Aşıq Alının anadan olmasının 210 illiyinə həsr edilmiş konsert
   
   Fevralın 28-də Heydər Əliyev Sarayında Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Alının anadan olmasının 210 illiyinə həsr edilmiş “Mahalım Göyçədir, əslim Qızılvəng” adlı yubiley tədbiri keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşəbbüsü ilə təşkil edilib. 
      
   Mərasimdə çıxış edən Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub Azərbaycan aşıq sənətinin keçdiyi tarixi inkişaf yolundan və bu yolda yetişən böyük sənətkarlarımızdan danışıb: “Belə korifey sənətkarların yetişməsində Göyçə mahalının xüsusi yeri var. Göyçə mahalı əsrlər boyu Azərbaycan xalqının saz və söz məbədgahlarından biri olub, burada yetişən istedadlı sənətkarlar poeziyamızın iftixarına çevriliblər”.
   Qeyd olunub ki, XIX əsr Azərbaycan aşıq şerinin ustadlarından olan Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində dünyaya döz açıb. 16-17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zamanda məşhurlaşıb. Aşıq Alının çoxlu şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şeirinin böyük ustadlarından biri olan Aşıq Ələsgərdir. Gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində əsərlər yaratmış Aşıq Alı 1911-ci ildə dünyasını dəyişib.
   Natiq deyib ki, Aşıqlar Birliyi tərəfindən 2011-ci il “Aşıq Ələsgər ili” elan olunduğundan bu ilin ilk tədbiri də məhz onun müəlliminə həsr edilib.
   Gecədə tanınmış və gənc aşıqların rəngarəng ifaları maraqla qarşılanıb.