Finalçılar özlərini nə ilə fərqli bilirlər?
   
   Bu gün «Eurovision» müsabiqəsi dünya ölkələri arasında ən çox sevilən və maraqla izlənilən yarışmalardan biridir. Artıq 55-ci dəfə keçiriləcək müsabiqəni uzun illər yalnız kənardan bir tamaşaçı kimi izləsək də, sevindirici haldır ki, artıq 3 ildir biz də bu yarışmanın iştirakçılarından biriyik.
    Norveçin paytaxtı Osloda keçiriləcək builki «Eurovision-2010» mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək müğənninin adı fevralın 2-də Buta Palasda keçiriləcək konsert proqramında müəyyən olunacaq. Hazırda ölkəmizi təmsil etmək üçün iddialı olan 6 iştirakçı bu proqrama hazırlaşmaqdadır. Beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil etmək istəyən bu gənclər seçim turundan yarımfinal mərhələsinə çıxıb. 2010-cu ilin 25 və 27 may tarixində iki yarımfinalı, 29 may tarixindəsə finalı keçiriləcək. Qeyd edək ki, «Eurovision-2009” müsabiqəsində iştirakçı ölkələr arasından Çernoqraya, Macarıstan, Çexiya və Andorra iqtisadi böhranı səbəb gətirərək yarışmadakı iştirakdan imtina edib. Bu il cəmi 39 Avropa ölkəsi iştirak edərək, öz ölkəsinə uğur qazandırmağa çalışacaq.
   1. Siz ölkəmizi təmsil etsəydiniz Norveçdə nəyi önə çəkərdiniz? (sevgi, millilik, geyim, tariximiz…)
   2. Sizi digər iştirakçılardan fərqləndirən cəhət nədir?

   
   Azad Şabanov (1991-ci ilin 3 yanvar tarixində Bakı şəhərində dünyaya göz açıb. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. ATV telekanalında keçirilən «Yeni ulduz-7» mahnı müsabiqəsində ikinci yeri qazanıb. 2008-ci ildə Moldovanın, Kişnev şəhərində keçirilən “Song of the World” festivalında laureat adına və FİDOF-un xusüsi diplomuna layiq görülüb):
   - Ölkəmizi belə bir mötəbər musiqi yarışmasında təmsil etmək mənim üçün böyük fəxrdir. Layiqincə çıxış etmək üçün əlimdə olan bütün şanslardan maksimal dərəcədə istifadə edəcəm. Çalışacam ki, çıxışım unudulmaz olsun. Avropalılara Azərbaycan mədəniyyətini düzgün prizmadan çatdırmağa çalışacam.
   
   Səfurə Əlizadə (1992-ci il sentyabrın 20-də Bakıda anadan olub. Kaman və saksafon üzrə orta musiqi təhsili alıb. Müxtəlif müsabiqələrdə iştirak edib. “Yeni Ulduz-8” müsabiqəsində birinci yeri qazanıb):
   - Əgər qalib gələrəmsə Norveçdə özümü hərtərəfli göstərmək istəyirəm, həm səs tembri, həm də şou baxımından. Çalışacam ki, bütün potensialımı göstərim. Digər finalçıların mahnılarına tam qulaq asmamışam və özlərini səhnədə necə apardıqlarını bilmirəm, lakin düşünürəm ki, digər iştirakçılardan səs tembirim ilə, alətdə saksafonda ifa etməyimlə, görünüşüm ilə, səhnədə daha plassik ola bilməyim ilə fərqlənirəm. Finala keçəcəyimə inanıram, əks halda bu müsabiqəyə qatılmazdım.
   
   Elli (1987-ci il iyunun 6-da Bakıda anadan olub. Dörd yaşından Almaniyada yaşayır. Müxtəlif müsabiqələrdə iştirak edib, Almaniyanın “Popstar” teleşousunda final mərhələsinə çıxıb):
   - İlk növbədə Avropa səhnəsində təcrübə. Bildiyinizə görə mən uşaqlıqdan ailəmlə Almaniyada yaşayıram və orada 2006-cı ildə kastinqdə qalib gəlib, Almaniyanın populyar “POPSTAR” musiqi yarışmasına düşdüm. Orada bizimlə Almaniyanın şou-biznes aləmindəki bir nömrəli prodüserləri, bəstəkarları, xoreoqrafları, stilistləri və s. məşğul olurdular. “POPSTAR” mənə çox böyük biliklər verib.
   Avropa şou-biznesinin peşəkar mütəxəssislərin mənə verdiyi biliklər var və məncə, mənim əsas fərqim budur. Milli seçim turlarında qalib gəlsəm çox istərdim Avropa tamaşaçısına Azərbaycanımı daha da yaxından tanış edəm.
   Əlbəttə ki, bütün yaradıcı məqamlar, yəni musiqi, mətn, geyim, xoreoqrafiya, və s. mütəxəssislər tərəfindən hazırlanacaq, mən isə çox böyük məmnuniyyətlə peşəkarcasına çıxış edərəm. Mən çox vətənpərvər bir insanam. Almaniyada yaşadığım Dortmund şəhərində isə evimin balkonumdan Azərbaycan bayrağı dalğalanır və mən hər gün evdən çıxanda və evə qayıdanda həqiqətən fəxr edirəm ki, bu bayraq məhz mənim evimdən dalğalanır.
   
   “Milk&Kisses” (Qrupun hər iki xanım üzvü Bakıda anadan olub - Fəridə 1983-cü il 3 sentyabr, Dilarə 1984-cü il 20 may. Professional musiqi təhsili alıblar. “Unformal” rok-qrupunun solistidirlər):
    - Muğamlardan, aşıq yaradıcılığından, folklorumuzdan gələn elementlərdən, çalarlardan gələn milli musiqimizi dünyaya göstərmək arzusundayıq. Bizi digərlərindən fərqləndirən cəhət əsas təcrübədir. Artıq bu qrup neçə illərdir fəaliyyət göstərir. 2008-ci ildə Kiyevdəki “Eurovision” musabiqəsinin bir ay əvvəlki hazırlıqlarında iştirak etmişik, gedişatı izləmişik, daha sonra Elnur və Samir ölkəmizi təmsil etdiyi vaxtda müsabiqənin mərkəzi olan Belqradda olub və yarışmanın canlı şahidi olmuşuq. Ümumiyyətlə yarışmanın necə keçdiyini bilirik, təcrübəmiz var.
   
   Ülviyyə Rəhimova (1983-cü il avqustun 2-də Bakıda anadan olub. ADMİU-nin məzunudur, tələbə vaxtı “Bəri bax” qrupunun tərkibində müxtəlif müsabiqə və festivallarda iştirak edib):
   - Seçimdə qalib gəlsək, Norveçdə iştirakımız zamanı qalib bəstəkarın mahnısını ifa etmiş olacağıq. Öz musiqi istiqamətim və səs tembirim ilə ölkəmizi təmsil etmək niyyətindəyəm. Hər bir Azərbaycan təmsilçisi kimi məndə ən yüksək səviyyədə vətənimizi tərənnüm etməyə, öz istedadımı tam şəkildə göstərməyə çalışacam. Düşünürəm ki, digər iştirakçılardan əsas musiqim ilə və vətənə olan sonsuz sevgim ilə fərqlənirəm. Bütün iştirakçılar qalib gəlməyə layiqdir, amma bir qrup olaraq qalib gələcəyimizə inanırıq, özümüzə güvənirik.    

   Məryəm (1985-ci il iyunun 2-də Bakıda anadan olub. Orta musiqi təhsili var. 2003-ci ildə “Bakı payızı” müsabiqəsində iştirak edib):
   - Azərbaycan yarımfinalında da iştirak etmək mənim üçün böyük bir fəxrdir. Əlbəttə istərdim ki, yarımfinalda qalib gələrək Azərbaycanı «Eurovision» musiqi yarışmasında məhz mən təmsil edim. Əgər bu mənə nəsib olsa mən çox parlaq və gözəl nömrə seçərək, özümü təsdiqləyəcəm. Təbii ki, mahnı seçimi məndən deyil, bəstəkarlardan asılıdır. Bütün qüvvəmi sərf edəcəm ki, Azərbaycanın xalq musiqisinin özəlliklərini və zənginliyini Avropaya çatdırım.
    Mən istəyirəm ki, səhnəyə çıxarkən öz istedadımı, nəyə qadir olduğumu yüksək səviyyəli performansla nümayiş etdirim. Azərbaycanı Norveçdə təmsil etmək üçün iddialı olan 6 iştirakçının hər biri özünə məxsusluğu ilə digərlərindən fərqlənir. Ən çox kimin fərqli və istedadlı olduğuna isə münsiflər heyəti və tamaşaçılar qərar verəcək. Ümid edirəm ki, layiqli iştirakçı vətənimizi «Eurovision»da təmsil edəcək.
   
    Könül M.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar