Sən məni yad edəndə əməlinlə, eşqinlə,
   Nə hicran çək, nə də qəm, nə yas tut, nə də inlə.
   Bu odlu cəbhələrdən ellər aparsın soraq,
   Mən sənə söz vermişəm, sevgilim, gözlə məni.
   
   Gəncliyi Böyük Vətən müharibəsi illərinə təsadüf etmiş qızlardan, indiki ağbirçəklərdən soruşun, onların hər biri mahnıdan heç olmasa, bircə nəqarəti xatırlayıb zümzümə edəcək.
   Bu gün sıraları seyrəlmiş veteranların, cəbhədə hər an ölümlə üzbəüz qalmış cəsur döyüşçülərin, artıq 65 ildən bəri mayın 9-nu ikinci doğum günü kimi bayram edən ağsaqqalların yadına salın bu mahnını. Hər birinin yadına vətəndən uzaq soyuq səngərlərdə keçən barıt qoxulu, romantik ovqatlı məqamlar düşəcək.
   Çünki bu nəğmə o illərin mahnısıdır! Döyüşdə vuruşan igidlərin, onların yolunu gözləyən ana-bacıların, qız-gəlinlərin həsrətini ovudan nəğmədir «Gözlə məni».
   
   Haydı, igidlər, haydı!..
   
   Musiqi həmişə savaşla, döyüşlə qoşa addımlayıb. Hətta bizim milli musiqimizdə xüsusi melodiyalar - cəngilər, döyüşə səsləyən havalar da var ki, onların nə zaman yarandığı, müəllifi bəlli deyil. Amma Böyük Vətən müharibəsi ilə yaşıd olan vətənpərvərlik mahnılarımızın müəllifləri də, ilk ifaçıları da bəllidir.
   Böyük Vətən müharibəsinin yuvarlaq ildönümlərində həmin illərə dair xatirələr çap olunurdu. 1975-ci ildə qələbənin 30 illiyi ərəfəsində o vaxtkı «Ədəbiyyat və incəsənət» qəzetində bəstəkar Əfrasiyab Bədəlbəyli musiqi cəbhəsindəki «səfərbərlik»lə bağlı xatirələrini bölüşmüşdü: «Müharibə başlayandan az sonra Üzeyir Hacıbəyov bütün bəstəkarları yanına çağırıb dedi: «Hərə bir mahnı yazmalıdır. Özü də qısa müddətə! Mahnılar üçün üç gün, irihəcmli əsərlər üçün uzaqbaşı bir həftə vaxt müəyyən olunur».
   Bəlkə də böyük sənətkar ömründə ilk dəfə yaradıcılıqla əlaqədar belə tələb irəli sürürdü. Bu, zamanın hökmü idi. Bəli, hamı çağırışa səfərbər oldu. Üzeyir özü də. Onun «Döyüşçülər marşı» (sözləri Səməd Vurğunundur) elə ilk gündən ağızdan-ağıza gəzdi.
   Üzeyir bəyin həmin qeyri-rəsmi tapşırığından sonra yaranan «Gözlə məni», «Gözləyərəm», «Yürüş marşı», «Vətən haqqında mahnı», «Partizan oğlu», «Cəbhəyə», «İrəli», «Yun corab», «416-cı diviziya», «Qızıl ordu», «Zəfər bizimdir», «Döyüşçünün andı», «Məni yada salırmı?», «Bir addım da geri dönməməli» kimi yüzlərlə mahnı o illər musiqi cəbhəsində döyüşən bəstəkar və şairlərimizin, ifaçılarımızın birgə yaradıcı əməyinin bəhrəsidir.
   Üzeyir bəy müharibə illərində «Döyüşçülər marşı» mahnısı ilə yanaşı,«Şəfqət bacısı», «Vətən ordusu», «Yaxşı yol», «Ananın oğluna nəsihəti» kimi neçə-neçə mahnı bəstələdi. Səməd Vurğun və Süleyman Rustəmin şeirlərinə bəstələnmiş «Qələbə himni» təntənəli odası böyük bəstəkarın ən mükəmməl simfonik əsərlərindən hesab edilir.
   
   Hər şeydən üstün «Vətən»
   
   O zaman çox gənc olan iki bəstəkar dost - Qara Qarayev və Cövdət Hacıyev isə müharibənin sonunu gözləmədən bu xalqlar savaşına irihəcmli musiqi əsəri həsr etmək fikrinə düşürlər. Müasir həyatdan bəhs edən operanın musiqi dili də müasir olmalıydı. Gənc bəstəkarlar demək olar ki, heç bir nümunədən bəhrələnmədən bu yolda birinci oldular.
   Təəssüf ki, bu gün biz «Vətən» operası barədə təəssüratlarımızı bölüşə bilmirik. Çünki uzun illərdir ki, bu opera oynanılmır. Onu səhnədə görüb eşidənlər də çox azdır.
   Amma o zaman, premyerası 1945-ci il may ayının 4-də (böyük qələbənin astanasında) oynanılan opera çox böyük müvəffəqiyyətlə qarşılanmışdı. Əsərin mövzusu - digər sovet xalqları ilə birlikdə mərdliklə döyüşən Azərbaycan xalqının qəhrəman övladlarının vətən uğrunda savaşının təsviri, musiqi materialının mükəmməlliyi, əsas partiyaları oxuyan SSRİ xalq artisti Bülbülün (Aslan), əməkdar artist Ağababa Bünyadzadənin (Mərdan) ifası klassik opera tələblərinə cavab verirdi.
   «Vətən» operası bu uğuruna görə 1948-ci ildə öz müəlliflərinə SSRİ Dövlət mükafatı qazandırdı.
   
   Geyib əsgər paltarını...
   
   Böyük Vətən müharibəsində Azərbaycan musiqiçiləri təkcə arxa cəbhədə çalışmaqla qələbəyə öz töhfələrini vermirdilər. Fikrət Əmirov konservatoriyada təhsilini yarımçıq qoyaraq, müharibəyə getmişdi. Voronej cəbhəsində kontuziya alandan sonra ordudan tərxis olunmuşdu. Tofiq Quliyev 1941-ci ildə «Qızıl ordu» ansamblını yaradaraq ona rəhbərlik etmiş, 402-ci diviziya üçün vətənpərvərlik mahnıları bəstələmişdi.
    Xalq artisti, görkəmli müğənni Sara Qədimova 1942-ci ildə Novorossiyskdə şahidi olduğu hadisəni illər sonra danışanda da qəhərlənərdi: «Bir dəfə konsertdə «Yaxşı yol» mahnısını oxuyurdum. Birdən komandirin əmri eşidildi. Əsgərlər əmri eşidən kimi qalxdılar. Konsert meydanında heç kəs qalmadı. Biz musiqini kəsmədik. Mən səsimi bir qədər də ucaldıb, onların arxasınca daha bərkdən oxumağa davam etdim. Mahnı ilə döyüşçülərimizə yaxşı yol, qələbə dilədim. Əsgərlər gözdən itmişdilər. Amma mahnını axıracan oxudum. Mənə elə gəlirdi ki, cəbhəçilər səsimi eşidirlər».
   
   Ruhun əbədi qidası
   
   İnsanın ən şad, ən qəmli günündə də musiqi onu müşayiət edir. Tarix boyu heç bir hərb meydanı musiqisiz keçinməyib. Bizim əfsanəvi qəhrəmanımız Koroğlunun da bir əlində qılınc, o birində telli saz olub. Sonradan Azərbaycan aşıq musiqisində Koroğlu havaları silsiləsi yaranıb.
   Başabəla XI Qızıl Ordunun da öz nəğmələri olub.
   Böyük Vətən müharibəsi illərində də vətənpərvərlik ruhuna qida verən musiqi əsərləri bəstələnib.
   Zorən taleyimizə biçilmiş Qarabağ savaşının da öz mahnıları var. 65-ci qələbə baharını yaşadığımız alman faşizminə qarşı müharibədəki qədər çox və təsirli olmasalar da, var. Amma savaş illərinin elə mahnıları var ki, onlar hansı ideologiyada yazılmasından asılı olmayaraq, həmişə aktualdır.
   Bu qələbə ovqatlı günlərimizdə də həmin illərin məşhur bir mahnısının nəqarəti yerinə düşür:
   
   Addımla cəbhəyə, düşmənə vermə heç aman,
   Zərbə vur faşizmə, aslan ürəkli qəhrəman.
   
   Əmr edir yurdumuz:
   Qoymasın ordumuz
   Dünyada bir nəfər
   Yağıdan bir əsər. 
      
   Gülcahan Mirməmməd






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar