«2002-ci ildən dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anadan olduğu gün - 18 sentyabr Musiqi Günü kimi qeyd edilir. Bu münasibətlə hər il Bakıda və Azərbaycanın rayonlarında müxtəlif tədbirlər həyata keçirilir». Bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazirin dediyinə görə, bu tədbirlərin hamısı Azərbaycan musiqisinin tarixi ilə bağlıdır: «Amma bu il İslam mədəniyyətinin paytaxtı olaraq tədbirlərimizin sayını artırmışıq. Bir həftə müddətində respublikamızın bütün rayonlarında və Bakıda silsilə tədbirlər keçiriləcək. Bunların sırasında Ağcabədidə yeni açılmış «Qarabağ» muğam mərkəzində xüsusi tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, konfranslar, müxtəlif muzeylərdə sərgilər təşkil ediləcək. Bu il eyni zamanda Zülfüqar Hacıbəyovun da 125 illiyidir. Bu səbəbdən də tədbirlərimizin sayı artacaq».
   Qeyd edək ki, keçiriləcək musiqi həftəliyi beynəlxalq musiqi festivalı adlandırılıb. Çünki bu münasibətlə düzənlənən tədbirlərdə təkcə Azərbaycan musiqiçiləri yox, eyni zamanda dünyasəviyyəli musiqiçilər də iştirak edəcək.

    FƏXRİYYƏ