Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Dinarə Əliyevanın P.İ.Çaykovski adına Konsert zalında solo konserti böyük uğurla keçib. Müğənnini dirijor Dmitri Yurovskinin rəhbərliyi ilə Rusiya Milli Filarmonik Orkestri müşayiət edib.
   Dinarə Əliyevanın gözəl və güclü səsi, cazibədar zahiri görkəm və artistizmi səhnədə çox parlaq və unudulmaz obrazlar yaratmağa imkan verir.
   Həmvətənimiz yüksək peşəkar ifasına görə dəfələrlə beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülüb. Müğənninin solo konsertində C.Verdi, C.Puççini, A.Darqomıjski, S.Raxmaninov, İ.Ştraus, C.Gerşvin və digər bəstəkarların müxtəlif dərəcədə mürəkkəb əsərlərini gözəl ifa etməsi onun yüksək renomesini bir daha təsdiq edib və tələbkar Moskva tamaşaçıları tərəfindən layiqincə qiymətləndirilib.
   Konsertdə iştirak edən Azərbaycan səfirliyinin əməkdaşları da müğənnini böyük uğur münasibətilə təbrik ediblər.