Yaşasaydı bu payız 56 yaşı olacaqdı
   
   Cəmi 38 il ömür sürsə də, saf səsli xanəndə, təmizürəkli insan onu tanıyanların qəlbinə, yaddaşına köç edib əbədiləşdi. Sanki ölüm onun qazandığı ölməzliyi ona qısqanıb qəsdən bizdən ayırdı. Yalnız cismini uzaq sala bildi.
   
   Keçmiş günləri xatırlayan həyat yoldaşı Əntiqə xanım deyir: 1991-ci ilin sentyabrında oğlumuz Bəxtiyar birinci sinfə gedəcəkdi. İsraildə bir aylıq səfərdə olan Səxavət əziz balasının əlindən tutub özü məktəbə aparmaq üçün tələsik vətənə dönmüşdü. Düşünüb ki, İsrailə yenə gedə bilər, amma Bəxtiyarın gözünü yolda qoymaq olmaz... Bir də balasına çoxlu məktəb ləvazimatı, çanta almışdı (həmin əşyalar qiymətli hədiyyə kimi indi də evlərində saxlanılır).
   Bəlkə də, Səxavət özünəməxsus intuisiya ilə ömrünün sona çatmaqda olduğunu hiss etmişdi. Elə buna görə də vətənə, əzizlərinin yanına dönməyə tələsib. İstəməyib ki, öz ölümüylə uzaq ölkədə olan dostlarının, verdiyi konsertlərdə əhval-ruhiyyələrini qaldırdığı insanların qanını qaraltmasın. Bəlkə, onların yadında elə səhnədə göründüyü kimi qalmaq istəmişdi. Bəlkə də... İndi bu ehtimalların nə sayı-hesabı, nə də bir cavabı var.
   Dostlarının dediyinə görə, Səxavət gözəl, safsəsli xanəndə olduğu kimi, həm də təmizürəkli insan idi. Təmənnasız yaxşılıq etməyi sevirdi. Tanrı ona səxavətlə gözəl səs, gözəl qəlb vermişdi. Maddi cəhətdən imkanları olmayan şəxslərin məclisinə özü gedər, şənliyə oxuduğu muğamlar, mahnılarla rövnəq verər, nəmərini də yeni qurulan ailəyə çatdırardı. Səsi olub özünü tanıtmaqda acizlik çəkənlərin üzə çıxmasına şərait yaradar, hamının könlünün xoş olmasına çalışar, haqqı müdafiə edərdi.
   Səxavət çoxlarını ayaq üstə qaldırmış, əlini çörəyə çatdırmış, kimsəyə dayaq olmağı, əl tutmağı ömür boyu özünə borc bilmişdi. Xeyirxah işlərinə görə ona təşəkkür etmək istəyən insanlara deyirdi: “Bir-birimizə həyan olmasaq, daha bu dünyada heç yaşamağa dəyməz”.
   İnsanpərvər, ailəcanlı, dostcanlı idi Səxavət.Valideynləri Əskinaz ananın, Əmirxan atanın bir sözünü iki eləməmişdi. Səkkiz bacı-qardaşını özündən çox istəyirdi. Bunu heç vaxt dilinə gətirməsə də, əməliylə sübuta yetirirdi. Dörd övladından isə yeganə qızı Sədaqəti daha çox nazlandırırdı. Oğlanları Şəhriyara, Bəxtiyara, Orxana da tövsiyəsi bu idi ki, bircə bacınız Sədaqət sizə əmanətdı, onu həmişə qoruyun. Sanki ürəyinə bu da dammışdı ki, Sədaqətini tez tərk edəcək. Qardaşlar öz işlərini bəri başdan bilsinlər ki, sonradan təntiməsinlər. Bəlkə də, ürəyinə dammışdı ki, onu ilk olaraq qızı baba edəcək. Yaşasaydı, qızının üç övladı onu indi “baba” deyə çağıracaqdı. Yaşasaydı, boya-başa çatan övladlarına özü elçi gedərdi, onların uğurlarıyla ürək dolusu sevinib fəxr edərdi. Bəxtiyarın Londonda ali təhsil alarkən ərazi bütövlüyümüz uğrunda apardığı təbliğatı görüb fərəhlənərdi: «erməniləri elə ifşa et ki, onların əsl simasını nəinki Londonda, bütün dünyada tanısınlar, yalanlarına inanmasınlar. Hər gələndə ordakı dostlarını da evimizə gətir, ananın xörəklərindən dadıb xalqımızın mədəniyyəti ilə yaxından tanış olsunlar, musiqimizə qulaq assınlar. Qoy bilsinlər ki, torpaqlarımıza yiyələnmək mümkün olan iş deyil. Yoxsa vətən torpağında “azad bir quş” kimi pərvazlanmaq olmaz...»
   Səxavət hər şeyi yüksək səviyyədə görmək istəyirdi. Yəqin, elə ona görə oxuduğu muğamların biri o birindən əskik deyil. Onun ifa etdiklərinin hamısı gözəl, təravətlidir. Bütün oxuduqları indi də qulaqlarda, qəlblərdə yaşayır. Onun oxuduqlarını başqasının ifasında eşitdikdə belə deyirik: Bu, Səxavətin mahnısıdır. Ölümündən 17 ildən çox zaman keçsə də, safsəsli, böyükürəkli xanəndəni eşidib-dinləyən, görüb-tanıyanlardan heç kəs unutmur. Əksinə, cismən yoxluğuna ürəkdən təəssüflənib, onu qəlblərində yaşadırlar.
   Qardaşları - özü kimi gözəl səsə malik Feyruz, Əlyar indi onun mahnılarını yanıqlı-yanıqlı, həzin-həzin oxuyurlar. Oxuyurlar ki, həmin mahnılar səxavətsiz dünyada Səxavətsiz qalmasınlar...
   
   İradə