Türkmənistanın “Avaza” milli turizm zonasında “Avaza-2010” Beynəlxalq musiqi, mahnı və rəqs festivalı başa çatıb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun təşəbbüsü ilə keçirilən və əsas məqsədi yeni istedadların üzə çıxarılması, mədəniyyətlərarası dostluq və yaradıcılıq əlaqələrinin yaradılması olan musiqi bayramında dünyanın və regionun 21 ölkəsinin, o cümlədən Azərbaycan sənətçiləri də iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ölkəmizi bu möhtəşəm tədbirdə təmsil edən Dövlət Opera və Balet Teatrının solisti Səbuhi İbayev və Dövlət Filarmoniyasının solisti Almaz Orucovanın çıxışları münsiflər heyəti və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanlı sənətçilər festivalın ali mükafatını - Qran-prini qazanıblar.
S.İbayev bildirib ki, festivalda üç birinci yer müəyyənləşdirilsə də, ən yüksək pilləyə Azərbaycan musiqisi layiq görülüb.
Festivalın açılışında “Çahargah” muğamını ifa edən xanəndələrimiz bağlanış günü çıxışlarını “Qarabağ şikəstəsi” ilə başa çatdırıblar. Onları tarda Rüfət Hüseynov, kamançada Elnur Mikayılov müşayiət ediblər.