Bu ölkədə düzənlənən 12-ci Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günləri keçiriləcək
   
   26 avqust Kanadada Beynəlxalq Azərbaycan muğamı günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan edilib. Bu barədə qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunub.
   
   Festivalın Azərbaycan üzrə rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti Mikayıl Hacıyev bildirib ki, bundan sonra hər il avqustun 26-da Niaqarada Azərbaycan muğamları səslənəcək. Avqustun 24-28-də isə Torontoda və Niaqarada keçiriləcək 12-ci Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın simfonik musiqisi və muğamı günləri keçiriləcək.
   Azərbaycan musiqisi günləri Əməkdar incəsənət xadimi, Niaqaranın fəxri beynəlxalq artisti İsmayıl Hacıyevin bədii rəhbəri olduğu Kanadanın “İpək yolu” kamera orkestrinin və 12-ci Niaqara musiqi festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankasın iştirakı ilə gerçəkləşəcək. Tədbirdə Güllü Muradova (xanəndə), Sahibə Paşazadə (tar) və amerikalı Cefri Verbaxdan (kamança) ibarət muğam triosunun ifasında Azərbaycan muğamlarının bənzərsiz nümunələri tamaşaçılara təqdim olunacaq. Konsertlər çərçivəsində “Qarabağ şikəstəsi”, “Çahargah”, “Heyratı” muğamları ilə yanaşı, Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin, Qara Qarayevin, Müslüm Maqomayevin və digər klassiklərimizin əsərləri Kanadanın “İpək yolu” kamera orkestrinin ifasında səsləndiriləcək. Festival iştirakçıları Azərbaycan klassiklərinin əsərlərini dinləməklə kifayətlənməyəcəklər. Musiqi günləri çərçivəsində ilk dəfə olaraq Toronto və Niaqara şəhərlərində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgilər də keçiriləcək. Heykəltəraşın əsərlərindən ibarət fotoşəkillərdə türk dünyasının iki böyük lideri - Heydər Əliyevin və Atatürkün heykəllərinin portreti, Azərbaycanın birinci xanımı, milli musiqimizin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan millət vəkili Mehriban Əliyevanın, musiqi sənətimizin korifeyləri - Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, habelə Füzulinin, Hüseyn Cavidin, Səttar Bəhlulzadənin və digərlərinin portretləri nümayiş olunacaq.
   Mikayıl Hacıyev beynəlxalq musiqi festivalı çərçivəsində keçiriləcək tədbirləri tarixi hadisə adlandıraraq, Kanadanın mədəni həyatında çox əlamətdar hadisə olacağına əminliyini söyləyib.
   Qeyd edək ki, Kanada ilə ABŞ-ın sərhəddində yerləşən, müxtəlif mədəniyyətlərin qovuşduğu və turistləri özünə cəlb edən Niaqara bölgəsində son illər Azərbaycan mədəniyyətinin təbliği istiqamətində bir sıra tədbirlər keçirilib. “Hər il biz Azərbaycan musiqisindən ibarət konsert proqramı ilə çıxış edirik. Azərbaycan musiqisinin, incəsənətinin təbliği Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri sayəsində mümkün olub. Ötən il festival rəhbərliyinin keçirdiyi sorğuya əsasən Azərbaycan günləri çərçivəsində təşkil edilən konsertlər ən maraqlı hesab olunub”, - deyə Mikayıl Hacıyev bildirib.
   Onu da əlavə edək ki, avqustun 24-28-də keçiriləcək tədbirlər Heydər Əliyev Fondu və Niaqara festivalının təşkilat komitəsi rəhbərliyinin, Azərbaycanın Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Azərbaycan musiqi və incəsənəti ilə bağlı tədbirlər “Ümumi sülh naminə mədəniyyətlərin dialoqu” beynəlxalq layihəsi çərçivəsində həyata keçiriləcək.
   Azərbaycan simfonik musiqisi və muğamı günləri ilə bağlı tədbirlərə Kanadanın yüksək səviyyəli hökumət və dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri dəvət olunublar. Kanadanın Ontario əyalətinin Baş naziri Dalton Makqinti artıq Azərbaycanın təşkilat komitəsinə təbrik məktubu göndərib.