Rusiya televiziyasında Azərbaycan musiqisi
   
   Yəqin ki, yaşlı və orta nəsil nümayəndələri görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun ifasında “Mən bir qıza rast gəldim” (“Ya vstretil devuşku”) mahnısını dəfələrlə eşidib. Bazar axşamları Rusiya televiziyasının 1-ci kanalının (ORT) efirinə çıxan “Bizim illər” (“Kakiye naşi qodı”) verilişinin son buraxılışında həmin mahnının yaranma tarixi səslənib.
   Müəllif və aparıcı, tanınmış jurnalist Leonid Parfyonov verilişin hər buraxılışını keçmişlə bağlı müəyyən əlamətdar hadisələrə həsr edir. Budəfəki buraxılışda 1957-ci ildə baş vermiş hadisələrdən bəhs edilirdi. Həmin il Moskvada Gənclərin və Tələbələrin 6-cı Beynəlxalq Festivalı keçirilmiş, Yerin ilk süni peyki kosmosa buraxılmış, rejissor Mixail Kalatozovun “Durnalar uçur” filmi Kann kinofestivalının baş mükafatını qazanmışdı. Rəşid Behbudovun “Mən bir qıza rast gəldim” mahnısı isə 1957-ci ilin ən populyar mahnısı olmuşdu. Mahnının ilk ifaçısı Azərbaycanın tanınmış müğənni və pianoçusu Rauf Atakişiyev olub.
   Verilişdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu mahnının yaranma tarixi barədə söhbət açıb. Aparıcıların Azərbaycan mahnılarının nədən bu dərəcədə cəlbedici olması barədə sualına cavabında P.Bülbüloğlu bildirib ki, muğam, aşıq yaradıcılığı və müasir ritmlərin sintezi nəticəsində əsl musiqi sənəti nümunələri yaranıb.
   Verilişin sonunda “Eurovision-2010” mahnı müsabiqəsində Rusiyanı təmsil etmiş Pyotr Naliçin ansamblının ifasında “Mən bir qıza rast gəldim” mahnısı səslənib.