O insan xoşbəxtdir ki, onu özündən sonra da yaşadan əməlləri var. Bu mənada görkəmli bəstəkar Oqtay Kazımiyə Tanrı əbədi ömür nəsib edib. O, bu ömrün cismani hissəsini başa vurub, ruhən isə əbədi olaraq əsərlərinin sayəsində yaşayacaq. Çünki Oqtay Kazımi Azərbaycan musiqi mədəniyyətinə çox gözəl töhfələr bəxş edib. Musiqinin müxtəlif janrlarında qələmini sınayaraq çox dəyərli əsərlər yaradıb.
   
   Oqtay müəllim milli köklər zəminində klassik musiqi nümunələri yazıb-yaradıb. Onun əsərlərindən “Şəhidlər” simfoniyası, “Qarabağ lövhələri” simfonik süitası, “Hophopnamə” və “Murovdağ nəğmələri” oratoriyaları, “Nəğməli Azərbaycan” kantatası, “Dədə Qorqud nəğmələri” epik operası və başqalarının adını çəkə bilərik.
   Belə geniş yaradıcılıq irsinə malik olan bəstəkar üçün çox doğma olan bir janr vardı ki, bu da mahnıdır. Oqtay Kazımi müxtəlif məzmunlu mahnılarında sanki əsil insan portreti yaratmağa çalışırdı. Çünki bu mahnıların hər biri öz poetik mətni və musiqi dili ilə insanların daxili aləmindən soraq verirdi. “Vətən gözəl”, “Sevgi bayatıları”, “Mənim duyğularım”, “Ayrılıq olmasaydı”, “Kaş millətdə ruh yaşasın”, “Qocalır anam”, “Həyat, sən nə qəribəsən”, “Mərd oğullar” və mahnılar bu qəbildəndir.
   Oqtay Kazımi 300-dən çox mahnı bəstələyib. Onların bir çoxu bu gün də müğənnilərin repertuarındadır. Oqtay Kazıminin mahnı janrına üstünlük verməsi onun digər janrlarda yazdığı əsərlərinin də musiqi dilində duyulur. Bu da ondan irəli gəlir ki, o, gözəl melodiyalar yarada bilirdi. Bəstəkarın hər hansı vokal əsərini dinləyərkən orada sözlə musiqinin sıx vəhdəti aydın duyulur.
   Oqtay müəllim şairanə təbiəti olan bir bəstəkar idi. Odur ki, şairlər də onunla işləməkdən məmnun idilər. Bu yerdə unudulmaz söz sərrafı Cabir Novruzun Oqtay Kazımi haqqında dediyi fikrini xatırlayıram: “Mən Oqtayla işləməkdən zövq alıram. Çünki o, şeiri sevə-sevə oxuyur. Ona görə də bəstələdiyi mahnılar ürəyəyatımlıdır. Onun bir xasiyyəti də var. Saatlarla yanında şeir oxusan, məmnuniyyətlə qulaq asacaq. Onun sözlərimə bəstələdiyi mahnıları dinləyəndə sanki həmin şeirin mənə məxsus olduğunu unuduram. Elə bilirəm ki, elə söz də, musiqi də Oqtaya məxsusdur. O, əsil mahnı ustasıdır”.
   Oqtay Kazıminin bəstələdiyi mahnılar həmişə ifaçıların diqqətini cəlb edib, onların repertuarını bəzəyib. Onun mahnıları unudulmaz sənətkarlarımız Rəşid Behbudov, Mirzə Babayev, Şövkət Ələkbərova, Gülağa Məmmədov, xalq artistləri Zeynəb Xanlarova, Yalçın Rzazadə və başqalarının ifasında səslənib. Bu günün və gələcəyin ifaçı nəsli hələ bu nəğmələrdən çox bəhrələnəcək. Oqtay Kazımi nəğmələrinin birində bizə “Əlvida” desə də, o nəğmələr heç vaxt bizimlə vidalaşmayacaq. Daim səslənəcək, bizi mənən ruhlandırıb, könlümüzə xoş ovqat gətirəcək. Hər dəfə bu nəğmələri dinlədikcə sanki qulaqlarımızda müdrik sənətkarın həzin pıçıltısı da səslənəcək: “Sizlərə yadigar nəğmələrimdir”.
   Bizə belə yadigarlar qoyub gedən hörmətli sənətkarımıza - Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Oqtay Kazımiyə Tanrıdan rəhmət diləyir və deyirik: “Kaş millətdə ruh yaşasın”. Çünki o ruh Oqtay müəllim kimi sənətkarları da əbədi yaşadacaq.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas