Azərbaycan xalqının zəngin və qədim tarixinin, mədəni irsinin bir qolu da muğam sənətidir. Millətin milli özünüdərki, yaşam tərzi və soy-kökünün göstəricisi olan bu sənət növü həm də müasir dünyaya çıxış kodumuzdur desək, yanılmarıq. Çünki yalnız bu böyük irslə biz dünya mədəniyyətləri, musiqiləri arasında fərqliliyimizi, qədimliyimizi, fundamentallığımızı sübut edə bilərik. Mədəniyyətlərin dialoqu və folklor nümunələri ilə beynəlxalq mədəni aləmə inteqrasiya kontekstində əhəmiyyətli istinad nöqtəsi olan muğam sənəti həm də xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük ərmağandır. Odur ki, onu yaşatmaq, orijinallığını qorumaqla öyrənmək və öyrətmək hər kəsin borcudur.
   
   Bu istiqamətdə Heydər Əliyev Fondunun bir-birinin ardınca həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Elə yaxın günlərdə istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi də bu məqsədyönlü və uğurlu siyasətin davamıdır.
   Dünya standartları səviyyəsində, ən yüksək texnologiyaların tətbiqi ilə inşa olunan bu mərkəz Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyətə malikdir.
   Mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Xatırladaq ki, belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği fikri görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə keçirilən dəyirmi masada qərara alındı və qısa müddətdən sonra (2005-ci il 6 aprel) prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atıldı. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
   2005-ci ilin avqustunda prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulan Beynəlxalq Muğam Mərkəzi ötən ilin sonlarında muğamsevərlərin ixtiyarına verildi. Ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli bina özünəməxsusluğu, fundamentallığı ilə göz oxşayır. Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladan tikili bu qədim sənətin abidəsinə çevrilərək Bakının ən görkəmli yerini bəzəməkdədir.
    YUNESKO ilə əməkdaşlığın bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzi ən möhtəşəm tədbirlərə ev sahibliyi etməkdə və milli mədəniyyətimizin kökünü təşkil edən muğamın sədasını dünyaya yaymaqdadır.
   Bu fikir və ali məqsəd barədə mərkəzin açılışı münasibətilə düzənlənən mərasimdə çıxış edən ölkə rəhbəri İlham Əliyev bir daha vurğuladı: "Beynəlxalq Muğam Mərkəzinin yaradılması çox böyük hadisədir. Xatırlayıram, üç il bundan əvvəl bu yerdə bu gözəl binanın təməlini qoyduq və yəqin o vaxt heç təsəvvür edə bilməzdik ki, nə qədər gözəl bina tikiləcəkdir. Bu binada həm müasirlik öz əksini tapır, eyni zamanda, binaya yuxarıdan baxanda görürsən ki, Azərbaycan xalqının qədim xalq çalğı alətləri burada təsvir olunur. Yəni burada müasirliklə qədim tarix qovuşur, birləşir və bəlkə də, bu, bu gün Azərbaycana xas olan ən önəmli xüsusiyyətlərdən biridir.
   Bu bina Azərbaycan xalqına xidmət edəcəkdir. Bu binada gözəl tədbirlər keçiriləcəkdir, gözəl konsertlər, muğam gecələri keçiriləcəkdir. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçsin".
   Yetişən gənc nəslin mükəmməl, milli-mənəvi dəyərlərlə cilalanmasında öz yeri olan bu mərkəzin mənəviyyat ocağı olması kimi dəyərli bir missiyası da var. Bunu da ölkə başçası bir daha vurğulamaqla gələcək üçün proqnoz da verdi: "Bu gün gözəl gənc nəsil yetişir. Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş muğam müsabiqələrinin keçirilməsi çox böyük maraq doğurur, çox böyük məna daşıyır. Bu, gənc nəslin vətənpərvərlik ruhunda, milli ruhda böyüməsinə xidmət göstərir. Bizim gənclərimiz milli ruhda böyüməlidirlər. Biz bütün ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə böyük hörmətlə yanaşırıq. Ancaq bizim üçün ən əsas milli dəyərlərimizdir. Baxmayaraq ki, biz əsrlərlə müstəqillikdən məhrum olmuşduq, amma Azərbaycan xalqını onilliklər, əsrlər boyu bir millət kimi qoruyan milli mənəvi dəyərlərimiz, ənənələrimiz olubdur, musiqimiz, ədəbiyyatımız, ana dilimiz, incəsənətimiz olubdur. Bütün bunları muğam sənəti ehtiva edir. Muğam sənəti vətənpərvərlik sənətidir, muğam sənəti sevgi, məhəbbət sənətidir. Vətənə sevgi, ailəyə sevgi Azərbaycan xalqına xas olan xüsusiyyətlərdir".
   Böyük və qədim mədəniyyətimizlə çıxdığımız yolda, mədəniyyət mübadiləsində bu miras ən böyük silahımız, ən böyük üstünlüyümüzdür.
   
   
   YUNESKO-nun baş direktoru
   Koişiro Matsuura:
   
   “Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilməlidir. Mən ölkənizə hər səfərim zamanı daha böyük və gərəkli mədəni layihənin gerçəkləşməsinə şahidlik edirəm. Bu mənada Beynəlxalq Muğam Mərkəzini, Dövlət Xalça Muzeyini, Beynəlxalq Muğam Festivalını misal göstərə bilərəm. Bunlar çox böyük təəssürat bağışlayan mərasimlər idi. Eyni zamanda təşkilatımızla münasibətlərin inkişaf etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən Azərbaycanın öz zəngin mədəniyyətini, adət-ənənələrini yüksək dəyərləndirdiyini bir daha bəyan edirəm. Biz Azərbaycanın adət-ənənələrinin bu səviyyədə təşviq olunması və qorunmasından çox məmnunuq. Bütün bu işlərə, təşəbbüslərə görə mən birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
   
   İSESKO-nun baş direktoru
   Əbdüləziz Osman əl-Tuveycri:

   
   «Mən İSESKO-nun baş direktoru seçiləndən bir neçə gün sonra Azərbaycan təşkilata üzv olan ilk ölkədir. Cənab prezident İlham Əliyevin sayəsində bizim Azərbaycanla çox gözəl əlaqələrimiz mövcuddur. O, İSESKO-nun sivilizasiyalı və bəşəri missiyasına böyük etimad göstərir, hər dəfə bu gözəl ölkəyə səfərimizdə bizi açıq ürəklə qarşılayır. Təşkilat olaraq yaxın gələcəkdə ölkənizlə pedaqoji, elmi və mədəni sahələrdə də əlaqələrimizi genişləndirmək niyyətindəyik. Bu günə qədər Bakıda mühüm konfranslar keçirmişik və gələcəkdə bu işləri davam etdirəcəyik. Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq proqramları üzərində çalışırıq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bizim təşkilatın xoşməramlı səfiridir. Bu baxımdan mən fondla İSESKO arasında bağlanmış əməkdaşlıq haqqında müqavilədən şərəf duyuram. İSESKO ilə Azərbaycan arasında əlaqələr ən müxtəlif sahələdə inkişaf edir və bu əlaqələrin qurulmasında, inkişafında Mehriban xanımın böyük əməyi var. Yaxın gələcəkdə qədim mədəniyyət mərkəzi olan Azərbaycanla əməkdaşlığı ən müxtəlif sahələrdə genişləndirməyi planlaşdırırıq».
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar