Növbəti yarımfinal mərhələsində 10 ifaçı finala çıxmaq uğrunda yarışır
Yanvarın 10-da “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün növbəti yarımfinal mərhələsi başlanıb.
Bu mərhələdə ilkin yarımfinal seçimlərində uğur qazanmış 10 ifaçı - Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barkley, Arzum Xəlilova, Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova və Nigar Camal finala çıxmaq uğrunda yarışacaqlar. Beş gün sürəcək yarışmada ifaçılar İctimai Televiziya və Radio Yayımları Şirkətinin canlı efirində həm münsiflər heyəti, həm də tamaşaçılar qarşısında öz bacarıq və istedadlarını nümayiş etdirəcəklər.
Bu yarımfinal mərhələsində də tamaşaçılar bəyəndikləri ifaçını ona səs verməklə dəstəkləyə bilərlər. Həftənin finalında, yəni yanvarın 14-də 50 faiz tamaşaçıların, 50 faiz münsiflərin səsverməsi nəticəsində 10 nəfərdən yalnız 5-i finala vəsiqə qazanacaq.
Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi isə beş finalçı arasından ancaq münsiflərin səsverməsi ilə seçiləcək. “Eurovision - 2011” milli seçimlərinin finalının fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Eurovision-2011” mahnı yarışması may ayında Almaniyanın Düsseldorf şəhərində gerçəkləşəcək. Müsabiqənin yarımfinalları mayın 10-u və 12-si, finalı isə mayın 14-də keçiriləcək.