Nemət Qasımlı Dünya Master Sertifikatına layiq görülüb
   
   Noyabrın 30-dan dekabrın 8-dək Koreya Respublikasında keçirilən Dünya Master Festivalında tanınmış saz ifaçısı, Əməkdar mədəniyyət işçisi Nemət Qasımlı ölkəmizi layiqincə təmsil edərək 65 ölkənin ifaçıları arasında Dünya Master Sertifikatına layiq görülən üç iştirakçıdan biri olub. 
   
   Bu günlərdə beynəlxalq festivaldan qayıdan saz ifaçısı təəssüratlarını bizimlə bölüşdü. Onun sözlərinə görə, Koreya Respublikasında keçirilən bu festivalı başqa festivallardan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, Dünya Master Festivalında sırf professionallar iştirak edirlər. Bu festivalda iştirak etmək üçün bir neçə dəfə həm öz ölkəsinin, həm də beynəlxalq festivalların qalibi olmalısan. Dörd dəfə Azərbaycanda, üç dəfə isə xarici ölkələrdə keçirilən festivalların qalibi olan Nemət Qasımlı bildirdi ki, bir il bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyindən festivalın keçirilməsi haqqında məlumat alıb. Tərcümeyi-halını, çıxışları ilə bağlı video disk və SD-ni Dünya Master Festivalının təşkilat komitəsinə göndərən saz ifaçısı tezliklə müsbət cavab alır. “Seçim onların idi, festivalın başqa bir şərti də vardı. İştirakçı ifası ilə yanaşı ustalığını da nümayiş etdirməli, qeyri-adi ifa göstərməli idi. Məni bu festivala dəvət etdilər” - deyən Nemət Qasımlı dünyanın çox məşhur ifaçılarının bu müsabiqədə iştirak etdiyini bildirdi.
   Koreya Respublikasında Yeosu şəhərində keçirilən festivalda bütün iştirakçılara 10 dəqiqə yer ayrılsa da, istisna hal kimi Nemət Qasımlıya 20 dəqiqə vaxt verilir. Həmyerlimiz ifasını popuri formasında qurur. Muğamlar, saz havaları və ritmik melodiyaların sintezi festivalın ən uğurlu və ən yaddaqalan ifalarından biri kimi qiymətləndirilir.
   Festivalda cəmi üç iştirakçıya ad-familiyaları yazılmış Dünya Master Sertifikatı (The Certificate of World Master) və kubok təqdim olunub ki, bu üç yerdən birinin sahibi də həmyerlimiz Nemət Qasımlıdır. “Onlar sazı bütün alətlərin şahı kimi qəbul etdilər” - deyən Nemət Qasımlı koreyalıların mehriban, musiqiyə həssas bir xalq olduğunu qeyd etdi və festival günlərində ona göstərilən diqqət və qayğıya görə ölkəmizin Koreya Respublikasındakı səfiri Rövşən Cəmşidova, səfirliyinin əməkdaşı Araz Xasiyevə öz təşəkkürünü bildirdi.
   Azərbaycan musiqisi hər zaman sözünü deyir. Saz isə ruhumuzun səsidir, bu səs ən böyük auditoriyaları fəth etməyə qadirdir.
   
   Təranə