İmruz Əfəndiyeva - 75
   
   Elə bir anım olmayıb ki, mən ömrümdən keçən illəri, o çağları vərəq-vərəq xatırlamayım. Görünür, ötən günlərə olan belə istək insan taleyinə əbədi həkk olunur. Doğru deyiblər ki, insan tarixin hansı mərhələsində yaşayırsa yaşasın, özü də bir tarix olur və mən nə qədər çətin anlar olsa da, keçən günlərimdən razıyam. 
      
   Çünki keçmişin şirin anları indi də məndə rahatlıq hissləri oyandırır və bu duyğuları yaşadan, onları itirməyə, sönməyə qoymayan müəllimlərimin əziz xatirəsidir. Bu müəllimlərdən biri də, konservatoriyada oxuduğum zaman mənə dərs verən, musiqi elminə maraq oyadan hörmətli İmruz Əfəndiyevadır. Bu gün o, Azərbaycan musiqişünaslıq elmində fədakarcasına çalışan alimlərimizdən biridir.
   İmruz Əfəndiyeva 1935-ci il dekabrın 16-da Bakıda anadan olub. Əsli Şəkidən olan atası Məmməd Sadiq Əfəndiyev ictimai xadim, teatrşünas alim, maarifçi və dramaturq olub, Moskva və Bakı konservatoriyalarında çalışıb, dahi Üzeyir bəylə dostluq və yaradıcılıq ünsiyyətində olan şəxsiyyətlərdən olub. Təsadüfi deyil ki, 1937-ci ildə Ü.Hacıbəylinin “Koroğlu” operasının premyerasından sonra bu əsər barədə ilk resenziyalardan birini M.S.Əfəndiyev yazmışdı. Onun 1942-ci ildə Böyük Vətən müharibəsində həlak olması balaca İmruzun və qardaşı Fədlunun yaddaşında ömürlük acı bir iz qoyub. Lakin təbiət onlara nikbinlik, iradə, vüqar bəxş edib, atalarının davamçısı olaraq İmruz musiqiyə, qardaşı isə rəssamlığa meyl salıb.
   İmruz Əfəndiyevanın anası, uşaq həkimi Musalət Quliyeva qızını Fatma Səmədovanın rəhbərlik etdiyi 2 nömrəli musiqi məktəbinə yazdırır. Sonra musiqi nəzəriyyəsinə maraq İmruzu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun nəzəriyyə şöbəsinə, oradan da Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) tarix nəzəriyyə fakültəsinə gətirir.
   İmruz xanım 1960-cı ildən konservatoriyanın tarix nəzəriyyə fakültəsinin musiqi tarixi və musiqi nəzəriyyəsi kafedralarında işləməyə başlayıb. Hazırda “Musiqi nəzəriyyəsi” kafedrasının professorudur. 50 ilə yaxındır ki, İmruz Əfəndiyeva səmərəli pedaqoji fəaliyyətini vicdanla davam etdirir. “Harmoniya”, “Harmoniyanın tarixi”, “Solfecio”, “Musiqi nəzəriyyə sistemləri”, “Müasir harmoniya”, “XX əsrin musiqi nəzəriyyəsi” fənlərindən ixtisas kurslarında dərs verir. Yetişdirdiyi tələbələr Azərbaycanın və xarici ölkələrin müxtəlif musiqi ocaqlarında müvəffəqiyyətlə çalışırlar.
   İmruz xanım 1968-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Bəstəkarlar İttifaqı və Dövlət Konservatoriyasının xətti ilə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində keçirilən ümumittifaq plenum və konfranslarda, beynəlxalq simpoziumlarda maraqlı məruzələrlə çıxış edib. Bir neçə monoqrafiya, kitab, bir çox elmi-populyar, publisistik məqalələrin müəllifidir.
   İmruz Əfəndiyeva milli musiqişünaslıqda ilk dəfə Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığına həsr edilmiş tədqiqat işi yazıb, 1982-ci ildə Tbilisidə “Azərbaycan sovet mahnısı” mövzunda sənətşünaslıq dissertasiyasını uğurla müdafiə edib. Musiqişünas mahnı mövzusu haqqında bir neçə kitab (rus dilində) yazıb: “Novoe v Azerbaydjanskoy pesne» (1974), «Azerbaydjanskaya Sovetskaya pesnya» (1981), «Telman Qadjiev» (1983), «Qordost azerbaydjanskoqo naroda» (Rəşid Behbudov haqqında).
   İmruz xanımın ən dəyərli işlərindən biri 1999-cu ildə işıq üzü görən “Vasif Adıgözəlov” monoqrafiyasıdır. Musiqişünas bəstəkarın geniş yaradıcılıq nümunələrini təhlil edərək maraqlı nəticələr əldə edib. Onu da demək lazımdır ki, həmin mövzu əsasında İmruz Əfəndiyeva 2005-ci ildə doktorluq dissertasiyasını “Vasif Adıgözəlov yaradıcılığı milli ənənələr kontekstində”) müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsinə layiq görülüb.
   Musiqişünas alim həmçinin Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, Sevda İbrahimova kimi bəstəkarların uşaq musiqisinə aid maraqlı məqalələrin müəllifidir.
   İmruz Əfəndiyeva muğam sənətinin incəliklərini də tədqiq edən musiqişünaslardandır. Hələ 1983-cü ildə Səmərqənddə keçirilən beynəlxalq simpoziumda Azərbaycan muğamlarına həsr etdiyi maraqlı məruzə ilə çıxış etmişdi. Bu mövzunu sonradan “Yaxın və orta Şərq xalqlarının şifahi ənənələri professional musiqi və müasirlik” kitabında geniş işləyib.
   İmruz Əfəndiyeva 300-dən artıq elmi populyar oçerklərin, məqalələrin və resenziyaların müəllifidir. O, Ü.Hacıbəyli, Ə.Bədəlbəyli, Q.Qarayev, S.Rüstəmov, T.Quliyev, T.Bakıxanov, F.Əlizadə kimi bəstəkarlar haqqında maraqlı məqalələr yazıb. Bir neçə dərs vəsaiti və metodik işlərin, “Harmoniya” və “Solfecio” fənlərinə həsr edilmiş proqramların müəllifidir. Dəfələrlə beynəlxalq konfranslarda maraqlı məruzələrlə çıxış edib.
   Onun musiqi maarifçilik işini də xüsusi qeyd etmək lazımdır. Filarmoniyada, məktəb və klublarda mədəni saraylarda musiqi sənəti, bəstəkarlarımızın həyat və yaradıcılığı, fərqli musiqi əsərləri haqqında tez-tez mühazirələr söyləyir və hər dəfə də dinləyici kütlənin rəğbətini qazanır. Uzun illər Azərbaycan televiziyasında “Müasir mərhələdə Azərbaycan mahnısı” adlı verilişlərinin müəllifi olub.
   Arzu edirəm ki, 75 yaşını arxada qoymuş hörmətli alimin elmi axtarışları bundan sonra da dinamik olsun. İmruz xanıma cansağlığı, həyatda xoşbəxtlik arzulayıram.
   
   Zemfira Qafarova






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar