Əvvəlcə onu belə tanıdılar: sazda “Cəlili” ifa edən qız. İndi onun barəsində belə deyirlər: sənətdə ustadı olmasa da, özü ustad oldu. Özü isə belə deyir: sazın yolu haqq yoludur...
   
   Aşıq Sevil Xıdırova haqq yolunu seçdi. Sazın yolunda cəfalar çəkdi, saz da borclu qalmadı. İllər sonra sazının sorağı türkdilli ölkələrin söz-sənət yarışmalarından gəldi. Qardaş Türkiyənin Ankara, İstanbul, Konya, Bursa, Sivas şəhərlərində sazının, səsinin sehrinə düşənlər az olmadı. Sənəti ona “Mövlanə”, Qaracaoğlan, Atatürk qızıl medalı mükafatlarını qazandırdı.
   Aşıq Sevil Xıdırova saz sənətini təkcə səhnələrdə, məclislərdə yaşatmır, sazın ruhundan öyrəndiklərini, yaddaşına köçürdüklərini, böyük məhəbbətlə, özünün dediyi kimi, “xalqın balalarına” öyrədir. Onun çoxsaylı şagirdləri var. Bakı şəhərində məskunlaşmış Şuşa Musiqi Texnikumunda və Şuşa Xəlfəli kənd uşaq musiqi məktəbində saz ixtisası üzrə dərs deyir. Bəlkə nə vaxtsa aşıq sənətində “Sevil aşıq məktəbi” də olacaq. Kim bilir?
   
   Həyat dastanı
   
   Uşaq olanda sazı sevməzdi. Çünki radioda, televiziyada saz çalınanda anası ağlayardı. Anasının göz yaşlarına dözməzdi, öz-özünə soruşardı ki, görəsən bu alətin sirri nədədir?
   İllər keçdikcə anasının göz yaşlarının səbəbini anladı. Anladı ki, anasının nakam qardaşları bir zamanlar məclislərdə saz çalarmış, odur ki, saz səsi gələndə onun ürəyinə toxunur, xatirələrini oyadır. Sonra sazı sevdi. Həmişəlik...
   Sevil Xıdırova öz həyatını dastan diliylə danışır. Sakit, rəvan, maraqlı...
   Deyir ki, Yevlax rayonunun Tanrıqulular kəndində anadan olmuşam. Firudin kişinin qızıyam. Böyük külfət idik. Gecə-gündüz fikirləşirdim ki, necə olsa da, özümə saz almalıyam. Amma saz almağa imkanımız yox idi. 7-8-ci sinifdə oxuyanda bir gün gördüm ki, kənd soveti idarəsinin qabağında “Vilis” dayandı. Maşından buxara papaqlı, yaşlı bir kişi düşdü. «Vid-fason»undan duydum ki, aşıqdır. Yüyürüb getdim maşının yanına, soruşdum: «Aşıqsınız?». Dedi, saz bağlayıram. Öyrəndim ki, əslən kəlbəcərli olan bu adamın adı Əlişdir. Uşaq sadəlövhlüyü ilə dedim, bizə qonaq gedərsiniz? Əliş baba sözümü yerə salmadı, dedi, niyə getmirəm, qızım, həyat yoldaşım qonşu Borçalı kəndindədir, gedim onu da götürüm, birlikdə sizə qonaq gələrik. Evdə tez-tələsik süfrə açdıq. Əliş baba xanımı ilə əlində saz gəlib çıxdı. Arada fürsət tapıb ürkək-ürkək əlimi saza toxundurdum. Təsəvvür elədim ki, saz çalıram. Ürəyim çırpındı... Əliş baba sazı köklədi, çaldı, oxudu. Qonşular səsi eşidib tökülüşüb gəldilər. Əliş baba saza marağımı, məhəbbətimi görüb dedi ki, sənə yaxşı bir saz bağlayacam.
   Qonaqları yola salanda Əliş baba Mingəçevirdəki sexinin ünvanını verdi, dedi ki, gələrsən sexdə hansı saz xoşuna gəlsə, onu sənə verəcəm. Bir müddətdən sonra onun sexinə getdim. Bir saz seçdim, indiki kimi yadımdadır, o sazın 150 dollara yaxın qiyməti vardı. Desə də, belə bahalı sazı pulsuz götürə bilməzdim. Beh verdim, dedim gəlib götürəcəm.
   Bir müddətdən sonra sazı almağa getdim. Əliş baba saza bu qədər bağlandığımı görüb məni bir də sınamaq istədi. Dedi, əgər bu sazların içində həmin sazı tanısan, pulun qalanını almayacam. 20-30 saz vardı. Hamısına baxıb «o saz burada yoxdur” dedim. Dedi, get pərdəni çək. Pərdəni çəkdim, gördüm ki, saz oradadı. Dedi, halal xoşun olsun. Şad-xürrəm kəndə qayıtdım...”
   Həyatın sərt sınaqlarından keçdikcə Sevildə saza məhəbbət bir az da artır. Orta məktəbi əla qiymətlərlə bitirsə də, qızıl medalı ona yox, başqasına verirlər. Ali məktəbdə ilk imtahandan beş alsa da, sonrakı imtahandan kəsilir. Bütün bu haqsızlıqlar onun iradəsini qıra bilmir. M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil alır. Doğma məktəblərində kargüzar və müəllim işləyir. Amma saza olan sevgisi günü-gündən azalmır ki, çoxalır...
   
   Bir görüşün tarixçəsi
   
   Onun həyatında yaddaqalan hadisələr çox olsa da, bir hadisə ömürlük hafizəsinə həkk olunub. O, bu görüşü belə xatırlayır: “1998-ci ildə xalqımızın böyük oğlu Heydər Əliyev Yevlax zəhmətkeşləri ilə görüşə gələndə az qala bütün yevlaxlılar onu qarşılamağa çıxmışdılar. Mən də “Heydər baba” adlı şeir yazmışdım, rayon rəhbərliyinin xoşuna gəlmişdi. Sazla o şeiri oxumalı idim. Prezident gəldi, insanları salamladı. Bizə yaxınlaşanda ilk dəfə o böyük insanı yaxından gördüm. “Müxəmməs” havası üstə sazı çalmağa başladım. Yaxınlaşıb əlini çiynimə qoydu, üç bənd şeiri sona kimi dinlədi, gülümsədi. O anda elə bil dünyanı mənə verdilər. Bu kadrlar televiziyada nümayiş olunub, şəkilləri o günün əziz xatirəsi kimi saxlayıram”.
   O gündən həm də Sevilin həyatında yeni bir mərhələ başladı. Sevil doğma kəndlərində saz musiqisi kursu açdı. 1999-cu ildə Mingəçevir şəhər Fəxrəddin Qasımov adına 3 saylı Uşaq Musiqi Məktəbinə saz müəllimi təyin olundu. Eyni zamanda, Mingəçevirdə məskunlaşmış Şuşa Xanalı kənd musiqi məktəbində saz dərsləri keçir. “7 ildə 60-70 şagirdim oldu. Yaxşı müəllim kimi tanındım”.
   2002-ci ildə ilk dəfə Şəmkirdə keçirilən gənc aşıqların respublika müsabiqəsində Sevil xanım 19 şagirdi ilə iştirak edib 3-cü yerə layiq görülür. Sonra Türkiyənin Bursa şəhərində aşıq və şairlərin yarışmasında 100 aşıq arasında 2-ci yeri qazanır.
   Azərbaycan Aşıqlar Birliyinin Mingəçevir şəhəri üzrə sədri Sevil Xıdırovanın sənət hekayətinə bu yerdə nöqtə qoymuruq. O saz sənətinin vurğunlarını hələ çox heyran edəcək, saza, sənətinə olan sevgisiylə...
   
   Təranə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar