Fransanın Eql şəhərinin 1000 illik yubiley tədbirlərində səslənən muğamlarımız böyük maraqla qarşılanıb
   
   Mayın 13-14-də Fransanın ölkəmizdəki səfirliyinin dəvəti, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə muğam üçlüyü - Beynəlxalq Muğam Festivalının laureatı gənc xanəndə Vəfa Orucova, tarzən Rüfət Həsənov, kamança ifaçısı Elnur Mikayılov Fransanın Eql şəhərinin 1000 illik yubiley tədbirlərində iştirak ediblər.
   
   Fransada ilk dəfə səfərdə olan gənc musiqiçilərimiz xoş təəssüratla qayıdıblar. “Fransada Azərbaycan muğamlarını yüksək qiymətləndirir və sevirlər. Biz Azərbaycandan olan ilk musiqiçilər idik ki, bu ölkənin qədim Eql şəhərində çıxış edirdik” - deyə Rüfət Həsənov təəssüratlarını bölüşdü. O, şəhərin yubiley tədbirlərində, Azərbaycanla yanaşı, İsveçrə, Almaniya, Türkiyə və başqa ölkələrdən də nümayəndələrin iştirak etdiyini bildirdi.
   Azərbaycan musiqiçiləri yubileyin açılışında və bağlanışında çıxış ediblər. Dünya mədəniyyətinə böyük töhfələr vermiş Fransanın tələbkar tamaşaçıları qarşısında “Segah”, “Çahargah”, “Bayatı Şiraz”, “Mahur hindi” muğamlarını təqdim edən musiqiçilərimizin ifası alqışlarla qarşılanıb. Musiqiçilərimiz muğamlarla yanaşı xalq və bəstəkar mahnıları da ifa ediblər. Tədbirdən sonra şəhərin meri sənətçilərimizə yanaşaraq musiqi alətlərimizlə maraqlanıb.
   Vəfa Orucova: «Mer mənə müraciətlə «Sizin qeyri-adi səs tembriniz var, o zəngulələri necə edirsiniz. Bu, Allah vergisidir, yoxsa o səsi idarə eləməyin texnikası var?” deyə soruşdu. Mən də dedim ki, Allah vergisidir”.
   Musiqiçilərimiz Eql şəhəri barədə təəssüratlarını da bölüşdülər. “Bu şəhər İçərişəhərə bənzəyir, abidələri, qədimliyi olduğu kimi qoruyub saxlamağa çalışırlar”, - deyə Elnur Mikayılov bildirdi.
   Musiqiçilərimiz yubiley tədbirinin bir yaddaqalan məqamını da qeyd etdilər. Onların sözlərinə görə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov Eql şəhərinin merinə Azərbaycan xalçası bağışlayıb. Mer bu hədiyyəni hörmətlə qəbul edib.
   Musiqiçilərimiz bu maraqlı, yaddaqalan səfərin təşkil olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildirdilər.
   
   Təranə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar