Klassik musiqi bayramında dünyanın ən yaxşı ifaçıları iştirak edəcək
   
   Dekabrın 12-də Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı başlayacaq. Festivalın ənənəvi təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Mstislav Rostropoviç Fondudur. 
      
   Dekabrın 10-da, saat 12-də Leopold və Mstislav Rostopoviçlərin ev-muzeyində (Rostrapoviçlər küç,19) dahi maestronun qızı Olqa Rostrapoviç festivalla bağlı mətbuat konfransı keçirəcək.
   Dekabrın 12-də, saat 19-da Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək festivalın açılışında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri çıxış edəcək. Solistlər beynəlxalq müsabiqələrin laureatları Elvin Qəniyev, Toğrul Hüseynli, Ceyla Seyidova və Mustafa Aşurovdur.
   Festival dekabrın 19-dək davam edəcək. Əvvəlki illərdə olduğu kimi, bakılılar dünyanın ən yaxşı musiqiçilərinin ifasında kamera və simfonik musiqi, instrumental və opera əsərlərini dinləyəcəklər.
   Dekabrın 13-də saat 15-də Rostropoviçlərin ev-muzeyində L. və M.Rostropoviçlər adına 21 saylı uşaq musiqi məktəbinin prezident təqaüdçülərinin konserti olacaq. Həmin axşam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rejissor İvan Popovskinin “Karmen” (J.Bize) operası göstəriləcək. Tamaşada Qalina Vişnevskayanın Vokal Mərkəzinin (Moskva) solistləri çıxış edəcəklər. Rejissor Yaroslav Tkalenkodur.
   Dekabrın 14-də Azərbaycan Dövlət Filarmoniyasında Yuri Başmetin “Moskva solistləri” kamera ansamblı çıxış edəcək. Dekabrın 15-də Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycanın Xalq artisti Teymur Göyçayevdir) ifasında İ.S.Baxın üç fortepiano və skripka konserti olacaq. Solistlər Azərbaycanın Xalq artisti Murad Adıgözəlzadə və tanınmış gənc skripkaçı Yuri Reviçdir.
   Dekabrın 16-da Rostropoviçlərin ev-muzeyində kamera musiqisindən ibarət konsert olacaq. Həmin gün axşam isə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər və baş dirijor, Azərbaycanın xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri çıxış edəcək. Solist SSRİ Xalq artisti, Rusiyanın Dövlət mükafatı laureatı, D.Şostakoviç adına mükafatın laureatı, professor Natalya Qutmandır.
   Dekabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində yenə də Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konserti olacaq. Bu dəfə orkestr Maksim Vengerovun rəhbərliyilə çıxış edəcək. Görkəmli pianoçu və pedaqoq Eliso Virsaladze ilk dəfə olaraq festivalın qonağı olacaq.
   Dekabrın 18-də və festivalın təntənəli bağlanış günündə - dekabrın 19-da Heydər Əliyev Sarayında İsrail Filarmoniya Orkestrinin konserti olacaq. Orkestrin rəhbəri Zubin Metadır. Solistlər skripkaçı Pinhas Sukerman və tanınmış avstriyalı pianoçu Rudolf Buxbinderdir.
   Xatırladaq ki, Beynəlxalq Mstislav Rostropoviç Festivalı festival ilk dəfə 2007-ci ildə Bakıda keçirilib. Tədbirin prezidenti və bədii rəhbəri maestronun qızı Olqa Mstislavovna Rostropoviç olub. Hazırda o, Rostropoviç Fonduna rəhbərlik edir. Olqa Rostropoviç öz çıxışlarında qeyd edib ki, bu festival onun atasının arzusu olub və maestronun ölümündən sonra həyata keçirilib. Birinci festival uğur qazandıqdan sonra klassik musiqi həvəskarlarına bir çox yeni adlar məlum olub. Məhz buna görə festivalın təşkilatçıları onun ənənəvi olması barədə yekdil fikrə gəliblər.