Azərbaycan Bəstəkarlar İttifaqı yetmiş beş il bundan əvvəl (1934) yaranıb. Ötən vaxt ərzində, bu sənət məbədində şöhrəti ölkələr dolaşan əsərlər yaradılıb. Dünya mədəniyyətinə əbədi yaşayacaq musiqi əsərləri bəxş edilib. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Vasif Adıgözəlov, çağdaş musiqimizin görkəmli nümayəndələrindən Arif Məlikov, Firəngiz Əlizadə və başqalarının yaratdığı əsərlərin səsi-sorağı uzaq-uzaq ölkələrdən gəlir. Bu da dünya musiqiçilərinin diqqətindən kənarda qalmamışdı. Çünki azərbaycanlı bəstəkarlar öz yaradıcılıqlarında bənzərsiz, təkrarsız olmuşlar. Belə ki, Üzeyir Hacıbəyov beşiyi Avropa olan opera janrının ilk nümunəsini (Leyli və Məcnun) ənənəvi musiqinin yox, məhz muğamın üzərində yaratmışdır.Şəfiqə Axundova “ Gəlin qayası “ operasını yazaraq şərqdə ilk opera yazan qadın bəstəkar-müəllif olur.
Yarandığı gündən digər elm ocaqları kimi keşməkəşli yollar keçir. Şübhəli yanaşmalar, böhtanlar və ədalətsiz yoxlamalar orada da böyük gərginliklər yaşadır. Ancaq Azərbaycan bəstəkarlıq məktəbi bu təyziqlərə dözür. Öz qayəsinə,məfkurəsinə uyğun görkəmli sənətkarlar yetirir... Həmin sənətkarların yaratdığı əsərlər 75 ildir ölkələr dolaşır,ürəklər fəth edir...
1934-cü ilin iyun ayında 17 nəfər musiqiçi və bəstəkardan ibarət heyət təsis iclası keçirir. Azərbaycan Bəstəkarlar İttifaqı yaradılır. İclasın protokol sənədindən məlumdur ki, iclasda iştirak edən 17 nəfərin yalnız 3 -ü azərbaycanlı olub. Onlar Niyazi, Əfrasiyab Bədəlbəyli və Zülfüqar Hacıbəyov olub. Maraqlıdır ki, təşkilatın ilk iclas protokolunda Üzeyir Hacıbəyovun adı olmamışdı. Sonra bu, belə izah olunmuşdu ki, o, Azərbaycan Xalq Cümhuriyyətinin fəal üzvü olubdu... Lakin Üzeyir Hacıbəyovun parlaq İstedadı çox şeyə qalib gəlir. Çox keçmir o, təşkilata üzv qəbul olunur.
Bəstəkarlar İttifaqının ilk sədri Asan Refatov təyin olunur. Onu da qeyd edək ki, Asan Refatov Bağçasarayda anadan olub. Mənşəcə Krım tatarıdı. Bakıya 1927-ci ildə gəlib. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb... O, Bəstəkarlar İttifaqına çox qısa müddətdə rəhbərlik edib. Çünki fəaliyyəti qeyri-qənaətbəxş hesab edilir. Dərhal da vəzifəsindən uzaqlaşdırılır.
1935-ci ildə Bəstəkarlar İttifaqına Əli Kərimov sədr təyin olunur. Lakin ruzigarın acı yeli-represiyası ondan da yan keçmir. Həbsə alınan digər azərbaycanlı ziyalılar kimi “xalq düşmənı” elan olunur. 1937-ci ildə güllələnir... Elə həmin il - yəni 1937-ci ildə Bəstəkarlar İttifaqına Üzeyir Hacıbəyov sədr təyin olunur. Həmin tarixdən milli kadrlara münasibət dəyişir. İttifaqa qəbul olunanlar arasında azərbaycanlı gənclərin sayı artır. Konservatoriyanın bəstəkarlıq şöbəsində təhsil alan istedadlı tələbələr onun zəmanəti ilə ittifaqa qəbul olunur. Həmin azərbaycanlı gənclər Qara Qarayev, Zakir Bağırov, Cövdət Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev və başqaları olublar. Məlumdur ki, bu gənclərin - şəxsiyyətlərin hər biri parlaq yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətinə əbədi yaşayacaq sənət əsərləri bəxş ediblər...
Üzeyir Hacıbəyov Bəstəkarlar İttifaqına on ildən artıq rəhbərlik edir. Milli kadrların hazırlanmasında böyük zəhmət çəkir, əvəzsiz xidmətlər göstərir. Məlumdur ki, ittifaq 1934-35-ci ildə cəmi bir neçə milli kadrla təmsil olunub. Ancaq 1948-ci ildə qurumun 55 üzvündən 33 azərbaycanlı olub...
O, daima çalışıb ki, etimad göstərdiyi tələbələr böyük əsərlər üzərində işləsinlər. Musiqimizin, folklorumuzun köklərini dərindən araşdırsınlar. Hər bir bəstədə-əsərdə milliliyi unutmasınlar və qorusunlar... Onun vəfatından sonra ittifaqa Səid Rüstəmov sədr seçilir. O,bu vəzifədə dörd il çalışır. İttifaqın fəaliyyətində Üzeyir Hacıbəyov ənənələrinə sadiq qalır. 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının növbəti iclası olur. Akademik Qara Qarayev ittifaqın sədri seçilir. O, bu, quruma 30 ilə yaxın rəhbərlik edir. Onun vəfatından sonra Azərbaycan bəstəkarlarına Tofiq Quliyev rəhbərlik edir. Milli musiqimizin , xususilə də mahnı janrının inkişafında çox böyük xidmətlər göstərir.Bu quruma daha sonra ittifaqın birinci katibi Vasif Adıgözəlov sədr seçilmişdir.O da dahi bəstəkar Üzeyir Hacıbəyov ənənələrinə sadiq qalır. Milli kadırların irəli çəkilməsində və hazırlanmasında böyük xidmətlər göstərir...
2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının növbəti qurultayı keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqının tarixində ilk dəfə olaraq, rəhbər qadın bəstəkar seçildi. Əsərləri Avropa ölkələrinin böyük konsert salonlarında təkrar-təkrar səslənmiş, beynəlxalq festivallarda, müsabiqələrdə qalib olmuş xalq artisti Firəngiz Əlizadə yekdilliklə İdarə heyətinin sədri seçildi. Respublikamız müstəqillik qazandıqdan sonra dövlət tərəfindən mədəniyyət sahələrinə göstərilən qayğının ünvanlarından biri də Azərbaycan Bəstəkarlar İttifaqı oldu. Prezident İlham Əliyev “Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında ”12 mart 2007-ci il tarixli sərəncamını imzaladı. Həmin sərəncamda Azərbaycan Bəstəkarlar İttifaqının yeni bina ilə təmin olunması, bəstəkaların səmərəli fəaliyyət göstərməsi, istirahət etməsi üçün Abşeron yarımadasında yaradıcılıq eviinin tikilməsi, eləcə də onların əsərlərinin nəşri və elektron daşıyıcı vasitələrlə yayılması, bəstəkarların yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təqaüd fondunun yaradılması tövsiyə edilmişdi.
Ötən vaxt ərzində bu sərəncama uyğun olaraq, Dəvəçi rayonu ərazisində bəstəkarlar və yazıçılar üçün istirahət evinin tikilməsi layihələşdirildi. İttifaqın üzvlərinin yaşlı və gənc nəsli müxtəlif təltiflərə və təqaüdlərə layiq görüldü.
18 may 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinin keçirilməsi haqqında» növbəti sərəncamı imzaladı. Sərəncamda deyilir: «Bəstəkarlar İttifaqı xalqımızın zəngin musiqi irsinin dünyada geniş miqyasda tanıdılması işində yaxından iştirak etmişdir. Qurumun tarixi milli bəstəkarlıq məktəbimizdir. Üzeyir Hacıbəyov, Qara Qarayev, Səid Rüstəmov və Tofiq Quliyev kimi görkəmli simaların adları ilə sıx bağlıdır».
Onu da qeyd edək ki, 1964-cü il tarixdə Bəstəkarlar İttifaqına verilmiş tarixi bina 1991-ci ilin avqustunda geri alınmışdı. Həmin binada uzun müddət Türkiyə Respublikasının səfirliyi yerləşmişdi. Prezident İlham Əliyevin tapşırığı ilə həmin tarixi bina yenidən Bəstəkarlar İttifaqına qaytarıldı. Binada təmir və yenidənqurma işləri başa çatdıqdan sonra 1 milyon manatlıq musiqi alətləri, müasir texniki avadanlıq alındı. Bina 1 sentyabr 2009-cu il tarixdə Bəstəkarlar İttifaqının istifadəsinə verildi. Binanın açılışında ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak edirdilər.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Prezident İlham Əliyevə , mədəniyyət işçilərinə, musiqiçilərə həmişə diqqət və qayğı göstərən Mehriban xanım Əliyevaya minnətdarlıq edərək dedi: “Bu gün Azərbaycan paytaxtının mədəni, musiqi və ictimai həyatında əlamətdar bir gündür...Azərbaycan Bəstəkarlar İttifaqı uzun keşməkəşli illərdən sonra öz doğma evinə, ocağına qayıtmışdır. Bizim bütün bəstəkarlarımız və musiqişünaslarımız , bütün musiqisevərlər sizə dərin minnətdarlığını ifadə etmək istəyirlər”.
Müstəqillik əldə edildikdən sonra ölkəmizdə böyük quruculuq işləri aparılır Xüsusilə də, mədəniyyət və elm ocaqlarında görülən işlər və dövlət tərəfindən yaradıcı şəxslərə göstərilən diqqət-qayğı böyük razılıqla qarşılanır... Doğrudan da, dünyanın heç bir ölkəsində dövlət mədəniyyətə respublikamızdakı qədər yaxın deyildir...
Savalan Fərəcov