Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi xidmətləri olan təhsil ocaqlarından biri də Georgi Şaroyev adına 35 saylı Musiqi məktəbidir. Yarandığı ilk çağlardan yüksək musiqi, əsl sənət məbədi olan məktəb bu gün də professional musiqinin inkişafına xidmət edir. Hər gün burdan ətrafa yayılan gözəl melodiyalar, gün-gündən cilalanıb püxtələşən klassik və müasir üslublu ifalar yaxından-uzaqdan keçən hər kəsin diqqətini çəkir.
   
   Nə az, nə azacıq - düz 75 ildir burda balalarımıza musiqi təhsili verilir, gözəl ifaçılıq vərdişi aşılanır, zəngin mədəniyyət tariximiz öyrədilir, musiqi irsimiz təbliğ olunur, eyni zamanda gələcəyə zəmin yaradılır. Bu musiqi məktəbinin yaranması məşhur musiqiçi Georgi Şaroyevin adıyla bağlıdır. Xatırlatmaq yerinə düşər; Azərbaycan fortepiano məktəbinin yaradıcılarından professor Şaroyevi hələ 1919-cu ildə böyük bəstəkarımız Üzeyir bəy Hacıbəyli Bakıya dəvət etmişdir. Milli Konservatoriyanın yaradılmasında Şaroyevin önəmli xidmətləri olmuşdur. Bu il G. Şaroyevin anadan olmasının 120, onun adını daşıyan musiqi məktəbinin isə 75 yaşı tamam olur. Hər iki yubileylə bağlı görüləcək işlər, məktəbin fəaliyyəti, kollektivin uğurları barədə söhbət üçün son on beş ildə 35 saylı Musiqi Məktəbinə rəhbərlik edən, ötən illərin zəngin ənənələrini diqqət və qayğıyla qoruyub yaşadan direktor Yusif Vəliyevlə görüşdük. Adlı-sanlı məzunlarıyla, yüksək ixtisaslı müəllimləriylə öyünən, beynəlxaq müsabiqələrdə laureat adı qazanan yetirmələriylə fəxr edən kollektivlə bizi Yusif müəllim tanış edir:
    - Hər iki yubileylə bağlı yaz aylarında bir neçə tədbir keçiriləcək, indi onlara hazırlaşırıq. Şaroyevin yetirmələriylə, məktəbimizin məzunlarıyla silsilə görüşlər nəzərdə tutulub. Gənc musiqiçilər yeni əsərlər üzərində işləyir, çoxlu məşq edirlər. Seçmə ifalardan ibarət konsert proqramı üzərində iş gedir. Keçirəcəyimiz tədbirlər bizlərin hər birinin müəllimi Georgi Şaroyevin xatirəsinin anılmasına, məktəbimizin yubileyinə gözəl töhfə olacaq. Tanışlıq üçün bildirim ki, məktəbimizdə fortepiano, simli nəfəs alətləri, xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələri fəaliyyət göstərir. Məktəbimizdə 20-yə yaxın ixtisas tədris olunur, bu ixtisaslarda 375 şagird təhsil alır. Müəllim kollektivi ixtisaslı kadrlardan ibarətdir. Burda dörd professor, məsləhətçi, bir dosent və iki baş müəllim çalışır. Gözəl ənənəmiz var- mümkün qədər musiqi məktəbini bitirən məzunların sonrakı həyatını, fəaliyyətini diqqətdə saxlayır, onları işə dəvət edirik. Müəllimlərimizin 35 nəfəri öz məzunumuzdur.
   - Ali musiqi təhsili verən məktəblərlə əlaqələriniz varmı?
   - Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası ilə sıx əlaqələrimiz var. Hər il məzunlarımızın əksəriyyəti məhz bu məktəblərə sənəd verir, tələbə adını qazanırlar. Biz fəaliyyətimizi xüsusilə o sahəyə yönəltmək istəyirik ki, həmin ixtisaslara respublikamızda tələbat çoxdur. Bu, simli, nəfəsli musiqi alətləri ifaçılığıdır. Artıq məktəbdə arfa ixtisasını da tədris edirik. Doğrudur, bu ixtisasda şagirdlərimizin sayı azdır, amma gələcəkdə onların Bakı Musiqi Akademiyasında bizi təmsil etmələri məktəbimiz üçün sevindirici göstərici olacaq. Akademiya rəhbərliyinin təşəbbüsü ilə fakültətiv arqan dərsləri təşkil edirik, çalışırıq bu sahəni də inkişaf etdirək. Bununla yanaşı, əsas diqqət, əlbəttə, milli musiqimizin inkişafına yönəldilib. Xalq çalğı alətləri şöbəsində tar, kamança, balaban, nağara, qarmon ixtisası tədris olunur. Eləcə də zərb alətlərinin tədrisinə başlamışıq, məqsədimiz bu sahədə də yüksək ixtisaslı mütəxəssislər yetişdirməkdir.
   - Bunun üçün peşəkarlıq və məsuliyyətlə yanaşı, maddi-texniki baza da tələb olunur.
   - Doğrudur. Hər il Mədəniyyət və Turizm Nazirliyindən məktəbimizə vəsait ayrılır, lazım olan musiqi alətləri, inventarlar və dərs ləvazimatları ilə təmin olunuruq. Məktəbimizdə kompyuter sistemi qurulub. Uşaq musiqi məktəbləri arasında yeganə məktəbdir ki, öz balansımızdadır. Amma məktəbimizin əsaslı təmirə ehtiyacı var. Çox şadıq ki, nazirimiz Əbülfəs Qarayev çıxışlarının birində bizim məktəbin bu il, yəni 2010-cu ildə əsaslı təmir ediləcəyini söyləyib. Bu bizi sevindirir, daha həvəslə işləməyə sövq edir. Yaxşı şərait yaxşı da iş tələb edir. Təlimin səviyyəsinə, tədrisin keyfiyyətinə gəlincə, onu deyək ki, bu, pedaqoqların öz üzərində işləməsindən çox asılıdır. Harda ki, yüksək ixtisaslı kadrlar, vicdanlı, peşəsinə vurğun müəllimlər var, orda keyfiyyətdən danışmaq olar. Nəticə göz qabağındadır: bu gün 11 nəfər beynəlxalq müsabiqə laureatımız, müxtəlif festivalların diplomantları, bir Prezident təqaüdçüsü yetirməmiz var. Bu göstəriciləri keyfiyyətli tədrisin, ixtisaslı müəllimlərin adına yazmaq gərəkdir.
   - Qazanılan mükafatlar, əldə olunan uğurlu göstəricilər yəqin ki, şagirdlərinizi bir qədər də həvəsləndirir. Tanınmış musiqi xadimləri ilə məktəbinizdə görüşlər təşkil edilirmi?
    - Böyük bəstəkarımız Arif Məlikovla, sevimli pianoçumuz, bəstəkar Elmira Nəzirova ilə, bəstəkarlar Oqtay Zülfüqarovla, Musa Mirzəyevlə görüşlər, bəstəkar Süleyman Ələsgərovun yubileyinin qeyd edilməsi şagirdlərimiz üçün örnək, bir növ məktəbdir. Türkiyədə çalışan musiqiçi İslam Manafov bu yaxınlarda Bakıda olarkən onu görüşə dəvət etdik. Görüş maraqlı keçdi. Belə tədbirlər uşaqların musiqiyə, incəsənətə daha çox maraq göstərməsinə, bu sənətə əbədi bağlanmasına müsbət təsir edir. Musiqi məktəbi sənət məbədidir. Burda milli sərvətimiz olan Azərbaycan musiqisi tarixinə yeni səhifələr yazılır. Bu işdə əməyimiz olduğuna görə xoşbəxtik.   

   Mahmud VƏLİ







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar