Musiqinin nə dərəcədə böyük qüdrətə malik olduğunu hər kəs bilir. Musiqi mənəvi qidadır. Təkcə onu demək kifayət edər ki, hazırda dünyanın bir çox ölkələrində musiqi ilə müalicə üsulları mövcuddur. Hətta Helsinki Universitetinin alimləri insult keçirmiş xəstələr üzərində apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəliblər ki, musiqi dinləmək insultdan sonra yaddaşı bərpa edir. Musiqi bu kimi funksiyalarla yanaşı incəsənətin bir sahəsi olaraq həm də bəşəri missiyasının daşıyıcısıdır. Hər bir xalqın musiqisi onun tarixi keçmişindən, yüksək mədəniyyətə, incəsənətə malik bir xalq kimi mövcudluğundan xəbər verir və həmin xalqın dünyada təmsilçisinə çevrilir.
  

   Bu gün dünyada musiqinin caz, opera kimi möhtəşəm janrları mövcuddur. Cazdan danışılarkən ilk növbədə onun vətəni Amerika yada düşür, necə ki, İtalya operanın vətənidir. Azərbaycan isə öz muğamı ilə bütün dünyanı fəth edib və bu gün də dünya musiqisinə meydan oxuyur. Hələ 1847-ci il fevralın 23-də dövrünün görkəmli xanəndəsi olmuş Səttar Tiflis teatr orkestrinin dirijoru, məşhur italyan skripkaçısı Malaqolllinin xeyriyyə cəmiyyəti salonundakı konsertdə muğam oxumuşdu. Bu barədə “Qafqaz” qəzeti 1847-ci il martın 1-də çıxan sayında yazırdı ki, Səttar bəy gözəl ifası ilə ən vəhşi ürəkləri belə yumşalda bilər. Bu fikrin şərhə ehtiyacı yoxdur. Ümumiyyətlə, muğamımız, eyni zamanda xalq mahnılarımız mövcud olduğu dövrdən bu günə kimi daim diqqət mərkəzində olub, dünya ölkələrində həmişə sevilə-sevilə dinlənilib, öz zənginliyilə, gözəl səs ahəngi ilə başqa xalqların qəlbinə yol tapıbdır. İstər ölkə daxilində, istərsə də onun hüdudlarından çox-çox uzaqlarda dövrünün ad-san qazanmış görkəmli xanəndələri Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Ələsgər Abdullayev, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov, Sara Qədimova, Şövkət Ələkbərova və başqa sənətkarlar milli musiqimizin inkişafında və zənginləşməsində, musiqi irsinin təbliğində misilsiz xidmətlər göstərmişlər. Dahi bəstəkarlarımız isə muğamlarımızı və xalq mahnılarımızı nota almaqla yanaşı, opera janrını da musiqi sənətimizə gətirərək musiqi irsimizi daha da zənginləşdirmişlər. Belə ki, görkəmli bəstəkar, milli opera sənətimizin banisi Üzeyir Hacıbəyov 22 yaşında ikən “Leyli və Məcnun” operasını yazmaqla Şərqdə ilk olaraq bu uğura imza atmış oldu. Ü.Hacıbəyov “Leyli və Məcnun” operasından sonra bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid”, “Harun və Leyla”, “Koroğlu” operalarını, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarını, “Nizami” kantatasını yazmaqla öz yaradıcılığını və Azərbaycan musiqi irsini daha da zənginləşdirdi. Digər bəstəkarlarımız Soltan Hacıbəyov, Cahangir Cahangirov simfonik muğamlar yazmaqla, Müslüm Maqomayev “Şah İsmayıl”, “Nərgiz” operalarını, Fikrət Əmirov “Sevil” operasını,Zülfüqar Hacıbəyov “Evli ikən subay”, “Əlli yaşında cavan”, “Varlı” musiqili komediyalarını, “Aşıq Qərib” operasını yazmaqla musiqi sənətimizə yeni qiymətli töhfələr vermişlər. 1940-cı ildə Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baleti olan “Qız qalası”nı, Q.Qarayev “Yeddi gözəl”, “İldırımlı yollarla”, A.Məlikov “Məhəbbət əfsanəsi” baletini yazaraq musiqimizin zənginləşməsində böyük işlər görmüşlər. Daha sonralar isə Tofiq Quliyev, Emin Sabitoğlu, Ələkbər Tağıyev b. bəstəkarlar musiqimizin inkişafında və təbliğində əvəzsiz xidmətlər göstərmişlər.
   Bütün bunlar musiqimizin qısaca nəzər saldığımız dünəni, tarixi keçmişidir. Bəs görəsən, musiqi sənətimiz bu gün hansı halını yaşayır? Ümumiyyətlə, musiqimizin bugünkü vəziyyətini qənaətbəxş hesab etmək olarmı? Əgər muğamlarımızı və xalq mahnılarımızı çıxsaq, məncə, yox. Bu gün bəstəkar mahnılarımızın, estrada janrında olan mahnılarımızın səviyyəsi olduqca aşağıdır və nədənsə, bu gün peşəkar bəstəkarların mahnılarına ehtiyac azalıb, onların mahnıları kifayət qədər təbliğ olunmur, bəli, bu acı da olsa, həqiqətdir. Mən bugünkü mahnılarımızı şərti olaraq üç qrupa bölərdim: Birinci qrup mahnılar - təbliğatı az olan və “təlabatı” azalan peşəkar bəstəkarların mahnıları, ikinci qrup mahnılar - “zamanın tələbi” adı altında lisenziyalanmış, efirlərdə səslənən qeyri-peşəkar və yaxud həvəskar bəstəkarların mahnıları və nəhayət, üçüncü qrup mahnılar - ara və ya bayağı adlandırılan, son zamanlar isə milli kulinariyamızın ən dadlı yeməklərindən birinin adına layiq görülmüş “bozbaş” mahnılar. Sonuncudan - üçüncü qrup mahnılardan başlayaq. Əsasən avtobus marşurutlarında və el şənliklərində səslənən, bayağı adını almış bu mahnılar daha çox müzakirə obyektinə çevrilib. El şənliklərinin repertuarını bəzəyən, xalq tərəfindən çox rahatca həzm edilən “Ay xalam qızı, oyna”, “ Ay canı yanmış”, “Çimnaz xanım” kimi “bozbaş” mahnılara bu gün həqiqətən də toylarımızda qol açıb, ayaq qaldırıb rəqs edirlər. Ancaq bu, müvəqqətidir. Müəyyən bir dövrdən sonra bu mahnılar repertuardan silinir. Bu cür mahnıların musiqi sənətimizə heç bir təsir qüvvəsi yoxdu. O ki qaldı marşrutlarda səslənən “Sarı çiçəyim”, “Bir gün ana olacağam” kimi qəmli mahnılara, bunları da nəzərə almaq olar. Həmin mahnıların səslənməsinin səbəbkarı olan marşrut sürücülərinin əksəriyyətini orta təhsili yarımçıq qalmış gənclər təşkil edir. Onların yalnız belə mahnıları dinləməsini təbii qəbul etmək lazımdır. Bu cür mahnıların qarşısı alınsa pis olmazdı, amma mənə elə gəlir ki, diqqəti daha çox efirlərdə səslənən mahnılara yönəltmək lazımdır. Nəzərə alsaq ki, verilişlər ölkə ərazisində nümayiş olunmaqla yanaşı, həm də dünyada yayımlanır. Bu da reallıqdır ki, telekanallar reytinq xatirinə istədiklərini edirlər. Mikrofon tutmağı təzəcə öyrənənlər, müğənnilik sənətinin yazılmamış qanununu sidq ürəklə qəbul edərək imiclərində dəyişiklik etməyi özlərinə borc bilib, saqqal buraxan, saç uzadan, son zamanlarsa uzunboğaz çəkmə geyinən kişi müğənnilər və ya ən çox plastik cərrahiyyə əməliyyatı keçirməklə «Ginnesin rekordlar kitabı»na düşmək arzusunda olan, soyunmaqla reklamın ən sərfəli variantını seçən xanım müğənnilər (kişilər də az deyil) efirlərdə öz sənətlərindən başqa nə desən nümayiş etdirirlər. Müğənnilərimizin canlı oxumadıqları hər kəsə məlumdur. Dəhşətli haldır ki, verilişlərin aparıcıları hansısa müğənninin təsadüfən efirdə canlı oxuyacağını çox böyük sevinclə tamaşaçılara təqdim edir və bunu az qala dünyanın yeddi möcüzəsindən biri kimi qiymətləndirirlər. Müğənninin əsas işi canlı oxumaqdırsa, nəyə görə bunu qeyri-adi hal kimi qəbul etməliyik? Canlı oxumaq bir kənara qalsın, keçək mahnılarımızın səviyyəsizliyinə. Əvvəllər mahnının sözlərinə musiqi bəstələnirdi, indi isə tam əksinə, musiqi əvvəlcədən yazılır, sözlər isə musiqiyə uyğun olaraq seçilir. Hələ bu azmış kimi, indiki müğənnilər özləri mahnı yazıb, özləri oxuyurlar, hətta teleaparıcılar da artıq mahnı bəstələyirlər.Təsəvvür edin də, özü yazıb, özü oxuyan “müğənni- bəstəkar”, işi-gücü qurtaran “həvəskar-bəstəkar” kimi terminlərin sırasına daha biri də əlavə olundu - “teleaparıcı-bəstəkar”. Bəstəkarlığa xobbi kimi baxan bu kəslər isə mahnının sözləri ilə musiqisini eyni anda yazırlar. Hələ xarici musiqiləri aranjiman edərək mahnı yazan “plagiat-bəstəkar”lardan danışmıram. Gənc müğənni Zamiqin ifa etdiyi, bu yayın “hit”inə çevrilmiş “Sən necə də gözəlsən” adlı mahnının musiqisinə fikir verək, eynilə Tarkanın ifa etdiyi “Pare-pare” adlı mahnının təkrarıdır. Və yaxud da Rəqsanənin ifa etdiyi “Dostum” adlı mahnı Sərdar Ortacın ifa etdiyi “Gitmə” adlı mahnının “peşəkarcasına” aranjiman olunmuş versiyasıdır. Mahnının sözlərində isə heç bir məna tapmaq mümkün deyil. Gənc müğənnilər Ayazın ifa etdiyi “Almalarınla”, «Yeni ulduz» Vüqarın “Toçnı”, Kərim və S.Sultanın birgə ifa etdikləri “Cani-cani” adlı mahnılarını isə heç cürə başa düşə bilmirəm. Təkcə mən yox, çoxları onların nə dediklərini başa duşmürlər.
   Sonda isə Balzakın “Hər nə edirsən et, hətta ağıllsızlıq da edirsənsə, onu yaxşı etmək lazımdır” kəlamı ilə razılaşıb demək istəyirəm ki, gəlin nə ediriksə edək, bacardığımızı edək, istədiyimizi yox.
   
   Etibar Lətifov,
   ADMİU-nun IV kurs tələbəsi