Dünyaşöhrətli dirijor, violonçelist, çox xeyirxah insan olan Mstislav Rostropoviç sağlığında Vişnevskaya -Rostropoviç Xeyriyyə Fondu yaratmışdır. Ümumiyyətlə M.Rostropoviç adına Xeyriyyə Fondu dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. 
      
   Öz doğma vətəni Azərbaycanda da həmin fond və onun doğulduğu evdə “L. və M. Rostropoviçlərin ev-muzeyi fəaliyyət göstərir. 2002-ci ildən M.Rostropoviç bu fondun özülünü Bakıda qoymuşdur və onun vəfatından sonra qızı Yelena Rostropoviç bu işi davam etdirir. Belə ki, fond fəaliyyətə başlayandan bu günədək Bakıda bir milyona yaxın uşaq vaksinasiya edilmişdir.
   Bu il aprelin 7-də L. və M. Rostropoviçlərin ev-muzeyi Litva Respublikasının səfirliyi ilə birlikdə, M.Rostropoviç adına Yardım Fondunun dəstəyi ilə muzeydə Litvanın 1000 illiyinə həsr olunmuş tədbir keçirdilər. Bu, muzeyin Litva səfirliyi ilə ilk əməkdaşlığı idi. Qeyd etmək lazımdır ki, 10 ildir fəaliyyət göstərən muzeydə L. və M.Rostropoviçlərin həyat və yaradıcılıqlarının müxtəlif dövrlərini əks etdirən üç mindən artıq material var. Bu qiymətli materiallar içərisində Rostropoviçlər ailəsinin nəsil şəcərəsi də var. “Nəsil şəcərəsi” muzey tərəfindən işlənib hazırlanıb. Araşdırmalar nəticəsində aydın olub ki, M.Rostropoviçin nəslində litva millətinin nümayəndələri olmuşdur. Nəsil şəcərəsinə nəzər yetirdikdə görünür ki, ən birinci Yan Rostropoviçyus (1690- cı il), sonra Matvey, Simon və Yan Rostropoviçyuslar, nəhayət, İosif Rostropoviçyusdan (1851-ci il) sonra gələn nəslin soyadları dəyişilib, Rostropoviç olmuşdur. Qeyd etdiyimiz kimi, bu tədbir muzey, Litva səfirliyi və M.Rostropoviç adına Xeyriyyə və Litvalı Uşaqlara Dəstək Fondunun birgə əməkdaşlığı nəticəsində keçirilmişdir. Belə ki, Litvadakı Fond 2003-cü ildə yaradılmışdır. Bu Fondun məqsədi, Litvadakı musiqi, elm və idman sahəsində xüsusi istedadı olan uşaqları dəstəkləməkdən və xəstə uşaqlara yardım etməkdən ibarətdir. Musiqi, elm və idman sahəsində xüsusi istedadı olan 47 tələbəyə dəstək verilib.
   2006 -cı ildə Litva mədəniyyətinə xidmətlərinə görə, M.Rostropoviç fondu təşəkkür diplomu və “Yaxşılıq Qanadı” mükafatı ilə təltif olunmuşdur. 2007-ci ildə isə Fond elm və musiqi sahəsində xüsusi istedadı olan uşaqların inkişafına şərait yaradan, dövlət müəssisəsi, Milli Tələbə Akademiyasının əsas üzvlərindən birinə çevrildi. Elə həmin il “Qızıl Alma” mükafatına layiq görüldü. Muzeydə keçirilən tədbirdə Litva səfirinin xanımı Eqle Kudzmaniene, Litvadakı M.Rostropoviç adına Xeyriyyə Fondunun prezidenti Rasa Kubilenene, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, BMA-nın professoru Zemfira Qafarova, Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova, bəstəkar Rəhilə Həsənova, Rusiya, Amerika, Fransa səfirliklərinin nümayəndələri, muzey direktorları, 8, 2, 21 saylı musiqi məktəblərinin müəllim heyəti qonaq qismində iştirak etdilər. Əvvəl muzeyin direktoru Ş.Heydərova, sonra E.Kudzmaniene, daha sonra isə Rasa Kubilenene çıxış etdilər. Şeyla xanım öz çıxışında dedi: “Muzeyimiz 10 ildir ki, fəaliyyət göstərir. Biz ata və oğul Rostropoviçlərin həyatının müxtəlif dövrləri ilə bağlı üç mindən artıq material toplamışıq. Və çalışırıq ki, M.Rostropoviçin nəslindən nümayəndələr olan rus, polyak, Litva səfirlikləri ilə sıx əlaqə yaradaq. Bu tədbirdən öncə Polşa səfirliyinin iştirakı ilə maraqlı tədbir keçirilmişdir. Həmin tədbir, üzərində Leopold Rostropoviçin şəxsi imzası olan «Şopenin avtoqrafı» adlı əsərinə həsr olunmuşdur. Qeyd etməliyik ki, bu əsər ilk dəfə səslənirdi. Bugünki tədbirimiz isə Azərbaycan və Litva, muzey və fond arasında möhkəm körpünün qurulmasına imkan yaratdı”.
    Ümumiyyətlə, Litva dövləti hər zaman M.Rostropoviçi yüksək qiymətləndirirdi. Onun çox saylı mükafatları arasında: II dərəcəli Böyük Knyaz Qediminas ordeni, «13 yanvar» xatirə medalı, Litvanın «Şərəfli vətəndaşı», Litvanın dövlət mükafatını sadalamaq olar. Tədbirdə təşkil olunan sərgidə qonaqlar Litva Respublikası tərəfindən M.Rostropoviçə verilən “13 yanvar” adlı medalını, onun Litvada verdiyi konsertlərin proqram, afişa, buklet, disklərini seyr etdilər. Sonra konsert proqramı başladı. Konsertdə Litva Respublikasından Litvada və AB-nin bir sıra ölkələrindəki müxtəlif yarışlarda uğurlu çıxışlar etmiş, pianoçu Morta Qriqalüneyte, bir sıra beynəlxalq müsabiqənin qalibi, violonçelist Algirdas Şoxas (2007-ci ildən Rostropoviç Fondunun təqaüdçüsü), Luozas Naujalis məktəbinin (Kaunas) tələbəsi, Respublika və Beynəlxalq yarışların laureatı, klarnetçi Jilvinas Brazauskas (Fondlar Jilvinası 2007-ci ildən bəri dəstəkləyir), Bakı Musiqi Akademiyasının simli alətlər şöbəsinin IV kurs tələbəsi, 2004-cü ildə Respublika müsabiqəsinin laureatı və diplomantı, 2009-cu ildə Portuqaliyada keçirilən “Gənc ifaçıların Beynəlxalq konkursunda ”I mükafat və laureat adına layiq görülmüş L.Mürşüdlü Bülbül adına orta ixtisas musiqi məktəbinin V sinif şagirdi, K. Səfərəliyeva adına “Gənc ifaçıların III festivalın”da fəxri fərmanla təltif edilmiş, I Respublika müsabiqəsinin laureatı V.Vəkilov fortepianoda, M.Rostropoviçlər adına uşaq musiqi məktəbinin VIII sinif şagirdi, Respublika müsabiqəsinin laureatı K.Ömərli skripkada zəngin repertuarla çıxış etdilər. Konsert proqramında Azərbaycan, Polşa, Litva bəstəkarlarının əsərləri ifa edildi. Lalə Mürşüdlinin ifa etdiyi -“Violonçel və fortepiano üçün sonata” əsərini D.D.Şostakoviç M.Rostropoviçə həsr etmişdi. Musiqiçilərin ifası dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılandı. İfaçılara muzey tərəfindən 2008- ci ildə H.Əliyev Fondu tərəfindən keçirilən II Beynəlxalq Rostropoviç Festivalının təqvimləri, Litva Respublikasının M.Rostropoviç adına xeyriyyə fondunun təqaüdçüləri tərəfindən buklet və disk, həmçinin Bakıda keçirilən konsertin afişası təqdim edildi.
   Qonaqlar tədbir haqqında öz fikirlərini söyləyərək dərin təşəkkürlərini bildirdilər.
   
   Şeyla Heydərova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar