Tədbirdə dünyanın bir çox ölkələrindən musiqiçilər iştirak edəcəklər
   
    Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli sərəncamına əsasən, dahi bəstəkar, müasir musiqi sənətimizin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar sentyabrın 18-dən 28-dək ölkəmizdə Beynəlxalq musiqi festivalının keçirilməsi nəzərdə tutulur.
   
   Festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən “Amaltea” ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan “T"ANG” simli kvarteti, Türkiyədən “Orfeon” xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının konsertlərinin, müxtəlif tədbirlərin keçirilməsi, Ü.Hacıbəylinin səhnə əsərlərinin nümayişi gözlənilir.
   Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı təsdiq olunub. Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif strukturları festivalın yüksək bədii-təşkilati səviyyədə keçirilməsinin təmin edilməsi üçün səfərbər olunublar.
   Eyni zamanda, festival günlərində Akademik Opera və Balet Teatrı, Dövlət Filarmoniyası, Musiqili Komediya Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Gənc Tamaşaçılar Teatrı, Dövlət Pantomima Teatrı, Dövlət Kukla Teatrı, Ağcabədi Rayon Mədəniyyət və Turizm Şöbəsi öz işlərini festival tədbirlərinin keçirilməsi istiqamətində quracaq, musiqi bayramının yüksək səviyyədə təşkilini təmin edəcəklər.
   Festivalın təntənəli açılışı dahi bəstəkarın doğum günü - sentyabrın 18-də Heydər Əliyev Sarayında keçiriləcək. Sentyabrın 19-da Dövlət Filarmoniyasında Türkiyənin “Orfeon” kamera xoru çıxış edəcək. Həmin gün Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Koroğlu” operası təqdim ediləcək, Dövlət Kukla Teatrında isə “O olmasın, bu olsun” musiqili komediyasının (kukla tamaşası) premyerası olacaq.
   Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində “Amaltea” ansamblı (İsveçrə) çıxış edəcək, Dövlət Filarmoniyasında “Royalın təntənəsi” adlı konsert, Ağcabədi şəhərindəki “Qarabağ Muğam Mərkəzi”ndə isə Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının konsert ifası musiqisevərlərə təqdim olunacaq.
   Yubiley çərçivəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyi sentyabrın 18-də Heydər Əliyev Sarayında dahi bəstəkarın 125 illiyi ilə bağlı sərgi təşkil edəcək, Üzeyir Hacıbəylinin ev-muzeyi isə “Üzeyir Hacıbəyli-125” mövzusunda tədbir keçirəcək. Bununla yanaşı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət Muğam Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Uşaq Filarmoniyasının yaradıcı və texniki qüvvələri Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsinə cəlb olunacaqlar.