Bu gün müsabiqə laureatlarının yekun konserti olacaq
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsinə dekabrın 15-də yekun vuruldu.
Ölkə miqyasında böyük maraqla qarşılanan müsabiqənin təşkili respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyırdı. Müsabiqə Azərbaycanın qədim milli musiqi alətləri olan tar, kamança, saz, balaban, qarmon və kanon üzrə təşkil olunmuşdu.
Dekabrın 1-dən 10-dək davam edən, Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərləri və Ağcabədi rayonlarında təşkil olunan ilk mərhələdə müxtəlif rayon və şəhərlərin uşaq musiqi və incəsənət məktəblərindən 598 şagird iştirak edirdi. Birinci mərhələnin yekunu olaraq iştirakçılardan 143-ü növbəti mərhələyə vəsiqə qazandı.
Müsabiqənin ikinci turu Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində baş tutdu. Uşaq və yeniyetmə istedadların mübarizəsi iki yaş qrupu üzrə aparılırdı. I yaş qrupunda 10-13, digər yaş qrupunda isə 14-17 yaşlı yeniyetmələr təmsil olunurdu. 8 nəfərdən ibarət münsiflər heyətində Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbər və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev, Xalq artisti Ağasəlim Abdullayev, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi Arif Əsədullayev, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Zakir Mirzəyev və digər tanınmış sənət adamları yer almışdı.
Münsiflər heyətinin qərarı ilə tar ifaçılığı üzrə Ağayar Xanlarov, Əli Məlikov, kamançada Cahandar Xanlarov, Mədinə Şahgəldiyeva, balabanda Həsənağa Qulamov, Şəhran Sadıqov, sazda II yaş qrupunda Elvin Mehmanlı, qarmonda Kənan Məhərrəmov, Müseyib Rzayev, kanonda Sədəf Abdullazadə, Aygül Həsənova birinci yerə layiq görülüblər. Ümumilikdə 60 uşaq və yeniyetmə ilk üçlükdə öz ifaları ilə fərqləniblər.
Bakı, Gəncə, Şəki, Şirvan, Ağcabədi, Göygöl, Qusar, Samux şəhər və rayonlarının, habelə Naxçıvan Muxtar Respublikası uşaq musiqi və incəsənət məktəblərinin şagird, müəllim və konsertmeysterləri Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif dərəcəli diplomları, fəxri fərmanları və pul mükafatlarına layiq görülüblər. Bundan başqa Lənkəran, Sumqayıt, Şamaxı, Ağstafa, Balakən, Füzuli, Gədəbəy, Goranboy, Qəbələ və Salyan şəhər və rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdləri müsabiqədə fərqləndiklərinə görə tərifnamələrə layiq görülüb.
Qeyd edək ki, bu gün (22 dekabr) Dövlət Filarmoniyasında Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçiriləcək.
Ceyhun