İyunun 18-də M.Maqomayev adına Dövlət Filarmoniyasının səhnəsində Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar olaraq, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin yekununa həsr edilən qala konsert olacaq. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, ötən ilin iyun ayında elan edilən musabiqə uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması, musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaqlar üçün yaratdıqları əsərlərin təbliği, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması məqsədilə keçirilir. Müsabiqədə Bakı və Sumqayıtın uşaq və orta ixtisas musiqi məktəblərinin, musiqi kolleclərinin 8-17 yaş arası 42 yetirməsi iştirak edib.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərlik etdiyi münsiflər heyətinin yekun qərarı ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Züleyxa Usubova birinci, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Aynur Abdullayeva və Sumqayıt Musiqi Kollecinin tələbəsi Fuad Əlizadə ikinci, 21 və 16 saylı musiqi məktəblərinin şagirdləri Tural Xankişiyevlə Lamiyə Mustafazadə, məktəb-studiyanın tələbəsi Firuzə Bəylərova isə üçüncü yerə layiq görülüblər.