstaf” 1893 cü ildə yazılmışdır. 80 yaşlı bəstəkar bu parlaq əsəri ilə italyan komik operasına yeni ruh, yeni nəfəs, melodik ixtiralar, cəsur və incə harmoniya gətirmişdi. Bu komik opera onun gənclik vaxtı yazdığı “Bir saatlıq Kral” musiqili komediyasının uğursuzluğunun acısını çıxdı. Ömrünün axırıncı illərində Cüzeppe Verdi xor və orkestr üçün “Dörd ruhani pyes” yazır. 1901-ci il yanvarın 27-də Verdi dünyasını dəyişir. Onun yazdığı 26 operadan əksəriyyəti dünya musiqi xəzinəsinə həmişəlik daxil oldu.
  
   Nigar Namazəliyeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar