Əgər bir gün Azərbaycana, yaxud ayrı-ayrı bölgələrimizə həsr olunmuş nəğmələrin arasında ən yaxşısını seçmək üçün müsabiqə keçirilərsə, yəqin ki, həmin yarışın münsifləri böyük çətinliklə qarşılaşarlar. Çünki belə mahnıların sayı onlarla yox, yüzlərlədir və onların içərisindən ən gözəlini, ən yaxşısını seçmək müşkül işdir. Mövzu etibarilə bir-birini təkrarlasalar da, bəzilərinin mətni, bəzilərinin də musiqisi nisbətən bəsit olsa da, bu nəğmələri bir məqam birləşdirir: Vətənə məhəbbət, Azərbaycan təbiətinin zənginliyinə heyranlıq, gözəlliyinə vurğunluq! İndi gəl, bu mahnıların arasından ən yaxşısını seç görüm, necə seçirsən?!
   Elə biz də bu yazını yazarkən təxminən eyni çətinliklə qarşılaşdıq.
   
   Azərbaycanım, şəhərlər gözəli Bakı...
   
   O qədər də düşünmədən Azərbaycan haqqında təxminən 20, Bakıya həsr olunmuş 10-dan çox mahnını xatırladım. Əksər bəstəkarlarımızın yaradıcılığında ölkəmiz və vətənimizin ayrı-ayrı bölgələri barədə mahnılara rast gəlmək mümkündür.
   Ələkbər Tağıyevin Səməd Vurğunun «Azərbaycan» şeirinə bəstələdiyi eyniadlı mahnı ilə böyük müğənni Zeynəb Xanlarova təxminən 40 il dünyanın ən böyük səhnələrinə qədəm basıb.
   Dünyanın 56 ölkəsində solo-konsert vermiş görkəmli müğənnimiz Rəşid Behbudov Rauf Hacıyevin bir zaman «Əhməd haradadır?» filmi üçün yazdığı «Azərbaycan» nəğməsi ilə alqışlar qazanıb və həmin mahnını artıq bir filmə yazılmış musiqi parçası çərçivəsindən çıxararaq ona müstəqil həyat verib.
   Yeri gəlmişkən, həmin filmin finalında Ceyranın oxuduğu «Bakı haqqında mahnı»ya da eyni taleyi yaşamaq qismət oldu. İllər uzunu ən müxtəlif ifaçılar - həm qadın, həm də kişi müğənnilər bu mahnını sevə-sevə oxuyublar. Təxminən 15 il əvvəl sevimli müğənnimiz Brilliant Dadaşova bu nəğməni yeni aranjimanda oxudu və məşhur mahnı bu gün də onun repertuarındadır.    

   Dövrün yazdırdıqları, dövrün dinlətdikləri
   
   «Sevil» operasının, «Min bir gecə» baletinin, simfonik muğamların müəllifi kimi şöhrət tapan Fikrət Əmirovun uzun illər öncə yazdığı «Göygöl» mahnısı öz ilk ifaçısının - İlhamə Quliyevanın taleyində bir növ böyük səhnəyə vizit kartı rolunu oynayıb.
   Belə nümunələri istənilən qədər sadalamaq olar. Əslində Azərbaycana, ayrı-ayrı bölgələrə və şəhərlərə həsr olunmuş mahnıların yazılmasının pik dövrü ötən əsrin 60-70-ci illərinə düşür. Qarabağ, Şuşa, Lənkəran, Sumqayıt, Zaqatala, Quba, Şəki, Naxçıvan, Gəncə barədə məşhur mahnılar məhz həmin illərdə bəstələnib və o dövrün ən yaxşı ifaçılarının repertuarında yer alıb. Təbii ki, belə mahnıların daha çox həmin illərdə, sovet dönəmində yazılması həm də ideoloji sifariş idi. Müxtəlif dövlət konsertlərində sırf milli musiqiyə, xalq mahnılarına çox az yer verilirdi. Konserti yalnız Kommunist Partiyasını və sovet quruluşunu vəsf edən mahnıların, şeirlərin üzərində də qurmaq olmazdı. Odur ki, Azərbaycanın gözəlliklərini, təbiətini, ayrı-ayrı bölgələrimizi vəsf edən çoxlu mahnılar yazılmağa başlandı. İllər ötdü, sovet quruluşu tarixə gömüldü, amma mahnılar qaldı və Azərbaycan musiqi xəzinəsinin bir-birindən gözəl nümunələrinə çevrildi. Bir zamanlar dövrün yazdırdığı şərqilər indi də konkret dövrün çərçivəsinə sığışmayan mahnılar kimi sevilir, oxunur, dinlənilir.
   
   Qədim yurdun müasir təranələri
   
   Həmin illərdə Naxçıvana həsr olunmuş, klassik mahnı janrında bəstələnmiş ən gözəl nəğmələrdən biri olan «Araz üstü şəhərim» mahnısının müəllifi, Xalq artisti Ramiz Mirişlidən bu əsərin yaranma tarixçəsini soruşduq.
   - Bu mahnının sözlərini mərhum şairimiz İslam Səfərli yazıb. O, əsl nəğməkar-şair idi («Bakı, sabahın xeyir!» və onlarla belə gözəl mahnının mətn müəllifi - red.). «Araz üstü şəhərim»ə qədər bir neçə mahnı üzərində işləmişdik. Amma ürəyimdən keçirdi ki, doğma Naxçıvan barədə mənim də bir mahnım olsun. Fikrimi rəhmətlik İslama dedim. Bir müddət sonra mənə bu şeiri verdi. Mən də şeiri çox bəyəndim beləcə, həmin mahnı meydana gəldi. Səhv etmirəmsə, 1974-cü il idi. Ulu öndər Heydər Əliyev Naxçıvana gəlmişdi. Orada dövlət səviyyəli tədbir keçirilirdi. Bu mahnı həmin dövlət konsertində ilk dəfə səsləndi. Mahnının ilk ifaçısı o vaxt Naxçıvandan Ali Sovetə deputat seçilmiş SSRİ Xalq artisti Rəşid Behbudov olub. Təəssüf ki, bu mahnı onun ifasında lentə alınmadı. Sonralar bu mahnını görkəmli müğənnimiz Şövkət Ələkbərova, Xalq artisti Yaşar Səfərov da oxudular. Hətta bir vaxtlar Xalq artisti Natəvan Şeyxova ilə onun həyat yoldaşı, hərdənbir mahnı da oxuyan saksafonçu Rafiq Seyidzadə də bu mahnını duet şəklində oxuyublar. İndi hərdən televiziyalardakı yarışmalarda bu mahnını gənclər də ifa edirlər.
   Ramiz müəllimlə söhbətimizdə xalq arasında sox məşhur olan başqa bir - «Naxçıvan» mahnısının tarixi ilə də maraqlandıq. Ramiz müəllim dedi:
   - Bu mahnını əslən Qarabağdan olan, amma Naxçıvanda yaşayan Məmməd Cavadov bəstələyib. O, Üzeyir bəyin tələbəsi olub. 45-46-cı illərdə artıq bu mahnı çox məşhur idi. O vaxtlar həmin mahnını Məmməd müəllimin həyat yoldaşı Zərqələm xanım ifa edərdi. Mahnının sözlərini isə yerli şairlərdən biri yazmışdı.
   
   Gəncəyə aparan yollar
   
   Son 50 ildə Gəncə haqqında bir neçə mahnı bəstələnib. Həmin mahnıların ən önəmli cəhəti budur ki, sovet dövründə Gəncənin rəsmi adının Kirovabad olduğu illərdə həmin mahnılar məhz Gəncəyə həsr edilmişdi. Onlardan birini yaşlı və orta nəsil Elmira Rəhimovanın səsindən lirik estrada mahnısı kimi eşidib. O biri, daha çox oynaq xalq mahnısı ritmində bəstələnmiş mahnının ən yaxşı ifaçıları Gəncənin məşhur «Göygöl» ansamblının solisti Rövşən Behcət və Xalq artisti Zaur Rzayev sayılırdı.
   Lakin bu mahnıların arasında bir mahnı da var ki, Gəncəyə həsr olunmuş ən gözəl və ən sevimli mahnı sayılır. Söhbət «Gəncədən gəlirəm» mahnısından gedir. Mahnının sözləri böyük istiqlal şairimiz Əhməd Cavada məxsusdur. Ölkəmiz müstəqillik qazanandan sonra gözəl bəstəkarımız Emin Sabitoğlu həmin şeirə musiqi bəstələdi. Mahnının ilk və hələ ki, təkrarsız ifaçısı, Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdiri Azər Zeynalov:
   - Emin müəllim bu mahnını Türkiyədə yaşadığı illərdə bəstələmişdi. Bakıya növbəti gəlişlərinin birində «Gəncədən gəlirəm» mahnısının notlarını mənə verdi ki, bunu da səninçün yazmışam. Düzü, mahnı çox xoşuma gəlsə də o biri mahnılar kimi onu da oxumağa tələsmədim. Təxminən 3-4 il keçəndən sonra rəhmətlik Emin müəllimin hövsələsi tükəndi, Bakıda olarkən məni çağırdı ki, mahnının aranjimanı da hazırdır, gəl, studiyada yazaq. Aranjimanını da bəstəkar Cavanşir Quliyev etmişdi. Mahnını lentə aldıq, yayıldı, sevildi.
   Həqiqətən də «Gəncədən gəlirəm» dövlət səviyyəli tədbirlərdən tutmuş el şənliklərində də, toylarda da oxunulur. Bu mahnıya çəkilən klip də bizim teleməkanda ilk və ən uğurlu kliplərdən biri sayılır.
   Klipin rejissoru mərhum televiziya rejissoru, o zaman «Azərbaycantelefilm» birliyinə rəhbərlik edən Nazim Abbas idi. Ssenarinin də, mənim aktyor kimi çəkilməyimin ideyasının da müəllifi Nazim müəllimdir. Nazim müəllim «Gəncədən gəlirəm» klipini qədim Gəncənin adına, tarixinə, insanlarına yaraşdırmışdı.
   
   Vətənin musiqili xəritəsi
   
   Bir neçə il əvvəl Azərbaycanın musiqili xəritəsini xatırladan bir kompozisiya efirlərdə tez-tez səslənməyə başladı. Meyxanaçı Vüqar Azərbaycanın ayrı-ayrı bölgələrini vəsf edən məşhur mahnıları əsasən həmin bölgələrdən olan müğənnilərin ifasında «Azərbaycan diyarı» adlı kompozisiyaya əlavə etmişdi. «Azərbaycan diyarı» bəyənildi, çox keçmədi ki, ona çəkilən klip telekanallarda nümayiş etdirilməyə başladı. Əsas qəhrəman - meyxanaçı Vüqar səyyah olub bütün ölkəni gəzir, məşhur mahnıların nəqaratını ifa edən milli geyimli müğənnilər də el adəti ilə onun pişvazına çıxır, əsl qonaqpərvərliyimizi göstərirdilər.
   Həmin klipdə çox dərin sətiraltı məna var idi. Bəlkə də həmin müğənniləri eyni konsertdə oxumağa, eyni verilişə qonaq olmağa razı salmaq çətin olardı. Amma onlar «Azərbaycan diyarı» adına birləşmişdilər. Deməli, bizi birləşdirən ən böyük amal elə Azərbaycanımızdır. Əgər Vətən adına birləşə biliriksə, sabahımız işıqlıdır.
   
   Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar