Yeni nəşrlər
   
      
   Böyük dühaların, görkəmli şəxsiyyətlərin əməlləri hər zaman doğma xalqının yoluna işıq salıb. Üzeyir Hacıbəyli də məhz belə nurlu simalardandır. Xalqımızın neçə-neçə yaradıcı nəsilləri bu nurun ziyasından bəhrələnib və hələ neçələri də bəhrələnəcək. Çünki o yaradıcılıq nuru tükənməzdir. Üzeyirşünas alim, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun yeni kitabına bu adı seçməsi də təsadüfi deyil: “Üzeyir işığında”.
   
   
   Müəllifin 20 il ərzində Üzeyir bəylə bağlı yazdığı məqalələrin belə bir topluda nəşr olunması bütün sənətsevərləri sevindirdi. Çünki bu həm Üzeyir bəyə həsr olunan dəyərli mənbədir, həm də Üzeyir bəyin ruhu qarşısında varislərinin ona olan ehtiramının növbəti ifadəsidir. Kitab barədə fikirlərimizi deməzdən öncə musiqişünas alim və bəstəkar Sərdar Fərəcov haqqında bir qədər söz söyləmək istərdim. Ən başlıcası ona görə ki, o, Üzeyir bəy irsinə sadiq olan insanlardan biri və bu dahi şəxsiyyətin addım-addım gəzdiyi, divarlarına nəfəsi hopmuş və daim ruhu orada dolaşan, uzun illər yaşadığı ev-muzeyinin direktorudur. Yəqin ki, onun barəsində qısa da olsa məlumat almaq yerinə düşər.
   Sərdar Fərəcov 1957-ci ildə Bakıda anadan olub. 1982-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. 1983-cü ildə I simfoniyası Ümumittifaq müsabiqəsində laureat diplomu qazanıb. 1990-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvüdür. 4 operetta, 2 simfoniya, uşaqlar üçün rok-opera, Şeksprin «Tədbirə qarşı tədbir» əsərinə müzikl və bir sıra simfonik, kamera, xor əsərlərinin müəllifidir. 40-dək teatr tamaşasına, «Koroğlu» və «Cavad xan» filmlərinə musiqi bəstələyib.
   1984-cü ildən Ü.Hacıbəylinin ev-muzeyində çalışır, 2005-ci ildən bu muzeyin direktorudur. Ü.Hacıbəylinin bir sıra naməlum və unudulmuş əsərlərini tədqiq edib, bəstəkarın «Ər və arvad» operettasını bərpa edib.
   Sərdar Fərəcov musiqişünas kimi elmi yaradıcılığının böyük hissəsini məhz Üzeyir irsinə həsr edib. Uzun illər Üzeyir bəy irsinə dair hər yeni tapıntıya, mətbuatda Üzeyir bəylə bağlı hər hansı bir xəbər və s. məsələlərə elə mətbuatda da münasibət bildirib. «Üzeyir işığında» kitabı da məhz həmin mətbuat səhifələrindəki məqalələrdən ibarətdir. Onlardan bir neçəsinin adını çəkək: «Oxu tar» («Ədəbiyyat və incəsənət» qəzeti, 6 fevral 1987-ci il), «Üzeyir Hacıbəylinin iki marşı» («Ədəbiyyat və incəsənət» qəzeti, 14 iyun 1989), «Bir daha himn haqqında» («Mədəniyyət» qəzeti, 7 mart 1991), «Bahar nəğməsi» («Mədəniyyət» qəzeti, 21 mart 1991), «Əgər onlar da tamamlansaydı, yaşasaydı» (Üzeyir Hacıbəylinin naməlum və yarımçıq qalmış bəzi əsərləri haqqında düşüncə) “Musiqi dünyası” jurnalı, 1999). Bu və ya digər məqalələr Sərdar müəllimin Üzeyir bəy irsinə yalnız bir tədqiqatçı kimi deyil, həm də bir bəstəkar, elmi işçi, publisist və ən başlıcası vətəndaş mövqeyini ifadə edir.
   Müəllif kitaba yazdığı “Ön söz”də «Oxu tar» məqaləsinin yaranmasını belə izah edir: «Üzeyir Hacıbəylinin tarın pərdələrinin quruluşunda, kök sistemində, not tədrisində, muğam proqramının tərtibində gördüyü cəsarətli işləri, uzun illər tarın inkişafında göstərdiyi xidmətləri şübhə altına alan, yanlış, ziyanlı bir mövqedən «Ədəbiyyat və incəsənət» qəzetində çıxış edən bir naşının «meydan sulamasına» və musiqi ictimaiyyətinin buna susmasına laqeyd qala bilmədim».
   Sərdar müəllimin kitabda diqqətçəkən yazılarından biri də «Üzeyir bəyin əsərləri talan olunur» (“Xalq qəzeti”, 12 yanvar 1999) məqaləsidir. Bu məqalənin tarixi barədə də müəllif belə yazır: «1998-ci ilin son həftəsi İstanbulda olarkən Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» kitabının türk musiqişünası Şənel Önaldı tərəfindən öz kitabı kimi çap edilməsini aşkar edincə «Üzeyir bəyin əsərləri talan olunur» məqaləmi «Xalq qəzeti»ndə dərc etdirdim. Ölkəmizdə böyük hiddətlə qarşılanan bu xəbər hamı tərəfindən müzakirə edilirdi. Hətta ümummilli liderimiz Heydər Əliyevin mötəbər bir iclasda bu məsələ ilə maraqlanması və yüksək rütbəli dövlət məmurlarına müvafiq göstərişlər verməsi televiziya vasitəsi ilə bütün ölkəyə yayımlanmışdı».
   Bütün bu deyilənlərdən aydın olur ki, Sərdar Fərəcovun «Üzeyir işığında» kitabına daxil olan məqalələri məqsədyönlü axtarışların və tədqiqatların təcəssümüdür. Bu yazılar elə Üzeyir işığında meydana gəlib. Odur ki, bu məqaləni elə Sərdar Fərəcovun kitabda yer alan fikirləri ilə tamamlayırıq: «Dahi Üzeyir Hacıbəylinin qüdrətinə sığınaraq, onun yaradıcılığından güc alaraq, öyrənərək yazılan hər yazı günəbaxanlar günəşə üz tutan kimi, onun ilahi nuruna üz tutub. Bəlkə buna görə bu kitabın adını düşünərkən fikrimiz iki kəlmənin üstündə qərar tutdu: «Üzeyir işığında...». Bu işıq çox-çox illər ürəkləri isidəcək, düşüncələri öz nuruna qərq edəcək...»
   
   Səadət Təhmirazqızı,
   musiqişünas
 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar