Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə mayın 27-də Oslonun “Telenor Arena”sında keçiriləcək ikinci yarımfinalda səhnəyə ukraynalı rəqqaslarla birgə çıxacaq.
   
    “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın Təşkilat Komitəsindən bildiriblər ki, yarımfinal konsertində Səfurə Əlizadədən əlavə səhnədə 4 rəqqas olacaqdır. Ukraynalı rəqqasların təmsilçimizi müşayiət etməsi həmin ölkənin “Euromedia and Luxen Group Companies” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşacaqdır.
   Azərbaycanda yaşayan yerli və xarici vətəndaşlar mayın 27-də keçiriləcək ikinci yarımfinalda səsvermə hüququna malik olacaqlar. Mayın 29-da keçiriləcək final konsertində isə “Eurovision-2010” yarışmasının 39 ölkəsinin hər biri səsvermə hüququna malikdir. Bu yarışmada ölkə daxilində yaşayan həmyerlilərimizin Azərbaycana səs göndərmək hüququ yoxdur. Azərbaycan vətəndaşları digər 16 ölkə təmsilçisinə səs göndərə biləcəklər. Azərbaycan təmsilçisinə səs göndərmək şansından yalnız xaricdə yaşayan həmvətənlərimiz istifadə edə biləcəklər.
   Səsvermədə hər ölkə öz kodu ilə iştirak edəcəkdir. 9450 SMS nömrəsi isə ancaq Azərbaycanda yaşayan həmyerlilərimiz üçündür. Mayın 25-i və 27-də keçiriləcək yarımfinal və finalda səsvermə tamaşaçılarla yanaşı, münsiflər heyətinin iştirakı ilə həyata keçiriləcək. Bu səsvermədə hər ölkənin təyin etdiyi peşəkar münsiflər heyəti iştirak edəcək. Yerli münsiflər heyətinin tərkibi hələ açıqlanmır. “Eurovision-2010” yarışmasında tamaşaçı və münsiflərin səs hüququ 50-nin 50-yədir. 1 SMS-in qiyməti 50 qəpikdir.
   Xaricdə yaşayan həmvətənlərimizin, eyni zamanda Azərbaycan təmsilçisini dəstəkləmək istəyən tamaşaçıların diqqətinə çatdıraq ki, Səfurə Əlizadə ikinci yarımfinalda 7-ci çıxış edəcək. Hər ölkənin öz səsvermə kodu var və bu koda 7 rəqəmini yazıb SMS göndərməklə Səfurə Əlizadəni dəstəkləmək mümkün olacaq.
   Qeyd edək ki, S.Əlizadə müsabiqə öncəsində Avropa ölkələrinə promo-tur səfərlərini davam etdirir. S. Əlizadənin “Drip drop” mahnısı və bu mahnıya çəkilən klip Rumıniyada da çox böyük maraq doğurub. “Drip drop” Rumıniyanın radio dalğalarında dinləyicilər tərəfindən ən çox arzu olunan mahnıdır. Rumınlar Səfurə Əlizadənin bu müsabiqədə layiqli yer qazanacağına ümid edirlər.
   S.Əlizadənin Polşa səfəri də maraq doğurur. O, Polşanın televiziya kanallarında, eləcə də radio dalğalarındakı verilişlərə qonaq olacaq və polşalı jurnalistlərlə görüşəcək. S.Əlizadə Polşanın TVP kanalında yayımlanan və ən reytinqli səhər verilişi şousuna da qatılacaq. Müsabiqə öncəsi çox çətin qrafiklə işləyən təmsilçimiz promo-tur çərçivəsində Almaniya, Hollandiya və Belçikada da olub.
   Təmsilçimizlə bağlı digər bir xəbər isə İsrailin rəsmi fanklubu olan “Ogae - İsrail”in builki ən yüksək balı Səfurə Əlizadəyə verməsi ilə bağlıdır. Mayın 12-də bu ölkənin müsabiqə üzrə rəsmi fan-klubu 12 balı Azərbaycan təmsilçisinə verdiyini rəsmi bəyan edib və elə bu məqsədlə də xüsusi mərasim keçirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar