Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Bakı gecələri - 2010” Estrada Mahnı Festivalına bu ay start veriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.
Üç konsert proqramından ibarət olan “Bakı gecələri - 2010” Estrada Mahnı Festivalının birinci konsert proqramının sentyabrın 13-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilməsi nəzərdə tutulur.
Festivalda Mətanət İsgəndərli, Nadir Qafarzadə, Zamiq Hüseynov, Nüşabə Ələsgərli, İzzət Bağırov, Lalə Məmmədova, Elton Hüseynəliyev, Almas Ələsgərli, Könül Kərimova, Vasif Məhərrəmli, Elza Seyidcahan, Ramal İsrafilov, Vaqif Şıxəliyev, Leyla Ramazanlı, Elariz Məmmədoğlu, Sevinc Tofiqqızı, Yeganə, Səbinə Əliyeva, “Şeron” qrupu və “M-life” qrupu iştirak edəcəklər.
İlkin mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala, dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək qala-konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcəklər.
Xatırladaq ki, “Bakı Gecələri” Estrada Mahnı Festivalı 2008-ci ildən keçirilir. Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri “online” səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər. Səsverməyə noyabrın 20-dən etibarən start veriləcək.