Xəbər verdiyimiz kimi, dekabrın 6-dan 10-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Fortepiano Qara Qarayev yaradıcılığında” I Beynəlxalq elmi-ifaçılıq konfransı və Qara Qarayev adına Pianoçuların Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi keçirilib.
      
   Konfransda böyük bəstəkarın əsərlərinin elmi təhlilinə həsr edilmiş bir çox elmi məqalələr dinlənilib. Bildirilib ki, Azərbaycan musiqisinə dünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayev xüsusi yer tutur. Böyük bəstəkar, pedaqoq və ictimai xadim Q.Qarayev sənətdə daim yeni axtarışlar sorağında olub. Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika Respublikası yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib.
   Onun “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyalarından sayılır. Kamera orkestri üçün yazdığı “Üçüncü simfoniya” isə Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır. “Don Kixot” simfonik qravürləri (ispan yazıçısı Servantesin əsəri əsasında), “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Q.Qarayevin yaradıcılığının dəyərli səhifələridir. Natiqlər bəstəkarın musiqi əsərlərini hərtərəfli təhlil edərək onun yaradıcılığının bənzərsizliyindən, orijinallığından, özünəməxsusluğundan danışıblar.
   Dekabrın 10-da konfrans və müsabiqəyə yekun vurulub.
   BMA-nın rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli mərasimdə çıxış edərək 2010-cu ili “Mədəniyyətlərin beynəlxalq yaxınlaşması ili” elan edən UNESCO-nun himayəsi altında keçirilən müsabiqədə iştirakçıların Qara Qarayevin əsərləri ilə yanaşı, öz ölkələrinin sənət nümunələrini də ifa etdiklərini bildirib. İştirakçılar arasında beynəlxalq müsabiqələrin qaliblərinin və milli mükafatların sahiblərinin olması tədbirin yüksək səviyyədə keçirilməsinə təkan verib.
   Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qırğızıstan, Küveyt, Tatarıstan, Özbəkistan və Türkmənistandan olan pianoçular iştirak ediblər.
   Birinci qrup iştirakçılar üçün 10-16 yaş həddi, ikinci qrup üçün 17-30 yaş həddi müəyyən olunub.
   Münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin “Qran-pri” mükafatını rusiyalı Varvara Nepomnyaşaya qazanıb.
   Birinci qrup iştirakçılar arasında birinci yerə Azərbaycan təmsilçiləri Fuad Əlizadə və Murad Abbasov layiq görülüblər. İkinci yaş qrupunda isə qalib adını azərbaycanlı Fəqan Həsənli və tatarıstanlı Liliya Xusnullina qazanıblar.
   Qaliblərə diplom, pul mükafatı və xüsusi hədiyyələr təqdim edilib.