Nigar Camal və Eldar Qasımov milli seçimlərin finalında qalib gəliblər
   
   May ayında Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün bir neçə aydan bəri davam edən milli seçim turları, nəhayət, başa çatıb. 
   
   Fevralın 11-də Dövlət Akademik Milli Dram Teatrında 5 namizəd arasında keçirilən milli seçim turunun finalında Nigar Camal və Eldar Qasımov qalib elan olunublar. Finalda onlarla yanaşı Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparırdı.
   İctimai Televiziya və Radio Verilişləri Şirkətinin baş direktoru İsmayıl Ömərovun, Beynəlxalq Musiqi Şurası Azərbaycan milli komitəsinin prezidenti Lalə Kazımovanın, bəstəkarlar Faiq Sücəddinov və Rauf Kazımovun, Xalq artisti Zülfiyyə Xanbabayevanın, Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqi əlaqələndiricisi Zəhra Bədəlbəylinin, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun müdiri Mənzər Nurəliyevanın təmsil olunduğu münsiflər heyətinin qərarı ilə milli seçim turunun qalibi elan olunmuş Nigar Camal və Eldar Qasımov “Eurovision-2011”-də duet ifa ilə çıxış edəcəklər.
   Qeyd edək ki, Düsseldorf şəhərindəki “Fortuna Arena”da təşkil ediləcək “Eurovision-2011” müsabiqəsinin yarımfinalları mayın 10-u və 12-də, finalı isə 14-də keçiriləcək. Ümumilikdə builki müsabiqədə 43 ölkə təmsil olunacaq. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcək.
   
   Kənan