Növbəti finalçılar Günay İbrahimli və Nikola Barklay oldu
   
   Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində gerçəkləşəcək “Eurovision-2011” yarışmasında Azərbaycanı təmsil edəcək ifaçının müəyyənləşməsi üçün keçirilən seçimlərin yarımfinal mərhələsinin üçüncü həftəsinin qalibi Günay İbrahimli olub. 
   
   Üçüncü həftənin qalibi də ənənəvi olaraq 50 faiz münsiflər heyətinin, 50 faiz isə tamaşaçı səsverməsinə görə seçilib. G.İbrahimli tamaşaçı və münsiflər heyətindən ən çox səs toplayıb. İkinci yeri isə “Eurovision-2011” müsabiqəsində ölkəmizi təmsil etmək istəyən şotlandiyalı Nikola Barklay tutub.
   Əcnəbi müğənninin Azərbaycan adından müsabiqəyə qatılmaq istəyini nəzərə alan münsiflər heyəti istisna hal kimi onun da finalda iştirakına razılıq veriblər. Beləliklə, “Eurovision-2011” milli seçimlərinin finalına Günay İbrahimli və Nikola Barklay vəsiqə qazanıblar. Xatırladaq ki, bundan öncəki iki yarımfinalın qalibi Çingiz Mustafayev və Nurlan Növrəsli olub.
   Bu arada “Eurovision -2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin dördüncü həftəsi davam edir. Dekabrın 10-da növbəti 11 iştirakçıdan ən çox səs toplayan namizəd finala vəsiqə qazanacaq.