Azərbaycan və Cənubi Amerika musiqiçilərinin birgə layihəsi
Müxtəlif festival və layihələrlə dünya mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanın musiqiçiləri və Cənubi Amerikanın “Altiplano” qrupu martın 11-də Heydər Əliyev Sarayında yeni birgə möhtəşəm konsert proqramı - “Salam-Hola” layihəsi ilə bakılı tamaşaçıları sevindirəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşacaq konsertdə Ekvadordan olan “Altiplano” musiqi qrupu ilə Azərbaycan musiqiçilərinin birgə ifa edəcəkləri sintez musiqisi səslənəcək.
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə 2002-ci ildə ərsəyə gələn Latın Amerikası və Azərbaycan musiqiçilərinin birgə fəaliyyəti elə həmin ildə Bakıda baş tutmuş konsertlə başlayıb. Həmin konsertdən sonra “Altiplano” qrupunun ifası Rafiq Babayev adına səsyazma studiyasında lentə alınıb, 2002-2006-cı illərdə həmin studiyada sintez üçün işlənilib hazırlanıb. Bu müddət ərzində Azərbaycanın aparıcı musiqiçilərindən Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Polad Bülbüloğlu, Zabit Nəbizadə, Aygün Bayramova, Nazpəri Dostəliyevə, Lalə Məmmədova, eləcə də instrumental ifaçılardan Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Elşad Abdulrəhimovun ifaları lentə alınıb.
Əldə olunmuş musiqi nömrələri 2007-ci ildə Norveçin “Kirkelis Kultur Verskted” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, həmin il “Transatlantic non-stop” marka adı altında hazırlanmış alboma daxil edilib. 2007-ci ilin aprelində Moskvanın “Dünya albomları” musiqi onluğuna daxil olub.
Sonrakı illərdə Avropa dinləyicilərinin marağını qazanmaqla, albom olaraq satış göstəricilərinə görə özünü doğruldan “Transatlantic non-stop” Azərbaycan musiqisinin dünya dinləyicisinə aydın şəkildə çatdırılması və təbliğində əhəmiyyətli layihə olub.
Hazırda konsert üçün Bakıda hazırlıqlarını davam etdirən “Altiplano” qrupunun tanınmış üzvlərindən Oscar Velasquez, Fernando Villabianca, Mauricio Vicencio, Stalin Gonzales, Azərbaycan musiqiçilərindən Siyavuş Kərimi, Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Kamran Kərimov, Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadə, Bəyimxanım Mirzəyeva, Təyyar Bayramov, Vəfa Orucova, İlkin Əhmədov, Güllü Muradova, Ehtiram Hüseynov və başqaları martın 11-də Heydər Əliyev Sarayında birgə çıxış edəcəklər.