Deyirlər, xalq əhalisinin sayı ilə deyil, şəxsiyyətləri ilə böyükdür. Bu mənada xalqımızın böyüklüyü danılmazdır. Dünya mədəniyyətinin simaları sırasında Azərbaycanın görkəmli sənətkarlarının da adı fəxrlə çəkilir. Böyük bəstəkar Qara Qarayev də belə şəxsiyyətlərdəndir.
   
   Onun yaradıcılığından danışarkən bu irsə sadəcə nəzər salıb keçmək mümkün deyil. Q.Qarayev sənətin və insanlığın zirvələrini fəth edən, doğma xalqını dünyaya bu zirvədən tanıdan sənətkardır. Bəstəkarın milli köklər zəminində yaratdığı əsərlər dünya xəzinəsində özünə yer tutub. Bu sırada «Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərini, “Leyli və Məcnun” simfonik poemasını, “Don Kixot” simfonik qravürası, kamera və simfonik orkestr üçün konsertləri, fortepiano üçün pyesləri qeyd etmək olar.
   Dahi Ü.Hacıbəyli məktəbinin layiqli davamçısı olan Q.Qarayev novator meyilləri ilə öz üslubunu yaradaraq gələcəyin musiqi həyatına yeni yol açıb. Bəstəkar musiqi sahəsində pedaqoji fəaliyyəti ilə də bizə zəngin irs qoyub gedib. Q.Qarayev həmçinin fəal ictimai xadim idi. SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki, Azərbaycan Ali Sovetinin deputatı - bütün bu adlar, titullar böyük bəstəkarın çoxşaxəli fəaliyyətini təsəvvür etməyə imkan verir. Sovet İttifaqında bu və ya digər fəxri adlara, titullara layiq görülmək o qədər də asan deyildi. Q.Qarayev buna istedadı və zəhməti sayəsində nail olmuşdu. Bu uğurlara bir mükafat da əlavə edilir ki, o da sənətkara olan böyük xalq məhəbbətidir.
   Bəstəkarın sənət incilərindən danışarkən qeyd etməliyik ki, onların təbliği bugünün aktual, vacib məsələlərindəndir. Bu yerdə Q.Qarayevin özünün təbliğatçı kimi xidmətləri barədə də bir neçə kəlmə demək istərdim. Bəstəkar Azərbaycan musiqi sənətini, milli bəstəkarlıq məktəbimizi dünyada əzmlə təbliğ edib. Onun əsərləri keçmiş SSRİ-nin böyük konsert salonlarında, eləcə də Polşa, Almaniya, ABŞ, Fransa, Britaniya və s. ölkələrdə səslənib, bu ölkələrin musiqiçilərinin repertuarına daxil olub.
   Bəstəkar Azərbaycan xalq musiqisinin təbliğinə də mühüm töhfələr verib. Bu yerdə görkəmli musiqişünas-alim, AMEA-nın müxbir üzvü, professor Zemfira Səfərovanın tərtib etdiyi “Qara Qarayevi anarkən” kitabından (Bakı, «Elm», 2002) bəstəkarın bir xatirə qeydini diqqətə çatdırmaq istəyirəm. Bəstəkar yazır:
   “Elmi-Tədqiqat Kabinetinin rəhbəri Bülbül məni xalq musiqisi üzrə işləməyə cəlb etdi. Mən aşıq yaradıcılığını, muğamları, xalq mahnılarını və oyun havalarını fonovaliklərə yazıb onların üzərində işləyirdim. Şəki şəhərində ekspedisiyada olduğum zaman mən bir sıra qeydlər etmişdim. Bu səfərin nəticəsi çox əhəmiyyətli oldu. Çünki mənim eşitdiyim xalq mahnılarından biri sonradan Rəsul Rzanın sözlərinə yazdığım “Könül mahnısı” kantatasının əsasını təşkil etdi”.
   Bəstəkarın xalq musiqisini öyrənib, mənimsəyərək onu öz yaradıcılığında təbliğ etməsində Cabbar Qaryağdıoğlu, Qurban Pirimov kimi sənətkarların da xidmətləri olub. Q.Qarayev onların ifasında muğam və təsnifləri nota köçürərək öz əsərlərinin melodik dilində həmin ifalardan yararlanmışdı.
   Yeri gəlmişkən, bəstəkar Şəkidə ekspedisiya zamanı orada ifasını eşitdiyi bir neçə musiqiçinin peşəkar səhnəyə gəlməsinə də köməklik göstərib. Onun təşəbbüsü ilə Cəfər Bayramov, Aydın Məmmədov və digərlərindən ibarət zurnaçılar dəstəsi Dövlət Filarmoniyasında çıxış etmiş, 1938-ci ildə isə Moskvada keçirilən «Azərbaycan incəsənət ongünlüyü»ndə iştirak etmişdilər. Qara müəllimin tövsiyəsi ilə yeniyetmə yaşında peşəkar musiqi sənətinə qədəm qoyan tütək ifaçısı Abbas Abdullayev sonradan öz bəstələri ilə tanınıb, uzun müddət Filarmoniyada fəaliyyət göstərib.
   Azərbaycan musiqişünasları Q.Qarayevin yaradıcılığını layiqincə təbliğ ediblər. Bu barədə çoxlu sayda qəzet və jurnal məqalələrini, yazılan monoqrafiyaları misal göstərmək olar. Sözsüz ki, bunlar geniş bir söhbətin mövzusudur. Bizim isə bu yazıda məqsədimiz böyük sənətkarın xatirəsini anmaqdır.
   Əlbəttə, belə bir fəxarətli ömür yaşayan Q.Qarayev daim xalqın yaddaşındadır. Çünki o, öz əməlləri ilə əbədiyaşarlıq qazanıb. O, həm əsərlərinin melodik çalarlarında, həm də yetişdirdiyi tələbələrinin xatirələrində yaşayır. Ölməz bəstəkarın musiqisi və onunla bağlı xatirələr nəsildən-nəslə keçəcək.
   Bu yerdə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən (tərtibçi redaktor N.Səfiyeva) hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Qara Qarayev tələbələrinin xatirəsində” kitabında toplanan xatirələrdən bəzi nümunələri diqqətinizə yetirək.  

    “İnsan zəkasının qüdrətinə inanan Qara Qarayev hər bir mühazirəsini öz dərin intellekti süzgəcindən keçirirdi. Müdrik və bəsirətli geniş dünyagörüşünə malik olan bu böyük insan gənclərin və əsrin yeni pozitiv təmayüllərinə olan təbii maraqlarının qarşısını almadan, əksinə, onları həvəsləndirməyə çalışırdı. Buna nail olan Qara müəllim elə bir məktəb yaradıb ki, həmişə onun ardıcılları olacaq”.
   
   Firəngiz Əlizadə,
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor.
   
   “Qara Qarayevin sinfində məşğul olmaq çox maraqlı idi. O, heyrətamiz bacarıqla hər hansı bir tələbənin yaradıcı simasının fərdi xüsusiyyətlərini dərindən bilib, gənc musiqiçinin səylərini lazımi istiqamətə yönəldir, onun “istedad axını”nı düzgün olan məcraya salırdı”.
   
   Arif Məlikov,
   Xalq artisti, professor
.
   
   Kitabda belə qiymətli sözlər və işıqlı xatirələr çoxdur. Bu xatirələr Q.Qarayevi həm sənətkar, həm də bir insan kimi bizlərə təqdim edir. Bu xatirələrdə böyük vətəndaş, ölməz sənətkar yaşayır.
   13 may 1982-ci il. Bu, Qara Qarayevin cismani həyatının son günüdür. Hər il bu tarix bəstəkarın anım günü kimi qeyd olunur.
   Bu il də belə oldu. Sənətkarın adını daşıyan musiqi məktəbinin şagirdləri onun məzarını ziyarət etdilər, musiqi məktəbində bəstəkarın əsərlərindən ibarət konsert proqramı hazırlamaqla onun irsinə ehtiramlarını ifadə etdilər. Amma bu yalnız məktəb kollektivinin deyil, bütün sənətsevərlərin fikridir ki, Q.Qarayev ilin, ayın hər vədəsində anılmağa layiq, unudulmaz sənətkardır. 
   
   Səadət Təhmirazqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar