Bu yazını "Gənclik və zaman", "Gəncliyin səsi" də adlandıra bilərdim. Amma bəhs etmək istədiyim mövzunun qəhrəmanı özündən və yaşından böyük olduğu üçün pafoslu sözlərdən yan keçdim. Neçə müddətdir ki, həmkarlarım yorulmadan bir mövzuya toxunurlar. Son zamanlar ən çox diskussiyaya çevrilən və müzakirə obyekti olan FM radioları və onlarda səsləndirilən musiqilərin səviyyəsi heç kəsin diqqətindən kənarda deyil.
Həyatda çox şeyin təsadüfdən yarandığını deyənlər də səhv etməyiblər. Elə mən də tam təsadüf nəticəsində heç zaman dinləmədiyim 100.5 FM-i açdım. Günorta saat 15-dən başlayan mahnı seli çox uzun çəkdi. Çox gözəl musiqilər səslənirdi. 60-cı illərdən üzü yaxın keçmişin ruhoxşayan mahnıları. Mahnılar səsləndikcə insanın ürəyi riqqətə gəlirdi. Sanki bir quş olmuşdum. Xəyal məni gah uşaqlıq illərinə aparır, gah da gəncliyimin ən xoşbəxt günlərində süzürdüm. Co Dasen, Elvis Presli, Stinq, Bad Boys Blue, Pet Shop, Boys, Elton Con və b. Sonra isə növbə özümüzünkülərə çatdı. R.Behbudov, A.İslamzadə, H.Hadıyev, Ş.Ələkbərova, Z.Xanlarova, F.Kərimova, M.Bağırzadə, P.Bülbüloğlu, T.Əmrah və s.
Məni maraq bürüdü. Bütün günü, "Sənlə", "lyo, Lye, Lya", "Şokolad kimi" və b. əttökən verilişləri dinləməkdən bezən dinləyicilərə belə "mənəvi ləzzəti" daddıran kimlərdir, görən, fikirləşdim. Axtarıb-aradım. Budur sizləri də tanış etmək istəyirəm.
Həftə içi hər gün axşam saat 19-21 arası efirə gedən bu proqramın yaradıcısı və müəllifi haqqında məlumat almasaydım, onun musiqi sənətindən təhsili olan 40-50 yaşlarında biri kimi qələmə verərdim. Amma bu belə deyilmiş. Musiqi mozaikasının müəllifi gənc nəslin nümayəndəsidir.
Onunla tanış olaq: Vəliyev Anar Zahid oğlu 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə 56 saylı məktəbi bitirib. "Həyat mənim üçün musiqi deməkdir. Kədərlisi də olur, şəni də"-deyir. Evin kiçik övladı olan Anarın musiqi zövqü elə uşaqlıqdan formalaşıb. Yenə təsadüf onu 2007-ci ilin mayında 100.5-ə gətirir. Radionun arxivində retro mahnıların azlığını görüb öz səyi nəticəsində geniş kolleksiya yaradır. Dekabra qədər bu işi başa çatdırır. Və budur 2 dekabr 2007-ci il. Elə o gündən də "Anarla dünya akkordları" dinləyicilərə əsl zövqlü musiqiləri təqdim edir. Anardan bir xoş xəbər aldım. "Dünya akkordları"nın televiziya versiyası yayımlanacaq. İdeya ilə mən də tanış oldum və çox bəyəndim. Artıq çəkiliş məkanı da bəllidir. Bütün nüansları açmaq istəmirəm. Ancaq xoş bir musiqi ab-havasının bərpa olunacağına tamaşaçıları inandırmaq istərdim. Bildirmək istərdim ki, bu arada "Dünya akkordları"nın dinlənilmə reytinqini öyrənmək üçün Binəqədi, Sabunçu, Yasamal, Səbail rayonlarında sorğu keçirdik. Nəticə gözlənildiyindən də yüksək alındı.
Bu layihə, çərçivəsində səslənən hər musiqi nümunəsi gənclər üçün örnək olacaq.
Lalə AZƏRİ