Fevralın 11-də Azərbaycan Akademik Milli Dram Teatrında “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan nümayəndəsinin seçilməsi üzrə final konserti keçiriləcək. Final konsertində Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova “Eurovision-2011”-də Azərbaycanın təmsilçisi olmaq uğrunda mübarizə aparacaqlar.
   
   Konsert proqramında finalçılarla yanaşı, “Eurovision” ulduzlarının da çıxışları nəzərdə tutulur. Budəfəki şouda seyrçilərə 2010-cu ildə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş Safurə Əlizadənin, Gürcüstan təmsilçisi Sofia Nijaradzenin, San Marinonun “Eurovision-2011”-dəki təmsilçisi Senitin, İsveçrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinellinin, dünyada tanınmış dJ Devit Vendettanın və digər qonaqların ifaları təqdim olunacaq.
   Final konserti İTV ilə yanaşı, “Eurovision” TV, Gürcüstanın İctimai Televiziyası və TRT vasitəsilə canlı yayımlanacaq.
   Konsertin sonunda münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”-dəki təmsilçisi müəyyən ediləcək.