Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsi başlayacaq. 
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov bildirib ki, yanvarın 5-də müsabiqənin seçim turu başa çatıb və yarışmada iştirak edəcək iyirmilik müəyyənləşdirilib. Seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılıb.
   Üçüncü dəfə keçiriləcək müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Münsiflər heyətinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, habelə Nadir Axundov daxildirlər. M.İbrahimov vurğulayıb ki, bundan əvvəlki müsabiqələrdə olduğu kimi, növbəti müsabiqədə də seçim SMS-lə deyil, yalnız münsiflər heyətinin qərarı ilə tam şəffaflıqla aparılacaqdır. Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə fevralın 1-dən etibarən AzTV ilə canlı yayımlanacaq.