Daxili Qoşunların Nümunəvi-Göstərici Hərbi Orkestri fəaliyyət göstərdiyi 15 il ərzində nümunəvi olduğunu sübut etdi.
Hərbi marşlar və hərbi musiqilər zamanından və məkanından asılı olmayaraq insanları mübarizəyə və qələbəyə səsləyir. 1993-cü ilin ağır günlərində əsgər və zabitlərdə ruh yüksəkliyi yaratmaq üçün Daxili Qoşunların Nümunəvi-Göstərici Hərbi Orkestri yaradıldı. Peşəkar musiqiçilər və ifaçılar Daxili Qoşunların bu təşəbbüsünə tək musiqiçi kimi yox, həm də əsl vətəndaş olaraq qoşuldular. Orkestrin rəisi və baş dirijoru, mayor İlqar Novruzov o günləri belə xatırlayır:
- O zaman konservatoriyada dərs deyirdim. Orkestr yaradılanda məni də pianoçu kimi dəvət elədilər. Cəmi beş gündən sonra biz Biləcəri hərbi hissədə çıxış etdik. Sonra döyüş zonası olan Füzuli bölgəsinə yollandıq. Yadımdadı, Horadiz qəsəbəsində günün altında dörd saat konsert verdik. Əsgərlərdə ruh yüksəkliyi yaratmaq, döyüş əzmini artırmaq üçün bütün döyüş bölgələrini bir-bir gəzib konsert proqramları ilə çıxış edirdik. Axı, Vətənin ağır günündə hər kəs öz sənəti ilə xalqına xidmət etməlidir.
İlqar Novruzov bir müddətdən sonra kiçik estrada qrupuna rəhbərlik edir. Az müddətdən sonra hərbi dirijor vəzifəsinə keçirilir. 6 ildir orkestrə rəhbərlik edir, marşlar yazır, aranjimanlar edir, əsərləri orkestrləşdirir. “Daxili qoşunların əsgəri” marşının sözləri və musiqisi də məhz ona məxsusdu.
Görəsən, orkestrin əsas özəl xüsusiyyətləri nədir - sualına cavab axtarıram. İlqar müəllim bildirir ki, orkestr bütün çıxışlarını canlı olaraq tamaşaçılara təqdim edir. Orkestrdə əsas nəfəsli alətlərdən - turbadan, şeypurlardan, baritondan, saksafonlardan istifadə edilir.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Nümunəvi-Göstərici Hərbi Orkestri 50 nəfərdən ibarətdi. Hər gün saat 9-dan 12-ə kimi orkestr məşqlər edir.
Orkestr ənənəvi olaraq bütün proqramlarını Azərbaycan Respublikasının Dövlət Himni ilə açır, sonra sıra repertuarından görüş marşları, marşlar və qəhrəmanlıq, vətənpərvərlik musiqiləri ifa edir.
Bütün cəbhə bölgələrində dəfələrlə olan, minlərlə dövlət tədbirlərində iştirak edən orkestr indi də qoşunların hərbi hissələrində tədbirlər keçirir. Ona görə də, orkestrin rəhbəri deyir ki, orkestr birinci növbədə yüksək səviyyədə hazırlıqlı olmalıdı - geyimindən başlamış ifasına qədər.
Əvvəldə qeyd etdik ki, orkestrin 15-ci ildönümü bu yaxınlarda tamam oldu. Bu münasibətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Azərbaycan - yurdum mənim!” adlı gecə keçirildi. Orkestrin solistləri Zaur Əmiraslanov, Zeynalabdin Kərimov, gizir - orkestrin ilk solistlərindən olan Rəna Əliyeva, Elşən Şamxalov və Mail Mailov, orkestrin solisti, əməkdar artist Azərinin çıxışları orkestrin peşəkarlığından və düzgün musiqi seçimindən bir daha xəbər verdi. Tanınmış sənətkarların bu orkestrlə birgə çıxış etmək arzusu da, orkestrin yüksək səviyyədə olmasından xəbər verir.
Əzəmətli marş bir orduya bərabərdi - deyirlər. Hələ qədim yazılı abidəmiz olan “Kitabi - Dədə Qorqud” dastanında düşmənə nifrət yaradan, döyüşə səsləyən vətənpərvər ruhlu qəhrəmanlıq nəğmələrinə rast gəlinir. İlk “Milli marş”ımız isə 1919-cu ildə Üzeyir Hacıbəyov tərəfindən yazılıb.
Zamanın nəzərindən isə heç nə yayınmır. Daxili Qoşunların Nümunəvi- Göstərici Hərbi Orkestrinin xidmətləri də xalqımızın diqqətindən yayınmayacaq. Hər bir azərbaycanlının arzusu isə torpaqlarımızın azad olunması, qələbə marşının çalınmasıdır.
Təranə