Azərbaycan musiqi tarixinin öyrənilməsində müxtəlif dövrlərdə yaşamış alim və mütəfəkkirlərin mühüm xidmətləri olub. Onlardan Səfiəddin ibn Yusif ibn Mömün əl Ürməvi, Əbdülqadir Marağayi, Mirzə bəy, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyli kimi görkəmli simaların adlarını çəkə bilərik. Bu şəxsiyyətlərin sırasında Üzeyir bəyin layiqli davamçısı, alim və pedaqoq, əməkdar incəsənət xadimi, professor Məmmədsaleh İsmayılovun da adı hörmətlə yad edilir. Milli musiqişünaslıq elminin təşəkkül tapmasına öz töhfəsini vermiş görkəmli alim xüsusilə xalq musiqisinin tədqiqi sahəsində dəyərli tədqiqat işlərinin müəllifidir.
   
   Xalq musiqisini mükəmməl öyrənərək Azərbaycan milli lad nəzəriyyəsinin yeni, təkmilləşmiş sistemini yaratmaq onun elmi tədqiqatlarının başlıca qayəsi idi. M.İsmayılovun tədqiqat işləri təkrarsızlığı, orijinal dəst-xətti, lakonik yazı manerası ilə seçilir.
   Musiqişünas ötən əsrin 30-cu illərindən xalq musiqimizi, folklorumuzu tədqiq etməyə başlayıb. Vokal sənətimizin banisi professor Bülbülün rəhbərliyi ilə təşkil olunan ekspedisiyaların onun bu sahədəki tədqiqatlarına mühüm təsiri olub. Bu qiymətli məxəzlərdən qidalanaraq o, sonralar xalq musiqi sənətinin qanunauyğunluqlarının nəzəri təhlilindən ibarət "Azərbaycan xalq musiqisinin janrları" elmi konsepsiyasını işləyib hazırlayıb.
   M.İsmayılov xalq musiqisini müxtəlif - tarixi, nəzəri, elmi-məntiqi, ədəbi-poetik aspektlərdən tədqiq edib. O, bu mövzuda ilk monoqrafiyanın müəllifidir. Ü.Hacıbəylinin lad konsepsiyasının davamı M.İsmayılovun lad nəzəriyyəsinə dair elmi-tədqiqat işlərində öz əksini tapıb. Bu tədqiqat işlərinin bir qismi Azərbaycan Dövlət Konservatoriyasının elmi məqalələr məcmuələrində dərc olunmuş, bütövlükdə isə 1981-ci ildə nəşr edilən “Azərbaycan xalq musiqisinin muğam nəzəriyyəsinə dair elmi-metodik oçerklər"də əksini tapmışdı.
   Məmmədsaleh müəllimin lad nəzəriyyəsində novator meyillər özünü göstərir. O, Ü.Hacıbəylinin Azərbaycan xalq musiqisi sahəsində elmi-nəzəri ənənələrinə istinad edərək, bu ənənələri daha da dərinləşdirib, lad problemi ilə bağlı müxtəlif məsələləri yeniləşdirib. Bir faktı da qeyd edək ki, Ü.Hacıbəylinin rus dilində yazdığı "Azərbaycan xalq musiqisinin əsasları" fundamental işini Azərbaycan dilinə məhz Məmmədsaleh müəllim tərcümə edib.
   M.İsmayılovun yaradıcılığının bir hissəsi də onun pedaqoji fəaliyyəti ilə bağlıdır. O, uzun müddət Dövlət Konservatoriyasının müəllimi olaraq çoxlu sayda tələbələr yetişdirib, yeni musiqişünaslar nəslinin hazırlanmasında mühüm xidmətlər göstərib. Bu gün Azərbaycan musiqişünaslıq məktəbinin görkəmli nümayəndələri, Bakı Musiqi Akademiyasının müəllim və professorları olan Ramiz Zöhrabov, Elxan Babayev, Səadət Seyidova, Babək Qurbanov, Aydın Ziyatlı, Rauf İsmayılzadə, Hafiz Kərimov, Səadət Abdullayeva, Zemfira Qafarova, İmruz Əfəndiyeva və digərləri Məmmədsaleh müəllimin tələbələri olub, onun dəyərli məsləhətlərindən qidalanaraq sənət yollarında uğurlar qazanıblar. O, daim tələbələrinə öz elmi baxışlarını, qənaətlərini, mülahizələrini yaradıcı surətdə aşılayıb. Onun elmi və pedaqoji fəaliyyəti bir-birilə sıx vəhdətdədir.
   1994-cü il idi. Bakı Musiqi Akademiyasının II kursunda təhsil alırdım. Bir mövzu ilə bağlı Məmmədsaleh müəllimlə görüşdüm. O, məni mehribanlıqla qarşıladı. 82 yaşlı qocaman alim elmi tədqiqatlarının ilk dövründən sənət xatirələrini və musiqi sənəti tariximiz haqqında maraqlı faktları danışdı. Sözünün əvvəli də, sonu da Üzeyir bəylə bağlı idi. Sonda isə dedi: "Mən həyatım boyu Üzeyir bəyə borcluyam və daim onun ruhu qarşısında baş əyirəm".
   Bu, tələbənin öz böyük müəlliminə verdiyi ən ali qiymət idi. Bu gün Məmmədsaleh müəllimə də öz tələbələri məhz bu qiyməti verirlər. Xalq musiqimizin, xüsusən muğamlarımızın öyrənilməsində, folklor nümunələrinin toplanıb tədqiq edilməsində, mühüm xidmətləri olan M.İsmayılov özünün elmi-tədqiqat məktəbini yaradıb. Onun yetişdirdiyi musiqişünas alimlər bu gün həmin məktəbin ənənələrini layiqincə davam etdirirlər. 1994-cü ildə vəfat edən bu görkəmli şəxsiyyətin işıqlı xatirəsi və əməlləri onun tələbələrinin sayəsində gələcək nəslə də örnək olacaq.
   
   * * *
   Bu günlərdə Bəstəkarlar İttifaqında görkəmli alim və pedaqoq Məmmədsaleh İsmayılovun yaradıcılığına həsr olunmuş elmi konfrans keçirildi. Konfransda çıxış edən tanınmış musiqişünaslar öz müəllimləri barədə dəyərli fikirlər söylədilər.
   Sənətşünaslıq namizədi, professor Səadət Seyidova “Məmmədsaleh İsmayılov Üzeyir Hacıbəylinin davamçısı kimi”, Azərbaycan Milli Konservatoriyasının professoru Fəttah Xalıqzadə “Məmmədsaleh İsmayılovun musiqi ekspedisiyalarında iştirakı”, Bakı Musiqi Akademiyasının professoru Cəmilə Həsənova “Məmmədsaleh İsmayılovun tədqiqatlarında ladların qohumluğu məsələsi”, dosent Ellada Hüseynova “Məmmədsaleh İsmayılovun “Azərbaycan xalq musiqisinin janrları” əsərində təsnifat məsələsi”, professor Ceyran Mahmudova “Məmmədsaleh İsmayılovun pedaqoji metodları” mövzularında çıxış etdilər.
   Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova, professorlar Sevil Fərhadova, Rəna Məmmədova, Səadət Abdullayeva, gənc musiqişünas Leyla Zöhrabovanın da çıxışlarında böyük alimin elmi yaradıcılığından bəhs olundu. Konfransda M.İsmayılovun arxivində əlyazma şəklində saxlanılan elmi əsərlərin nəşrə hazırlanması məsələsi barədə müzakirələr aparıldı. Yəqin ki, yaxın zamanlarda musiqi ictimaiyyəti bu unudulmaz alimin indiyədək işıq üzü görməmiş əsərləri ilə yaxından tanış olacaqlar.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar