O, dünyaya gələndə aləm bir-birinə dəymişdi. Şərqdə ilk dəfə qurulmuş və 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdi. Onun yerini isə xalqlara azadlıq, insanlara bərabərlik vədi ilə bolşeviklərin təmsil etdiyi yeni quruluş tutmuşdu.
   
   
   Belə bir vaxtda Şamaxıda varlı-hallı nəslin nümayəndəsi olan Məmməd kişinin ocağında ətrafdan, baş verənlərdən xəbərsiz bir oğlan dünyaya gəldi. Adını Hacı qoydular. Kimsənin ağlına gəlməzdi ki, bu körpə zamanın imtahanlarından üzüağ çıxacaq, gələcəyin böyük sənətkarı olacaq.
   Hacı əlini tarın simlərinə birinci kərə 1927-ci ildə toxundurmuşdu. Bu təmas onun vücudunu vəcdə gətirməmişdi. Bəlkə də buna macal olmamışdı. Çünki tar çalmaq şakəri olan atası Məmməd kişi simlərlə dil tapmayan oğlundan narazı qaldığından «səndən bir şey çıxmaz» hökmünü verib, onu alətdən çəkindirmişdi. Dörd il sonra 11 yaşlı Hacı artıq ən gənc solist kimi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində çalışırdı. Özündən yaşca böyüklərlə bir sırada dayanmaq onu qorxutmurdu. Onun Bakıya gəlişi cəmi üç iliydi. Amma get-gedə şəhərə alışır, buranın insanlarıyla qaynayıb-qarışırdı. Əmisi Hüseynin sayəsində Bakıya gələn Hacı taleyinin bütünlüklə buraya bağlanacağını irəlicədən ağlına gətirmirdi. 1929-cu ilin soyuq qış günündə əmisinin ona alıb bağışladığı tarla yarım əsrdən artıq yoldaşlığını da güman eləmirdi. Amma bu həyatdı...
   Şura hökuməti Məmməd kişinin ruzigarını çevirir. O, mal-mülkünün əlindən alınacağı hədəsiylə üzləşdiyindən hər şeyini atıb, gecəylə Bakıya pənah gətirməkdə görür çıxış yolunu. Topdağıtmaz mülk, mal-qara sürüsü, əkin-biçin sahibi olan birisi yenicə isinişməyə başladığı şəhərdə kirayənişin yaşamaq məcburiyyətində qalır. Belə bir vaxtda balacalığına baxmayaraq artıq orkestrdə çalışan Hacının qazandığı pullar əlindən tutur. Cəmi bir neçə il əvvəl «səndən bir şey çıxmaz» dediyi oğlu indi onların əsas güman yerinə dönür. Bu taleyin ironiyasıydı. Qarşıdasa daha ciddi sınaqlar dururdu.
   1936-cı ildə Məmməd kişi avtomobil qəzasında həlak olur. Ailənin ağırlığı bütünlüklə Hacının çiyninə düşür. O, bu yükü çəkməyə qadir olduğunu sübuta yetirmək üçün gecə-gündüz çalışır. Bir il sonra orta məktəbi bitirib konservatoriyaya qəbul olmaq istəyəndə doğmalarının qınağıyla üzləşir. «Atanın torpağı soyumayıb, eşidən-bilən nə deyər» söyləyənlərin sözünü yerə salmır. Tərbiyəsi, ədəb-ərkanı buna yol vermir. Arzusu içində boğulsa da, fəaliyyətini dayandırmır.
   17 yaşından solo çıxışlarıyla diqqəti çəkən Hacı, eyni zamanda, filarmoniyanın səhnəsində Zülfü Adıgözəlov, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva, Cahan Talışinskaya, Əlövsət Sadıqov kimi görkəmli xanəndələri müşayiətilə yadda qalır. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə iştirak edir. Bir il sonrasa gənc tarzənin yolu yenə Moskvaya düşür. Bu dəfə xalq çalğı alətləri ansambllarının Ümumittifaq baxışında iştirak etmək üçün. Üzeyir bəy onu yaxından tanımadığından bu işin öhdəsindən gəlib-gəlməyəcəyindən narahat olur. Amma Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Məmmədsadıq Abdullayevin Hacı haqqında dediyi xoş sözlər Üzeyir bəyi xatircəm eləyir. Müsabiqə zamanı gənc tarzənin adlı-sanlı həmkarlarıyla bir sırada uğurlu çıxışı münsiflər heyətini razı salır. Ən çox məmnun qalanlardan birisə qabaq sırada əyləşib onun ifasına maraqla tamaşa edən Üzeyir bəy olur. Hacının barmaqlarından süzülən «Orta Mahur» muğamı, «Fantaziya» və «Ləzginka» oyun havaları alqışlarla qarşılanır. O, Bakıya qazandığı mükafatla, əlidolu qayıdır. Amma onun üçün ən böyük mükafat dahi bəstəkarın diqqətini çəkməsi, bəyənilməsi idi. Bundan sonra həyatının uğur zolağı başlayır. Radio dalğalarında tez-tez ifası səslənir, filarmoniyanın səhnəsində davamlı çıxışları olur. 1941- ci ildə o, ilk dəfə SSRİ sərhədlərindən kənara çıxır. Yavər Kələntərli, Əlibaba Abdullayev, Qılman Salahovla birgə İranda qastrol konsertləri verir.
   İstedadlı tarzən kimi məşhurlaşması şəxsi həyatında da onun dadına çatır. Böyük Vətən müharibəsi (1941-1945) başlayanda çağırış vərəqi alan Hacını filarmoniyada sonuncu saydığı konsertdə çıxışı xilas edir. Həmin axşam onun tarının dərd-qəm yağan səsi Yavər Kələntərlinin ürəkləri sızladan iniltili avazına bələnib könülləri riqqətə gətirir. Bu səhnədən təsirlənən respublikanın hərbi komissarı «belə istedadlı cavanı döyüşə göndərmək rəva deyil» qərarına gəlir. Amma Üzeyir bəyin məsləhəti və xeyir-duasıyla konservatoriyada ali təhsil almağa başlayan Hacını növbəti sınaqda tarı köməksiz qoyur. Konservatoriyada oxumağı ilk görüşdən bir könüldən min könülə vurulduğu qızla ailə qurmasına sipər çəkir. Konservatoriyanı ali təhsil saymayan qız evi Hacıgilin elçilərini geri qaytarırlar. İşi belə görən tarzən Aliyə xanıma məhəbbətini sübut etmək üçün onun təhsil aldığı Tibb İnstitutuna üz tutur. İmtahanlardan uğurla çıxıb tələbə adını qazanır. Bundan sonra Aliyə xanımın atası inadından əl götürür, qızının razılığını verməkdən başqa əlacı qalmır.
   Maraqlı məqamlardan biri də odur ki, necə deyərlər, zorən həkim olmaq qərarına gələn tarzən sonradan bu peşəyə vurğunluğunun nəticəsi kimi uzun illər musiqiylə yanaşı, səhiyyə sahəsində də çalışır. Hətta o, sıravi həkimlikdən vaxtilə çox nüfuzlu və böyük heyətə malik 5 saylı xəstəxananın rəhbəri vəzifəsinədək yol keçir. Ustad tarzənliyi və peşəkar cərrahlığı bir araya gətirməyi bacaran sənətkar kimi sevilir, seçilir.
   Müəllimsiz, məktəb görmədən tar çalmağı öyrənən və nəinki öz dövründə, bütövlükdə tar ifaçılıq sənəti tarixində xüsusi yeri olan yaradıcılıq ömrü yaşamaq adi məsələ deyil. Belə bir xoşbəxtlik hər kəsin qismətinə yazılmır. Hacı Məmmədov sələflərindən layiqincə bəhrələnən, ənənələri mühafizəkarcasına yad təsirlərdən qoruyan, tarın, milli musiqimizin təəssübünü çəkən sənətkar kimi yaşadı. 61 il ömür sürdü. Gördüyü işlər, əməllərsə on illərə, yüz illərə bəs edər. Nəsillərdən-nəsillərə keçəcək, öyrəniləcək, seviləcək, heyrətləndirəcək irsi bunu deməyə əsas verir. Qızıl fondda saxlanan lent yazıları - «Segah», «Çahargah», «Şur», «Bayatı-Şiraz», «Çobanbayatı», «Orta Mahur», «Zabul» muğamları, təsnifləri, xalq və bəstəkar mahnıları onun ifasında əsl dərslik nümunəsidi.
   Yeri gəlmişkən, Hacı Məmmədov rus və Avropa bəstəkarlarının əsərlərini tarda ifa edən ilk sənətkar kimi də tarixə düşüb. Və o, tək bununla yox, digər yaradıcı işləriylə yeniliklərə imza atıb. Məsələn, tara gətirdiyi ifaçılıq texnikasıyla bu alətin nəyə qadir olduğunu isbat edib. Hərçənd ömrünün son günündə belə ustad tarzən əlində muma döndərdiyi alətin min bir sirrinin hələ yarısına vaqif olmadığını dilə gətirmişdi. Tar onun, necə deyərlər, ciyərparasıydı. O, hətta ölüm yatağında da tarından nigaranıydı. Son nəfəsdə dönə-dönə «ondan muğayat olun» demişdi. Kim bilir bəlkə də həmin anlarda böyük sənətkarın gözləri qarşısında daha hansı lövhələr canlanmışdı. Mənə elə gəlir ki, o məqamda Hacı tar çalmağa qərar verdiyi günü mütləq xatırlayırdı. Bu, 1927-ci ilin noyabrın 7-ə təsadüf edən, heç vaxt yaddaşından silinməyəcək tarixiydi. Həmin gün atası Məmmədlə Şamaxıdakı axar-baxarlı evlərindən çıxıb bayram şənliyinə getmişdilər. Toplaşanlar atasından tarda bir şey çalmağı xahiş etmişdi. Məmməd aləti kökləyib, sinəsinə qaldırmaq istəyəndə məclisə mahalda tarzən kimi məşhur olan Cəlil gəlib çıxmışdı. O, ədayla tarı götürüb «bax, belə çalarlar» deyəndə Məmməd kişi pərt olub mizrabı yerə qoymuşdu. Atasını hamıdan güclü sayan Hacı onun məğlubiyyətiylə barışmaq istəməmişdi. Ürəyində əsl tarzən olacağına və bu qisası alacağına söz vermişdi.
   17 il sonra Hacı tarzən Cəlillə İranda rastlaşdı. Birinci qastrolda, ikinci güzəran dalınca oralarda çalıb-çağırmaqdaydı. Tehranı, Təbrizi dolaşıb, növbəti dayanacaqda - Şahpurda konsert verən Hacı təsadüfən Cəlillə üz-üzə gəlmişdi. Cavanlığına baxmayaraq püxtə çalğısıyla həmkarını ovsunlamışdı. Onun «Orta Mahur»undan doymayan Cəlil yaxınlaşıb, «oğul, haralısan, kimlərdənsən» sualına aldığı cavabdan tutulmuşdu. Qarşısındakı bir vaxt ədayla yerində oturtduğu Məmmədin oğluydu. Amma Cəlildə daha ədalıq - nəsə qalmamışdı. Zamanın üzüdönüklüyü vaxtilə meydan sulayan tarzənin sanki qol-qanadını qırmışdı. Hacını çox təsirləndirən bu səhnə uzun müddət yadından çıxmadı.
   Tar Hacının, Hacı tarın rəmzinə çevrilib. Onu tarixin yaddaşında saxlayan tarın sayəsində Hacı Məmmədov çox şey qazanıb. 43 yaşında «Xalq artisti» fəxri adı, orden-medallar, neçə-neçə ölkələrdə uğurlu çıxışlar, tamaşaçı, dinləyici məhəbbəti və heç şübhəsiz, nəsillərə miras qalacaq ifaları əyaniləşdirən lent yazıları... Bir insan ömrü üçün yetərincə hər şey...
   Bu gün Hacı Məmmədovun adı küçələrdə, xatirə lövhələrində, kitablarda, müsabiqələrdə əbədiləşib. Onun ruhunu rahatsız edəcək nəsə yoxdu. 25 il susan tarı belə ömür-gün yoldaşı, iki-üç il öncə dünyasını dəyişən Aliyə xanımın razılığıyla tələbəsi Ağasəlim Abdullayevin sinəsində dillənir. Tar yenə oxuyur, xatirələri oyadır, könülləri coşdurur. Demək, Hacının bütün zamanlarda ürəyindən keçən çin olub, bu alət millətin sərvətinə çevrilib.
   Hacı Məmmədov 1981-ci ilin isti yay günündə dünyadan köçdü. Həmin gün də dünyaya gəlişindəki təki aləm bir-birinə dəydi. Yox, bu dəfə səbəb rejim dəyişikliyi deyildi, həm çalğısı, həm də cərrah bıcağıyla ürəklərin keşiyində dayanan, ən başlıcasısa tarda inqilab eləmiş Hacının son gedişiydi...
   Doxsanında xoş gördük! Ölümsüzlüyün mübarək, böyük tarzən!
   
   Seymur Elsevər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar