“Eurovision” beynəlxalq yarışması ətrafında yaranmış həyəcan neçə aydır ki, sürməkdədir. Dünya ölkələrinin 54 ildir yoluxduğu “Eurovision” «xəstəliyindən» Azərbaycan üç ildir ki, «əziyyət» çəkir. Amma insaf naminə demək lazımdır ki, Azərbaycan, mərd-mərdanə bütün sınaqlardan layiqincə çıxmağa çalışır və bunu bacarır da. Belə ki, ildən-ilə güclü ifaçi seçimimizlə ölkəmizi təmsil etməyə daha maraqlı təqdimatlarla çıxmağa səy göstəririk. 2 fevralda keçirilmiş müsabiqənin yarımfinal mərhələsi də Azərbaycanın gənc istedadlardan xali olmadığını göstərdi. Altı nəfər namizədin özünəməxsus özəlliyi və bu müsabiqədə iştirak etmək haqqı kifayət qədərdir. Ancaq misal var, «kimisinə niyyət, kimisinə qismət». Norveçə kimin yolunun düşəcəyi hələ tam dəqiqləşməsə də, seyrçi və peşəkar ehtimalları daha çox Safurə Əlizadə və Məryəm Şabanovanın üzərində dayanır. “Milk&Kisses” qrupu da fərqli və maraqlı performans göstərmək iqtidarındadır. Bir sözlə, yarımfinal mərhələsində layiqli heç kimin seçim haqqı «yeyilməyib».
   “Eurovision” müsabiqəsinin yazılmamış qanunları olması da artıq heç kəsə sirr deyil. Yarışmadakı qalibiyyətin təkcə gözəl səs və gözəl ifa üzərinə köklənməməsindən söhbət gedir. «Filankəs birinciliyə layiq idi», «filankəs zəif çıxış elədiyi halda qalib oldu» kimi kəlmələr də bu “Eurovision”da öz təsir qüvvəsini itirir. Çünki yaşı yarım əsri adlamış bu yarışma, seyrçiləri ilbəil yeni sürprizlərə alışdırıb artıq. Yəni sən bəyənsən də, bəyənməsən də, qalib «O»dur. Fərqi yoxdur, bu «O», öz ölkəsində və yaxud da beynəlxalq miqyasda nə dərəcədə populyardır, fərqi yoxdur. «Onun» səhnə təcrübəsi uzun illərə söykənir, ya hələ debütantdır, fərqi yoxdur «Onun» əməkdar və yaxud xalq artisti fəxri adları, ya da madonna, primadonna, krallar kralı və ya bu tipli titulları var, ya yox. Bu yarışmadan «suyu süzülə-süzülə» qayıtmış o qədər dünyaşöhrətli ulduzlar olub ki. Hər bir halda, hər bir vəziyyətdə məqsəd birdir: hər kəsi təəccübləndirməlisən. Tanımadığın, qarşısına bəlkə də ilk dəfə çıxdığın tamaşaçıları ovsunlamalısan. Və ən əsası bu yarışmanın bütün sərt və bir qədər də qeyri-obyektiv siyasi məqamlarla dolu sipərlərinə cavab verəcək potensiala malik olmalısan...
   
   Sevda BABAYEVA






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar