Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Canəli Əkbərovun mübarək gecəsi, 70 illik yubileyinin təntənəsiydi. Zalda tanınmış ziyalılar, görkəmli alimlər, sənət dostları, millət vəkilləri, qohum-əqrəbalar, daha kimlər, kimsələr əyləşmişdilər. Böyük xanəndə, gözəl insan olan Canəli Əkbərov güllü-çiçəkli səhnəyə daxil olar-olmaz gurultulu alqışlar başladı.
   Canəli müəllimi sevənlər, onun sənətinə qiymət verənlər səhnəyə dəvət olunur, ürək sözlərini deyirdilər. Xanəndələr, müğənnilər, sazlar, sazəndələr bir-birini əvəz edir, ürəklərə sığal çəkirdilər.
   Bu arada mənalı, məzmunlu, sazlı-sözlü gecənin aparıcısı mənə də söz verdi. “Dostlar, bu bahar təravətli gün xalqımızın musiqi bayramıdı. Muğamlarımızın, xanəndələrimizin, tarımızın, kamançamızın, qavalımızın bayramıdı. Bütün bu üstünlükləri özündə birləşdirən ziyalı Canəli Əkbərovun bayramıdı. Əzizim, bayramın mübarək! Canın sağlam, ömrün uzun olsun!” dedim.
   Sonra Canəli Əkbərovla tanışlığımızdan xatirə söylədim.

   
   
   Təxminən 35 il əvvəlin xatirəsidi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun zalında iynə atsan yerə düşməzdi. Hamı böyük intizar və sevinclə qonaqların yolunu gözləyirdi. Birazdan təkrarsız, bənzərsiz Şövkət Ələkbərova və onunla qoşa Canəli Əkbərov zala daxil oldular. Alqış sədaları aləmə yayıldı. Sazəndələr öz yerlərini tutdular. Şövkət xanım başladı, nə başladı, oxudu, nə oxudu! Ürəkləri riqqətə gətirdi, könülləri fəth elədi.
   Sonra səliqə-sahmanlı, dalğalı saçlı, bir qədər də hünərli görünən Canəli şaqraq səsilə zilə çəkdi, zilləndi, bəmə endi, bəmləndi. Xalqımızın daha çox sevdiyi “Çahargah”ı oxudu. Elə bil bu muğam onun səsinə səslənmişdi. Burada sevgiylə, məhəbbətlə yanaşı, daha çox qəhrəmanlıq, igidlik, mərdlik qığılcımları üstünlük təşkil edir. Canəli sanki Koroğlu kimi Qırata minib Çənlibelə dəlilərin yanına qalxırdı. Səs ucalanda Canəli də yerində diklənir, şaqraq səsini zilə çəkirdi. Sonra bir qədər bəmə endi, bir təsnif oxudu. Zaldakılar heyrətdə qalmışdı.
   Sonra “Segah” üstə kökləndi. Bu muğam başdan-ayağa eşqdir, sevdadır, məhəbbətdir. Xanəndə sevgi atəşinin alovlarında məzlumlaşır, Leylini səsləyirdi, Kərəmlə Əslini yandırıb külə döndərirdi. İlahi, o nəydi, nə möcüzəydi, Canəlinin yaratdığı sirli-sehrli dünya? Bir qədərdən sonra eşq aləmindən öz aləminə qayıtdı. Yenidən birbaşa hökmlə, hünərlə, inamla: «İrəvanda xal qalmadı»nı şirinləşdirdi, şəkərləşdirdi. Bəh-bəh, nə gözəl, nə işıqlı bir dünya!
   Mən həmin ifalardan sonra Canəlini yenidən kəşf etdim. Muğam səhnəmizə bir xanəndənin gəldiyinin, o aləmi bəzədiyinin şahidi oldum. Canına sağlıq, səsinə sağlıq, nəfəsinə sağlıq söylədim. Ayrılanda Şövkət xanımın şümşad barmaqlarını, bəyaz əllərini öpdüm. Canəlini bağrıma basdım. Mənim üçün yeni kəşf, yeni ixtira olduğunu söylədim. O görüş indi də xatirimdə canlanır, o təkrarsız səs qulağımda səslənir, ürəyimdə döyünür...
   Mən etiraf etdim ki, onunla dostluq eləməmişəm. Sadəcə olaraq bir-birimizə kənardan dərin hörmət və ehtiram var. Görüşəndə gözlərimiz gülür, ürəklərimiz sevinir. Bir dəfə elə gətirdi ki, bir məclisdə yanaşı düşdük. Qəlbinə yol tapmaq üçün muğamlarımızdan, xalq mahnılarımızdan söhbət açdım, onu söhbətə çəkmək üçün. Həmişəyaşar Vurğunun musiqi dünyasından bir neçə misra dedim:
   
   Musiqi can verir ruha əzəldən,
   Musiqi qəlb alır min bir gözəldən.
   Xəyalı oxşayan hər təranəsi,
   Bir şair qəlbidi, bir canan səsi.
   
   Hər incə pərdənin öz aləmi var,
   Bəzən nəşəsi, bəzən qəmi var,
   Musiqi daşları gətirir dilə,
   Ram olur səsinə vəhşilər belə.
   
   Xeyli gözünü məndən çəkmədi, xəyala daldı, heyrətdə qaldı. Handan-hana: Xahiş edirəm, bir də de. Şeiri bir də təkrarladım. Cibindən dəftər çıxardı. Mən dedim, o da qələmə aldı. “Bəs mən xanəndə bunu niyə bilməmişəm indiyə qədər? Bu möcüzəni muğam üstə oxuyacam, aləmə car eləyəcəm” dedi...
   Musiqimizlə bağlı maraqlı, ibrətamizliklə dolu bir hadisədə də Canəli qardaşıma pay düşür. Bir gün zəng çalındı, dəstəyi götürdüm. Qəzetlərdən birindən zəng etmişdilər: “Əgər vaxtınız varsa sabah qəzetin redaksiyasına gəlməyi xahiş edirik. Musiqimizin dünəni, bu günü, gələcəyi ilə bağlı söhbət açmaq istəyirik. Məşhur sənətkarları da dəvət etmişik».
   «Gələrəm, mütləq gələrəm. Bu çox vacib məsələdir, vaxtında qaldırılmış təşəbbüsdür» - dedim.
   Ertəsi günü getdim. Kimləri görsəm yaxşıdı? Ramiz Mirişlini, Ramiz Quliyevi, Habil Əliyevi, Canəli Əkbərovu, Arif Babayevi. Hamısı da xalq artistləri, məşhur çalanlar. Salamlaşdıq. Lakin ürəkaçan bir şey görmədim. Hamısı fikirli, xəyallı, hamısı qaşlı-qabaqlı. Söhbətə Habil Kaman ara verdi. Rəngi dəyişdi, ağardı, nitqi titrədi. Mülayim səslə: «Dostlar, bizim ağlayanımız yoxdur. Halımız-əhvalımız müşküldür. Xalq mahnıları, muğamlar əldən gedir. Dınqıra süzənlər, lüt-üryanlar, açıq-saçıqlar meydan alıb, səhnələrimizin «bəzəyinə» çevriliblər. Mən çox narahatam, xalqımın musiqi zövqü korlana bilər, yoxa çıxa bilər” - dedi.
   Canəli Əkbərov yanmış, yaxılmış kimi “Korifeylərimizə, muğamlarımızı yaşadanlarımıza, bizə əmanət qoyub gedənlərimizə o dünyada nə cavab verəcəyik? Əsrlərdən gələn muğamlarımız, nəsillərə ərməğan olan xalq mahnılarımız yaddan çıxıb, könüldən iraq olub. Dözmək olmur bu möhnətə, bu siqlətə. Nəsə bir tədbir görməliyik, etiraz səsimizi ucaltmalıyıq, lazımi yerlərə çatdırmalıyıq” - dedi.
   Arif Babayev özünəməxsus təmkinlə ”Artıq vaxtdır, bəlkə də bir qədər gecikmişik də. Etiraz səsimizi yuxarılara bildirməliyik. Xalq mahnılarımız ölüm-dirim vəziyyətindədir. Gəlin ya ölək, ya da muğamlarımızı qoruyaq, namərd güllələrindən qurtaraq” - deyə əlavə etdi.
   Ramiz Quliyev çox pərişan idi. Dinib-danışanda dodaqları əsir, dili titrəyirdi: «Nə yaman günlərə qaldıq, halımız necə olacaq? Belə təşəbbüssüz yaşamaqdansa yaşamamaq yaxşıdır. İnanın, tarı əlimə alıram, tar da məndən incimiş kimi küskün görünür, dinib-danışmır. Ramiz Mirişli sakit tərzdə: danışmağın nə faydası iş görmək, mətləb anlatmaq vaxtıdır».
   Mən onların həyəcanlarını görür, hamısını axıra qədər dinləyirdim. Qəfildən ağlıma bir fikir gəldi, ağlamağın, sızlamağın nə mənası? Həm də onları qəm dəryasından qurtarmaq üçün söhbətin məcrasını dəyişmək fikrinə düşdüm. Qəfildən qəlbimdən: «Şeyda bülbül, fəğan etmə, qəm yemə, bugün-sabah yaz açılır, gül olur» misraları pərvazlandı. Heç gözləmədən hamı heyrət içində qaldı. Bir az da küskünləşdilər.
   Əzizlərim! Min illiyi ötüb keçən muğamlarımız xalqımızın yol yoldaşı, sirr sirdaşıdır. Xalqımız əsrlərcə yaşamış, muğamlarımızı yaratmış və yaşatmışlar. Xalqımız əbədidir, musiqimiz də həmişəyaşardır. Mən əbəs yerə bugün-sabah gül açır, yaz olur demədim. Gələr sahibi, milli varlığına sahib durar.
   Həqiqət gəldi, öz yerini tapdı. Xalqımızın sevimlisi, ölkəmizin birinci xanımı Mehriban Əliyeva elə bil həyəcanın səsini eşitdi. Muğam dünyamıza şam-çıraq tutdu, şölələndirdi, məşələ çevirdi. Ürəkdən hamilik elədi, havadar oldu. Qorudu muğamlarımızı, inkişaf etdirdi musiqi xəzinəmizi. Muğamlarımızı özümüzünküləşdirdi, dünyalandırdı, dünyayla bir oldu. Musiqi mədəniyyətimizin bəzəyinə, şah əsərinə çevirdi.
   
   * * *
   Mən Canəli Əkbərovun xətrini çox istəyirəm. Hər şeydən əvvəl, əsl insan olduğuna görə, sadə, səmimi, özü bütöv, sözü bütöv olduğuna görə. Həssas, duyğulu, can yanğılı olduğuna görə. Dostluqda əyilməz, sınmaz, «dost yolunda boran olar, qar olar»ı özünə bayraq elədiyinə görə. Kiçiklərə ehtiram, böyüklərə kiçiklik göstərdiyinə görə.
   Gözəl ziyalıdır professor Canəli Əkbərov. Davranışından, hərəkətindən, oturuş-duruşundan ziyalılıq yağır. Nəinki daxilən, xarici görünüşündə də, səliqə-sahmanında da, geyim tərzində də əsl ziyalıdır. İstiqanlıdır, vətəncanlıdır, müstəqilliyimizi, dövlətimizi, dövlətçiliyimizi, azərbaycançılığımızı hər şeydən üstün tutan, qəlbində, əməlində yaşadandır Canəli Əkbərov.
   Sənətilə yaşayan, sənətinin vurğunu olan Canəli müəllim kök üstə köklənəndir. Atası, el sənətkarı Xanəli kişinin arzusuna şam tutan, onun ruhunu yaşadandı Canəli müəllim. Dərs aldığı, kamala yetdiyi ustadlarını qəlbində yaşadan, ruhlarına səcdə qılandır. Təkrarsız, bənzərsiz səsə malik sevimlimiz, böyük xanəndəmizdir. Biliyini, bacarığını tələbələrinə verməkdən zövq alan, kamala yetirməkdən qürur duyan professordur Canəli müəllim.
   Tarixən böyük ailələri kiçik dövlət bilib, müqəddəs sayıblar. Qoruyublar, yaşadıblar, inkişaf etdiriblər. Lakin zaman keçdikcə böyük ailələr kiçik ailələrə bölünüblər. Hazırda ölkəmizdə böyük ailələri barmaqla saymaq olar. Onlardan biri də Canəli Əkbərovun ailəsidir. Övladlı, nəvəli, nəticəli. Hamısı da Canəlinin kölgəsi altında, şam-çırağında. Canəli bu çətin və həm də şərəfli işin öhdəsindən gəlməklə qürur duyur. Hamısı təhsilli, təlim-tərbiyəli, hamısı ataya-anaya layiq olanlar. Canəli ailəsini müqəddəs sayanlar. Nə böyük xoşbəxtlik, nə böyük gör-götür dünyası!
   Əziz Canəli! Yeni-yeni zirvələr fəth et, xalqımızı sevindir - deyirəm. Yetmişi arxaya qoyub şərəflə yaşamısan. Hamıya nümunə olmağa çalışmısan, sənətinlə, insanlığınla. Səksənə qədəm qoymusan. Sənə yeni-yeni uğurlar, qələbələr, təntənələr arzulayıram. Doxsana inamla boylan, gəlirəm de. Yüzü hayla, harayla!
   
   Teymur Bünyadov,
   akademik







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar