Ötən ay Bakıya səfər etmiş Metyu Goldşteyn MTV-nin ştatdankənar əməkdaşı imiş
   
   “Metyu Goldşteynin MTV-yə aidiyyəti var, ancaq MTV ona Azərbaycanda hansısa tədbir təşkil etməyə sanksiya verməyib”. Bu açıqlama MTV-nin Polşada yerləşən Avropa regional bürosundan verilib.
   
   Bürodan bildirilib ki, Azərbaycanda özünü MTV-nin Avrasiya üzrə regional direktoru kimi təqdim edən Metyu Goldşteyn sadəcə bu kanalın ştatdankənar əməkdaşıdır. Bu şəxsə Azərbaycanda böyük promouşn olunan və sonunda baş tutmayan MTV şousunda və ya hər hansısa layihədə MTV-nin loqosundan istifadə etməyə icazə verilməyib. “Bu şəxs dediyiniz layihənin, eyni zamanda konsertin promouşnunda, hətta mətbuat materiallarında və ya hər hansısa məqalədə MTV-nin loqosundan istifadə edə bilməz. Çünki MTV adından layihə təşkil edən hansısa şəxsə bu tədbiri keçirmək üçün MTV-dən rəsmi icazə verilməlidir. Yalnız bundan sonra MTV-nin loqosundan istifadə etmək olar”, - deyə bürodan bildirilib.
   Mətbuatda MTV-nin rəsmi nümayəndələri olaraq Alex Okosi və Neil Sharmanın məsələ ilə bağlı Azərbaycana gələcəyi yazılır. Ancaq bununla bağlı suala MTV-nin Avropa regional bürosundan cavab verilməyib, bildirilib ki, sual məsələ tam aydınlaşdıqdan sonra cavablandırılacaq.
   Qeyd edək ki, Metyu Goldşteyn özünü Bakıda MTV-nin Avrasiya regional bürosunun rəhbəri kimi təqdim edib. İyul ayında Azərbaycana səfər edən Goldşteyn keçirdiyi mətbuat konfransında məşhur MTV kanalı adından rəsmi açıqlamalar verib, “MTV Azərbaycan” kanalının açılması istiqamətində danışıqların getdiyini deyib.