Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Konsert Qara Qarayevin “İldırımlı yollarla” baletindən rəqslə başlanıb.
Tədbirdə Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri ilə yaradıcılıq əlaqələrindən də bəhs edilib. Qeyd olunub ki, Kamera Orkestri Naxçıvan Dövlət Filarmoniyasının gənc və istedadlı vokalçıları ilə maraqlı layihələr reallaşdırıb.
Sonra Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli, Elçin Nağıyev, Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov və Tural Nəcəfov Tofiq Quliyevin və Rauf Hacıyevin mahnılarını, eləcə də xalq mahnılarını məharətlə ifa ediblər.
Xalq artisti Nəzakət Teymurovanın, Əməkdar artist Gülüstan Əliyevanın, müğənni İlahə Fədanın ifa etdikləri mahnılar tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib. Konsert proqramında ifa edilən “Zəminxarə təsnifi”, “Qarabağ şikəstəsi” milli musiqimizin rəngarəng çalarlarını bir daha təcəssüm etdirib.
Konsert proqramından sonra səhnə arxasına keçən Ali Məclisin sədri Vasif Talıbov bəstəkarları, ifaçıları və orkestrin kollektivini uğurlu konsertə görə təbrik edib.