Xanəndə Süleyman Abdullayevi sənətsevərlər çox yaxşı tanıyırlar. Bəs Dədə Süleymanı necə? Yaxşı olardı ki, elə onların hər birindən ayrı-ayrılıqda söhbət açaq. Çünki ünvan eyni olsa da, məqsəd bir qədər fərqlidir. Biri sənətə, digəri isə xeyriyyə işlərinə xidmət edir. Bəli, bu iki yüksək amil bir şəxsdə cəmlənir. Əvvəlcə xanəndə Süleyman Abdullayevin həyat və yaradıcılıq yoluna nəzər salaq.
   
   Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevralın 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Uşaqlıqdan məlahətli səsi onu yaşıdlarından fərqləndirib və hamının sevimlisi edib.
   Sənətkar o illəri belə xatırlayır: “Uşaq ikən eşitdiyim xalq mahnılarını, muğam parçalarını öz ağlıma gələn kimi oxuyurdum. Bir də onda xəbər tutdum ki, hamı da mənim oxumağımdan xəbər tutub. Kəndimizdə olan el şənliklərində, toy-düyünlərdə böyük həvəslə oxuyurdum. Belə-belə məndə bu sənətə maraq yarandı. Bunu görüb mən də yeni-yeni mahnılar öyrənməyə başladım. Bir dəfə ustad xanəndə Seyid Şuşinski Füzuliyə gəlmişdi. İstedadlı gəncləri axtarırdılar. Məni də ona nişan verdilər. Səsimə qulaq asıb çox bəyəndi. Bakıya gəlib burada təhsil almağımı məsləhət gördü. Beləcə, xanəndəlik sənətinə yiyələndim”.
   1960-1964-cü illərdə Süleyman Abdullayev Bakıda Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfində ondan muğam dəstgahlarını öyrənərək püxtələşir. 1964-cü ildən Dövlət Filarmoniyasının solisti yaradıcılıq fəaliyyətinə başlayır. 1969-cu ildə Türkiyədə keçirilən ümumdünya festivalının qalibi olur, dünyanın müxtəlif ölkələrində olduğu qastrol səfərlərində milli musiqimizi dünya sənətsevərləri qarşısında əzmlə təbliğ edir.
   Süleyman Abdullayev ifaçılığının özünəməxsus məziyyətləri var. Bu əvvəla, onun seçilən səs tembri və özünəxas oxu manerası, muğamların yadda qalan ifa təfsiri ilə xarakterizə oluna bilər. Onun yanıqlı və məlahətli səsindən eşidilən neçə-neçə mahnılar («Qarabağ», «Aşiqəm», «Səni qəmli görəndə»), muğam üstə oxuduğu qəzəllər sənətsevərlərin yaddaşına əbədi həkk olunub. Qarabağ muğam ənənələrinin davamçısı olan sənətkar 1998-ci ildən Prezident təqaüdçüsüdür, 2005-ci ildə Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin «Qızıl səs» medalına layiq görülüb. Bütün bunlar xanəndə Süleyman Abdullayevin sənət uğurlarıdır. İndi isə bir qədər Dədə Süleymandan danışaq.
   Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən Süleyman Abdullayev xalq arasında «Dədə Süleyman» deyə çağırılır. Bu isə onun xeyirxah xidmətlərindən soraq verir. Sənətkar insanların xeyir-şərindən qalmır, neçə-neçə yurd-yuvasından didərgin düşən insanlara dayaq durur. Demək olar ki, onların toy-düyünlərində təmənnasız iştirak edir, ağır günlərində dərdlərinə şərik olur. Odur ki, belə bir insana xalqın “Dədə” deyə müraciət etməsi təbiidir. Ən başlıcası ona görə ki, bu deyim xalqın öz sevimli sənətkarına olan hədsiz məhəbbətini ifadə edir. Bu gün Dədə Süleyman həm də vətən nisgili, torpaq həsrəti ilə yaşayır.
   Sonda Süleyman müəllimlə qısa söhbəti də təqdim etmək istərdim.
   - Süleyman müəllim, hər bir azərbaycanlının qəlbində Qarabağ nisgili, torpaq dərdi var. Sizin kimi sənətkarlar üçün bu ikiqat ağrıdır. Bu dərdi xanəndə Süleyman Abdullayev daha çox çəkir, yoxsa dədə Süleyman?
   - Bəlkə xanəndə Süleyman olmasaydı, Dədə Süleyman da olmazdı. Amma bu gün Dədə Süleymanın dərdi, o dediyiniz ağrı-acısı daha çoxdur, nəinki xanəndə Süleymanın. Niyə? Çünki xanəndəlik işdir, sənətdir. Onunla yalnız özün məşğul olursan. Düzdür, sənətin də məsuliyyəti var, qayğıları var. Amma bundan fərqli olaraq dədəlik daha məsuliyyətlidir. Çünki özündən başqa neçə-neçə insanların qeydinə qalıb, onlara lazım olan yerdə əl tutub, kömək etməli bir sözlə onların dərdinə, sevincinə şərik olmalısan. Odur ki, mənə görə Dədə Süleyman o dediyiniz ağrı-acını daha çox çəkir. Xanəndə Süleyman əgər o ağrı-acıları səsində yaşayırsa, Dədə Süleyman büsbütün həyatında yaşayır. Hər dəfə Qarabağ deyəndə ürəyim tel-tel olur, qəlbim göynəyir.
   - Sənətin kamillik zirvəsində duran Süleyman Abdullayev üçün bu günün muğam mənzərəsi necə görünür?
   - Bu gün muğam ifaçılığı çox yüksək səviyyədədir. Bunun da əsas səbəbi odur ki, bu ulu sənəti möhtərəm Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva dəstəkləyir. Onlar həm muğama, həm də onu ifa edənlərə hər cür qayğı göstərirlər. Bu da ulu öndərimiz Heydər Əliyevin ənənələrinin davamıdır. 1998-ci ildə o dahi şəxsiyyətin sərəncamı ilə mən də Prezident təqaüdünə layiq görüldüm. Sənətkarı xalqın məhəbbəti və dövlətin qayğısı yaşadır. Bu gün gəncliyə geniş meydan açılıb. Bir-birindən gözəl yeni muğam ifaçıları gəlir bu meydana. Onlara məsləhətim və tövsiyəm budur ki, bu müqəddəs sənəti həmişə uca tutsunlar, onun sirlərinə dərindən bələd olmaq üçün, bu sənətin bütün tələblərinə cavab verə bilmək üçün onu yaxşıdan da yaxşı öyrənsinlər. Daim axtarışda olsunlar. Bu sənət uluların yadigarıdır, onların əmanətidir. Əmanətə də xəyanət olmaz. Onu göz bəbəyi kimi qorumaq lazımdır. Əminəm ki, gələcəkdə də belə olacaq.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar