Liv Runesdater: “Sarı gəlin” ansamblı ilə bütün dünyanı fəth etmək istəyirik»
Şəkidə keçirilən «İpək Yolu» I Beynəlxalq Musiqi Festivalı (27 iyun-2 iyul) çərçivəsində baş tutan tədbirlərdən biri də Kiş kəndindəki Alban məbədində (dünyanın ən qədim xristian kilsələrindən biri) «Sarı gəlin» Azərbaycan-Norveç ansamblının konserti oldu. İyunun 29-da gerçəkləşən tədbirdə iştirak etmək üçün Norveçin Azərbaycandakı səfirliyinin nümayəndə heyəti də Şəkiyə getmişdi. Bu sətirlərin müəllifi də sözügedən konsert proqramını izləyənlər sırasında idi.
Qeyd edim ki, konsertin məhz bu məbəddə baş tutması heç də təsadüfi deyildi. Çünki qədim kilsə vaxtilə Norveç səfirliyinin dəstəyi ilə təmir-bərpa edilib.
İki saata yaxın davam edən konsert proqramında ansambılın vokalçıları norveçli Liv Runesdater və muğam müsabiqəsinin qaliblərindən olan Ehtiram Hüseynovun Norveç folklor musiqisi və Azərbaycan muğamının sintezi əsasında məharətlə ifa etdikləri musiqi parçaları hər kəsi heyran etmişdi.
Qeyd edim ki, ansamblın üzvləri sırasına Norveçdən skripka ifaçısı Tuva Thomassen Bolstad, akkordeon ifaçısı Lelo Nika, Azərbaycandan isə kaman ifaçısı Elşən Mansurov, vokalçı Ehtiram Hüseynov, tarzən Ələkbər Ələkbərov daxil idi. Konsertdən sonra ansamblın yaradıcılarından olan bəstəkar və vokalçı xanım Runesdaterlə həmsöhbət olduq. Ondan əvvəlcə özü haqqında məlumat verməsini xahiş etdik:
- Norveçin Stavanger şəhərində anadan olmuşam. Bizim ölkəmizdə xalq mahnılarının çoxlu növləri var. O zaman yaşlı adamlar mahnı zümzümə edirdilər. Mən onların folklor musiqi olub-olmaması ilə maraqlananda deyirdilər ki, bu qədim musiqi deyil. Amma oxumağa başlayanda, başa düşdüm ki, Şərqi Norveçdə səslənən bu qədim mahnılar həm də folklor nümunələrimizdir. Mən Vestfold və Rogalandın nadir musiqi ənənəsini davam etdirən azsaylı Norveç ifaçılarındanam. XIX əsrə aid olan və uzun müddət unudulan xalq mahnılarını aşkarladıqdan sonra yeni tədqiqat layihəsinə başladım.
Altı il müddətində “Syng hjerte” layihəsi üzərində çalışdım, aşkar etdiyim musiqi parçalarının mənsub olduğu ənənəni araşdıraraq onların üzərində özünəməxsus formada işlədim. 2008-ci ildə “Syng hjerte” adlı albom işıq üzü görüb.
Musiqi təhsilimə gəlincə, Stavanger Universitetinin musiqi və rəqs fakültəsində təhsil almışam. Hazırda tanınmış musiqiçilərlə klassik, caz, pop, rok, etnik musiqi sahəsində əməkdaşlıq etmişəm. Bundan başqa, Norveç, Braziliya, İsveçrə, Niderland, Belçika, Almaniya, Finlandiya və digər ölkələrdən olan ifaçılarla birlikdə istər xaricdə, istərsə də Norveçin konsert zallarında müxtəlif konsert proqramları ilə çıxış etmişəm. Bu ənənə bu gün də davam edir.
- Bəs sizdə Azərbaycan muğamlarına maraq necə yarandı?
- Düşünürəm ki, Azərbaycan muğamı ilə Norveç xalq mahnıları eyni kökdən gəlir. Bu musiqini ilk dəfə 2007-ci ildə Alim Qasımovun ifasında eşitmişəm və həmin vaxtdan muğama aşiq olmuşam. Bu, qeyri-adi bir hissdir. Mən bu musiqini dinlədikcə dinləmək istəyirəm. Sözləri başa düşmürəm, amma bir doğmalıq hiss edirəm. Bilirsiniz, muğamı Norveç xalq musiqisi ilə çox gözəl sintez etmək olur. Çox istərdim ki, belə bir layihə davamlı olsun.
- Məsələn, mən Ehtiram Hüseynovla birlikdə çıxış edəndə sözləri başa düşməsəm də, dərin hisslər keçirirəm. Mənə elə gəlir ki, bu mahnılar arasında hansısa əlaqə var. Beləliklə, biz bir-birimizi mahnılar, musiqi vasitəsilə başa düşürük. Mədəniyyətin vurğunuyam. Elə bu sevgidən irəli gələrək Azərbaycan musiqiçiləri ilə birlikdə bu cür ansambl yaratdıq.
Ansamblın ilk konserti bu ilin mayında Norveçin dövlət bayramı - Konstitusiya günü (17 may) Dövlət Filarmoniyasında baş tutdu.
Bu konsert proqramında da ansamblımızın “Zabul Segah”, “Şüştər”, “Bayatı-Şiraz” muğamlarını, “Sarı gəlin” xalq mahnısını qeyri-adi formada ifası hər kəsdə maraq doğurdu. Hazırda isə yeni Azərbaycan mahnıları üzərində işləyirik. Azərbaycanın “Qurban adına” mahnısını repertuarıma daxil etmək istəyirəm.
- Ansamblın adının məhz «Sarı gəlin» olması da maraq doğuran məqamlardandır...
- Bu ideyanın müəllifi Elşən Mansurovdur. «Sarı gəlin» həm də rəmzi məna daşıyır. Düşünürəm ki, bu layihə Norveç və Azərbaycan musiqisi və mahnıları arasında yaxınlıq, əlaqədir. Ansamblımızın məhz bu cür adlandırılması mənim üçün çox böyük sevincdir. Biz bu adla bütün dünyanı fəth etmək istəyirik.
- Xanım Runesdatt, sizin ansamblın Azərbaycan-Norveç musiqisini birlikdə sintez edib ifa etməsi Norveçdə necə qarşılanır?
- Norveçdə bu layihə iki ölkənin mədəniyyəti arasında bir əməkdaşlıq nümunəsi kimi qarşılanır. Məsələn, Elşən Mansurov Horvar Birqemlə əməkdaşlıq edir. İstərdik ki, belə əməkdaşlığı inkişaf etdirək. Bu layihənin özü ölkələr arasında mədəni əməkdaşlıq deməkdir. Bunu eşidən insanların çoxu deyir ki, bu, çox vacibdir. Yəqin ki, biz öz layihəmizlə ölkələr arasında mədəni əlaqələrin inkişafına, genişlənməsinə kömək edirik.
Azərbaycanda da ansamblın ifası olduqca dəyərləndirilir. Məsələn, konsertdən sonra festivalın əsas təşkilatçılarından olan Şəki İcra Hakimiyyəti tərəfindən ansamblın üzvlərinə fəxri fərman təqdim edilməsi məni çox sevindirdi. Düşünürəm ki, bundan sonra daha uğurlu layihələri reallaşdıra biləcəyik.
- Azərbaycanın qədim şəhəri Şəkiyə ilk dəfə gəlmisiniz. Təəssüratlarınız oxucularımız üçün maraqlı olardı...
- Qeyd etdiyim kimi, bu mənim Azərbaycana ikinci səfərimdir. Birinci dəfə Bakıda oldum və insanları, onların qonaqpərvərliyini bəyəndim. Şəkidə olduğum bu bir neçə gündə isə təəssüratlarım daha da zənginləşdi. Xalqınız haqqında yüksək fikirdəyəm. Zəngin musiqi mədəniyyətinə maliksiniz. İnsanlar musiqini böyük həvəslə dinləyir və bu mənim xoşuma gəlir. Bəstəkar Firəngiz Əlizadənin əsərləri ilə də maraqlanıram. Şəkidə keçirilən festivalda iştirak etməyimdən çox məmnunam. Görürəm ki, bu şəhər Azərbaycanın dilbər bir guşəsidir, qədim tarixi var.
Mehparə